Bakıda “şortikli qız”ın axtarışlarına başlandı: O qızı tapın!

Metroda təhqir olunan qızın intihar etdiyi barədə xəbər doğru deyil.

 Metroda öz geyimi və hərəkətlərinə görə digər sərnişinlərin aqressiyası ilə üzləşən və son günlər sosial şəbəkə istifadəçiləri arasında diskussiyalara səbəb olan qızı Bakı Metropoliteninin polisi axtarır. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Bakı metrosunun qatarında çəkilmiş video yayılıb. Videoda qısa şort geyinən qızın hərəkətlərinin digər sərnişinlər tərəfindən şiddətlə qınandığı görünür. Sərnişinlər qızı təhqir edərək ədəbsizlikdə günahlandırırlar və bildirirlər ki, azərbaycanlı qız bu formada küçəyə çıxmamalıdır. Qız isə özünü müdafiəyə qalxaraq cavab verir ki, “Mən beləyəm! Siz mənə nə edəcəksiz?”

Bu münaqişədən bir müddət sonra naməlum mənbə belə bir informasiya yayıb ki, həmin qız metrodakı münaqişədən sonra intihar edib. Bu informasiyanın şübhə doğurması, onun bir sıra yerli xəbər saytlarında yayılmasına mane olmayıb.

Oxucuları sevindirmək istəyirik ki, həmin qız sağ-salamatdır. Hüquq-mühafizə orqanları son günlər paytaxt ərazisində tapılmış naməlum şəxslərin meyitlərini araşdırarkən onların arasında metrodakı “şortikli qız”a rast gəlməyiblər. Amma problem ondadır ki, həmin qızla paytaxt polisi yaxından maraqlanır.

Metropoliten polisinin rəhbərliyinə yerin altında “şortikli qız”ın iştirakı ilə baş verən xuliqanlıq faktının araşdırılması barədə tapşırıq verilib. Bu tapşırıq isə elə də sadə deyil. Polisə heç münaqişənin nə zaman baş verdiyi tarix belə, məlum deyil, nəinki axtarılası adamın şəxsiyyəti.

Polislər bizim qəhrəmana bənzəyən qızı tapmaq üçün metrodakı bütün müşahidə kameralarının çəkdiyi videoçəkilişlərə dəfələrlə baxmalıdırlar. Münaqişənin digər iştirakçılarının sifəti isə sözügedən videoda görünmür.

Bəs Metropolitendə sözügedən axtarış tədbiri barədə məlumat varmı? Bu sualla müraciət etdiyimiz “Bakı Metropoliteni” QSC-dən Sputnik Azərbaycan-a bildirildi ki, polisdən onlara bu haqda hər hansı məlumat verilməyib.