Danışıqlar dalandan nə vaxt çıxacaq? – Moskva gözləmə mövqeyində

Kreml Paşinyanın hakimiyyətini sarsıtmaq üçün Azərbaycandan istifadə edə bilər – Bakı üçün də fürsət; alman politoloq: “Kiçik bir təxribat Qarabağda müharibənin alovlanmasına gətirə bilər…”

Ermənistanda hakimiyyət çevrilişindın sonra Dağlıq Qarabağ danışıqlarında qeyri-müəyyənlik azalmaq əvəzinə, artıb. Yeni baş nazir Nikol Paşinyanın Qarabağla bağlı populist, reallaşması heç vaxt mümkün olmayan təklif-tələbi onsuz da dalanda olan sülh prosesini bir az da dalana dirəyib. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun İrəvan səfəri də Ermənistanın yeni rəhbərliyini reallıq hissinə qaytara bilməyib.

Üstəlik, həm baş nazir Paşinyanın, həm də prezident Armen Sərkisyanın qısa müddətdə işğal altındakı Dağlıq Qarabağa iki dəfə qanunsuz səfər eləməsi müharibə riskini heç vaxt olmadığı qədər gücləndirib. Münaqişə zonasındakı son durumu əcnəbi təhlilçilər də diqqətlə izləyirlər.

*****

“Qarabağ konflikti ətrafında situasiya həqiqətən də narahatlıq doğurur”. “Yeni Müsavat”ın məlumatına görə, bunu alman politoloq Aleksandr Rar “168 jam” erməni nəşrinə konflikt ətrafında son durumu şərh edərkən deyib. Onun sözlərinə görə, münaqişə zonasında vəziyyət əslində həmişə həyəcan doğurur, ona görə ki, danışıqlar prosesinin mənfi və ya müsbət mərhələlərindən asılı olmayaraq, daima hər iki tərəfdən atəş səsləri eşidilir.

“Hazırkı situasiyanın təhlükəliliyi isə ondadır ki, tərəfləri danışıqlar stolu arxasına oturtmaq mümkün olmur və istənilən təxribat böyük hərbi hərəkətlənməyə çevrilə bilər. Nədən ki, bütün hərbi qüvvələr öz yerindədir”, – deyə o qeyd edib.

Politoloq daha sonra deyib: “Azərbaycanın ümidləri böyükdür və erməni tərəfindən gözlədiyi addımlar məsələsində o, olduqca radikal mövqeyə malikdir. Erməni tərəfinin mövqeyi isə dəyişməz qalır. Fikrimcə, qarşı tərəflə görüşmək üçün hazırlıq var. Ancaq beynəlxalq birlik üçün hələ də tam aydın deyil ki, Ermənistanda nə baş verib. Hələ ki yeni hakimiyyətə qarşı etimad atmosferi bərqərar eləmək mümkün olmayıb. Hesab edirəm ki, ona görə danışıqlar prosesi bütöv ola bilmir”.

Politoloq Moskvada Əliyev-Putin-Paşinyan görüşünün təşkil olunmamasını də səbəb kimi görür: “Peskovun (prezident Putinin mətbuat katibi – red.) belə bir görüş haqda danışmağın həddən artıq tez olduğunu bəyan eləməsinin sətiraltı mənası var. Belə təəssürat yaranır ki, ünsiyyət üçün atmosfer hələ yaranmayıb. Yəni elə bir ab-hava ki, belə bir görüşə imkan versin və danışıqlar prosesi  sərbəst şəraitdə aparılsın”.

Peskov ile ilgili görsel sonucu

Alman analitikə görə, Rusiya prezidenti Vladimir Putin aktiv iş şəraitinə nail olmaq üçün Ermənistanın keçmiş hakimiyyətləri ilə illərlə işləyib. “Yəni müəyyən tanışlıq mərhələsi lazımdır. Fikrimcə, bu, normal praktikadır. Lakin Qarabağ ətrafında mövcud situasiyaya nəzərən, bu, təhlükəli ola bilər və bunu hamı başa düşməlidir. Vəziyyəti elə həddə gətirmək olmaz ki, danışıqları aparmaq artıq gec olsun”, – deyə o, xəbərdarlıq edib.

Ekspertin fikrincə, Minsk Qrupu aktiv səylər göstərib, heç olmasa, xarici işlər nazirləri səviyyəsində görüş təşkil eləməklə təmas xəttində gərginliyi zəiflətməyə nail ola bilər. “Mənə elə gəlir ki, həmsədrlər Məmmədyarovla Mnasakanyanın görüşünü təşkil eləməlidirlər. Ancaq onlar gecikirlər. Ola bilsin burada erməni tərəfinin yeni mövqeyi (separatçı rejimi danışıqlara qoşmaqla bağlı tələb nəzərdə tutulur – red.) də burada neqativ rol oynayır. Bu mövqeyi kənara qoymaq və tərəfləri təmaslara qaytarmaq lazımdır” , – deyə analitik əlavə edib.

*****

Lakin təmaslara qayıdış ilk növbədə Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ məsələsində konstruktiv mövqeyə köklənməsindən keçir. İşğalçı ölkədə isə artıq deyildiyi kimi, qeyri-müəyyənlik hökm sürür.

“Həm Dağlıq Qarabağda, həm də Ermənistanda vəzifədə olan adamlar arasında klan mübarizəsi gedir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a ermənişünas alim Qafar Çaxmaqlı deyib. O bildirib ki, Paşinyanın siyasi rəhbərliyə başlamasından sonra həm Ermənistanda, həm də Dağlıq Qarabağda gərginlik müşahidə olunur: “Paşinyanın Dağlıq Qarabağa tez-tez səfər etməsinin səbəblərindən biri budur. Çünki burada artıq Paşinyn hakimiyyətini qəbul etməyən adamlar var. Eyni zamanda qondarma rejimə rəhbərlik edənlər arasında Paşinyanın qəbul etmədiyi şəxslər mövcuddur. O, həmin şəxsləri hakimiyyətdən uzaqlaşdırıb, öz adamlarını bura yerləşdirmək üçün bölgəyə səfərlərinin sayını artırıb. Bir neçə gün əvvəl Dağlıq Qarabağda da müəyən insidentlər olmuşdu. Baş verən insidentlər də onu göstərirdi ki, həm Ermənistanda, həm də Dağlıq Qarabağda daxili siyasi və ictimai gərginlik hökm sürür. Nikol Paşinyanın hakimiyyətinin müvəqqəti olduğunu söyləyənlər də az deyil. Buna qarşı dirəniş bundan sonra da davam edəcək”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Q.Çaxmaqlıya görə, hələ ki danışıqlar prosesini dirçəltməyə həvəsli olmayan Rusiya Paşinyan hakimiyyətinin müvəqqəti olacağını düşünür: “Çünki Rusiyanın Ermənistanda hakimiyyətdə olmasını istədiyi adam Paşinyan deyil. Rusiya Paşinyanın hakimiyyətini sarsıtmaq üçün Azərbaycandan istifadə edə bilər. Cəbhədə gərginlik yaratmaq və belə bir fikir formalaşdırmaq istəyirlər ki, Azərbaycan bu siyasi xaosdan istifadə edib hər an hücum edə bilər. Paşinyan da bununla bağlı tədbirlər görülməsini önə çıxarır. Ermənistan hakimiyyətində olan şəxslər Qarabağa səfər etməklə qorxmadıqlarını göstərməyə çalışırlar. Burada qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur”.

Q.Çaxmaqlının sözlərinə görə, əgər gərginlik belə davam etsə, bu, lokal savaşa çevrilə bilər: “Yəni Azərbaycan və Ermənistan arasında Azərbaycanın işğal edilmiş ərazisində lokal xarakterli toqquşma ehtimalı var. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə hazırdır. Ermənistanda olan hər cür siyasi qarışıqlıqdan və gərginlikdən öz xeyrimizə yararlanmalıyıq”.

O, bir daha Rusiya gözləmə mövqeyində olmasına diqqət yönəldib: “Rusiya istəmir ki, Ermənistanı öz nəzarətindən buraxsın. Çünki Paşinyan hakimiyyəti Qərbə meylli siyasət ortaya qoyub. Amma Rusiyanın əlində yetərli rıçaqlar var ki, Ermənistanı özünə tabe eləsin və Ermənistana öz siyasətini diktə eləsin”.

Çaxmaqlı onu da vurğulayıb ki, həmsədrlər iki ölkə arasında danışıqların davam etdirilməsində maraqlıdırlar:“Paşinyan hakimiyyətə gələr-gəlməz, bəyanat verdi ki, Dağlıq Qarabağ separatçıları da bu prosesə qoşulsun. Bu mümkün deyil. Çünki orada qanuni hakimiyyət yoxdur. Bu da danışıqlar prosesini uzatmaq üçün Ermənistan hakimiyyətinin növbəti cəhdidir. Ermənistan status-kvonu davam etdirmək istəyir. İllərdir ki, bu prosesi bir bəhanə ilə uzadırlar. Bu məsələnin həlli üçün Ermənistan tərəfindən heç bir normal addım atılmayıb”.

*****

Lakin hazırda unikal bir vəziyyət yaranıb. Məsələ ondadır ki, işğalçı tərəf indi status-kvonu hiyləgərcəsinə Rusiya orbitindən uzaqlaşa biləcəyi ilə bağlı mesajlar fonunda uzatmağa çalışır. Bu isə faktiki, yeni situasiyadır. Özü də Moskvanın maraqlarına cavab verməyən situasiya. Yəni konkret halda status-kvonun uzanması Azərbaycan kimi Rusiyanın da maraqlarına cavab verməyə bilər. Söhbət Ermənistanı, Paşinyan hökumətini cəzalandırmaq üçün Azərbaycana lokal hərbi əməliyyatlar üçün (təxminın 4-5 günlük) “dobro” verməkdən gedir. Moskva da, Bakı da fürsət gözləyir…