Dünyada sərvət, bizdə isə zibil: Onun da qiyməti qalxacaq

Ətraf qəsəbələrdə, məhlələrdə məişət tullantılarının yandırılması hallarına tez-tez rast gəlirik.

Ağzına qədər dolmuş zibil yeşiklərindən yerə səpələnən tullantılar daşınmaq əvəzinə elə insanların gözü qarşısında, dayanacaqda, küçələrdə və ya bazarda yandırılır. Üfunət qoxuyan tullantıların zəhərli tüstüsü ətrafa yayılır. Bu isə istənilən canlı orqanizm üçün təhlükə mənbəyi deməkdir. Dəhşətlisi isə odur ki, bütün bu işləri elə Mənzil İstismar Sahəsinin əməkdaşları edir. Müxtəlif ərazilərdə yerə səpələnmiş və ya qalaqlanmış tullantılar daşınmaq əvəzinə elə oradaca yandırılır. 

Qeyd edək ki, Azərbaycanın paytaxtında tullantıların təkrar emalı ilə “Təmiz Şəhər” ASC məşğul olur. Məlumat üçün bildirək ki, orta hesabla hər Bakı sakini ildə 350 kq məişət tullantısı atır. Bu tullantılar isə təkrar emal edilə bilər ki, bu təcrübə digər ölkələrdə mövcuddur. 

Məişət tullantılarını yandıranlara cəza gəlir?

Məsələ ilə bağlı araşdırmaçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, məişət tullantılarının yandırılmasına qanun icazə vermir: “Bakı şəhərində bərk məişət tullantılarının yığılması ilə məşğul olan həm dövlət, həm də özəl idarələr var. Məişət tullantısı olan hər bir şəxs, obyekt həmin şirkətlərin biri ilə müqavilə bağlamalı və o müqavilə əsasında zibil daşınmalıdır. Dünyada “zibil” anlayışı yoxdur. Tullantı zibil deyil. Müasir dünyada tullantı bir sərvətdir. Tullantı bir xammaldır. Məsələn, həm çirkab kimi axıdılan tullantılar – kanalizasiya suları, həm də məişət tullantıları dünyada artıq sərvət sayılır. Texnologiyanın indiki səviyyədə inkişafı imkan verir ki, tullantısız texnologiyadan istifadə edilsin. Çox təəssüflər olsun ki, hazırda məişət tullantılarını yandıran, qeyri-qanuni poliqonlara daşıyan insanlara, şirkətə ciddi cəza nəzərdə tutulmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin belə bir səlahiyyəti var. Onlar da yalnız qeyri-qanuni iri poliqonları müşahidə edirlər”. 

“Tullantı daşıyan şirkətlərin hamısı özəlləşməlidir”

Ekspert vurğulayıb ki, məişət tullantılarının toplanması, yığılması, daşınması və zəzərsizləşdirilməsi, bir sözlə, tullantıların tam olaraq texnoloji proseslərə cəlb edilməsi hələ ki açıq qalan məsələdir: “Bu sahədə kifayət qədər boşluqlar var. Yəni həm vətəndaşlar, həm də şirkətlər üçün müəyyən cəzalar nəzərdə tutulmalıdır. Hazırda məişət tullantılarının yığılması ilə məşğul olan şirkətlər əhali kateqoriyasından məişət tullantılarının sıxışdırılmasının pulunu yığa bilmirlər. Fikrimcə, o pul həm rəmzi xarakter daşıyır. Adambaşına 30 qəpik, xidməti tam əhatə edə bilməz. Ona görə də bu tariflərə ya yenidən baxılmalı, ya da qiymətlər sərbəst buraxılmalıdır. Tullantı daşıyan şirkətlərin hamısı da özəlləşməlidir. Digər tərəfdən qiymət sərbəstləşsə, sözsüz ki, tullantının 1 kubmetri hardasa 1 manat yarıma daşınacaq.

O zaman bu haqqı kim verəcək? Bunun da dünya təcrübəsi var. Məsələn, elə ölkələr var ki, məişət tullantılarının xidmət haqqını ödəmədiyinə görə vətəndaşın işığı kəsilir. Yəni təsir mexanizmlərindən istifadə olunur və qanuniləşir. Bu mümkündür və əhalini də buna öyrəşdirmək lazımdır. İndi guya 30 qəpiyi vətəndaş verir, qalanını isə büdcə maliyyələşdirir. Son vaxtlar dövlət məişət tullantıları daşıyan şirkətlər deyirlər ki, artıq büdcədən də dotasiya almırlar. Əhali hesabına yığılan pullar Mənzil İstismar Sahələrində itib-batır. Yalnız hazırda Bakının məişət tullantılarının yığışdırılması kommersiya şirkətlərinin verdiyi haqq-hesab sayəsində maliyyələşir. Hesab edirəm ki, bu sahədə özəlləşmə getsə, real qiymətlər olsa və məişət tullantılarının yandırılmasına görə ciddi cəzalar müəyyən olunsa, bu sahədə irəliləyişlərə nail olmaq olar. Bu istiqamətdə çox sayda problemlər var ki, saymaqla bitməz. Amma mən anlamıram ki, hökumət bu problemləri həll etməkdə maraqlı deyil, yoxsa buna nəsə mane olur?”

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, məişət tullantılarının daşınması xidmətlərini Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin yerlərdəki Mənzil İstismar Sahələri həyata keçirir. 

Prezidentin 2007-ci ilin oktyabrın 3-də imzaladığı “Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması haqqında” sərəncamına əsasən, xüsusi təyinatlı kommunal texnikasının alınması üçün dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 25 milyon manat vəsait ayrılıb. Rəsmi məlumatlara görə, bu vəsait hesabına Almaniya, Rusiya və Yaponiyadan ixtisaslaşdırılmış maşınlar alınıb. 2008-ci ilin avqustunda prezident tərəfindən “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncam imzalanıb. Sərəncamın məqsədi Bakıda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsindən ibarətdir.

Tarif Şurasının 4 noyabr 2011-ci il tarixli 5 saylı qərarına əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə əhali qrupu üzrə adambaşına 30 qəpik xidmət haqqı tutulur. 

/Cebhe.info/