Qəssablar ətin bahalaşması anonsunu verdi

Qida Təhlükəsizliyi Agentliyi öz işinə iyulun 1-dən ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf qəsəbələrdə demək olar ki, hər küçədə rast gəldiyimiz ət kəsimi məntəqlərinin ləğv olunacağı deməkdir.

Turkustan.info bildirir ki, Cebhe.info-ya vəziyyətdən narahatlıq keçirən qəssablar şikayət ediblər. Onlar bildiriblər ki, bu hal baş versə qiymətlər kəskin bahalaşacaq.

Qəssablardan biri olan A.İ. bildirib ki, yeni qaydalar onlara uyğun deyil:

“Biz heyvanları ya gedib özümüz gətiririk, ya da ki, sağlam şəkildə onlar gətirilir. Özümüz elə buradaca hamının gözü qarşısında onu kəsib, satırıq. Ancaq bu hal baş versə vəziyyət necə olacaq bilmirik”.

Başqa bir qəssab olan O.M. isə bildirib ki, heyvanların sağlamlıq arayışları üçün pul istənilir:

“Heyvanları gətirdikdən sonra onun sağlamlığı haqqında arayış üçün pul istənilir. Məsələn, 1 dananın qiyməti 100 AZN-dır. Heyvanın öz pulu, onu gətirmək üçün verdiyimiz pul, bundan əlavə də sağlamlığı üçün pul versək necə olacaq? Bu baş versə, qiymətlər kəskin qalxacaq”.

Məsələ ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlamağa çalışdıq və telefonlarımıza cavab verib məlumatı yazılı şəkildə göndərməyimiz bildirildi. İstəyə uyğun olaraq suallarımızı yazılı şəkildə göndərdik və səhəri gün yenə xatırlatdıq. Bütün bunlara baxmayaraq suallarımız yenə də cavabsız qaldı.