ADAU-nun alimləri bu dəfə Ağstafada görüş keçirib

ADAU-nun alimlərinin bölgələrə səfəri davam edir. Bu dəfə təhsil müəssisəsinin alimləri Ağstafa rayonunda olub. Bu cür səfərlərin təşkilində məqsəd Universitetin maddi-texniki bazası, yaradılan şərait, tələbələrin əsil kadr kimi yetişməsinə dövlətin tam dəstəyi barədə məlumat vermək, aqrar sahənin inkişafında təhsil müəssisəsinin üzərinə düşən vəzifələri region əhalisinə izah etməkdir.

Turkustan.info bildirir ki, Ağstafada keçirilən görüşdə kənd təsərrüfatının sürətli və dinamik inkişafından danışılıb, ölkə başçısı İlham Əliyevin bu sahəyə xüsusi önəm verməyi faktlarla iştirakçıların nəzərinə çatdırılıb.

ADAU-nun məsul katibi Telman Musayev təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən, burda olan ixtisaslardan, qəbul qaydalarından danışıb və xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında 500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. T. Musayev onu da deyib ki, aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.

ADAU haqqında nümayiş olunan tanıtım filmindən sonra görüş iştirakçılarının sualları cavablandırılıb.