Politoloq: “Ərdoğan heç kampaniya aparmasa təxminən 30% səs toplamaq imkanındadır”

Türkiyədəki prezident seçkiləri ilə bağlı əsas sual qalibin ilk turda məlum olub-olmayacağıdır.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya qardaş ölkədə seçki öncəsi siyasi vəziyyəti şərh edərkən politoloq Şahin Cəfərli bildirib.

Siyasi-ekspert qeyd edib ki,  prezident Rəcəb Teyyub Ərdoğanın öz reytinqinə görə rəqiblərindən öndə olduğu şübhə doğurmur, əsas məsələ onun toplayacağı səslərin faizidir. Bu barədə birmənalı fikir söyləmək çox çətindir: “Türkiyədəki sosioloji sorğu mərkəzlərinin də bu barədə vahid rəyi yoxdur. Məsələn, iqtidara yaxın mərkəzlər Ərdoğanın ilk turda rahat qazanacağını bildirirlər, hətta onun 55% səs toplayacağını söyləyən sorğu şirkətləri də var. Lakin müstəqil və müxalifətə yaxın sorğu mərkəzləri 2-ci turun qaçılmaz olduğunu bəyan edirlər. Onların sorğularında Ərdoğanın səsi 45-48% göstərilir. Sorğu mərkəzlərinin bir-birindən bu qədər kəskin fərqlənən rəqəmlər ortaya qoyması cəmiyyətdə onlara etimadın tamamilə sarsılmasına səbəb olub. Nə iqtidar tərəfdarları, nə də müxalifət tərəfdarları sorğulara inanır və ən dəqiq rəy sorğusunun 24 iyun gecəsi ortaya çıxacağını söyləyirlər”. 

16 ildir hakimiyyətdə yerini xeyli möhkəmlətmiş hazırkı dövlət başçısı şübhəsiz ki, seçkilərin favoritidir deyən Ş.Cəfərli vurğulayıb ki, 2002-ci ildən bu yana Ədalət və İnkişaf Partiyasına (Ak Parti) səs verən seçicilərin müəyyən hissəsi artıq Ərdoğana sadəcə bir siyasi lider kimi yanaşmırlar, onların alt şüurunda “daxili və xarici düşmənlərlə amansız mübarizəyə girişmiş Rəis” obrazı formalaşıb. Bu düşüncədə olanlar öz liderinə fanatikcəsinə bağlı və ölkədə nə baş verməsindən asılı olmayaraq, rəisə arxa çıxmağı, ona dəstək verməyi özünə borc bilən insanlardır: “Ak Parti seçiciləri arasında bu fanatik “rəisçi” kütlənin neçə faiz təşkil etdiyi dəqiq məlum deyil, 25-30% olduqları təxmin edilir. Bu, Ərdoğanın üstünlüklərindən biridir. Yəni o, heç kampaniya aparmasa və evindən çıxmasa belə, təxminən 30% səs toplamaq imkanındadır.  

Ərdoğan prezident seçildiyi 2014-cü il seçkilərində 51,79% səs toplamışdı. Həmin seçkidə onun əsas rəqibinin Ekmələddin İhsanoğlu kimi siyasətdən uzaq fiqur olması nəzərə alınarsa, bu nəticə elə də parlaq deyil. 2017-ci ilin 16 aprelində keçirilən Konstitusiya referendumunda iqtidarın layihəsinə “Hə” deyənlərin səsi də buna yaxın olub – 51,4%.

Lakin istər 2014-cü ildən sonra, istərsə də ötən ilin referendumundan bəri ölkədə müəyyən dəyişikliklər baş verib. Əvvəla, iqtisadiyyatda böhran meylləri yaranıb, inflyasiya, işsizlik artıb. Digər tərəfdən, indi Ərdoğanın qarşısında Ekmələddin İhsanoğlundan fərqli olaraq güclü müxalifət namizədləri var. Məhərrəm İncə kifayət qədər dinamik seçki kampaniyası apardı və asan rəqib olmadığını göstərdi. Müxalifətin digər namizədi – Meral Akşener isə milliyyətçi-mühafizəkar seçicilərdən müəyyən miqdarda səs ala biləcək siyasətçidir. Bu amilləri nəzərə alaraq seçkinin taleyinin ilk turda həll olunmayacağını söyləmək mümkündür. 

Yəni Ərdoğanın ilk turda qələbəsi də, seçkinin 2-ci tura qalması da sürpriz sayılmayacaq”.