Müxalifətin Ərdoğana qarşı AĞLASIĞMAZ PLANI: Seçkilər ikinci tura qalsa…

Sabah Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası – AKP), Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası – CHP), Səlahəddin Demirtaş (Xalqların Demokrat Partiyası – HDP), Meral Akşener (İYİ Partiyası), Temel Karamollaoğlu (Səadət Partiyası) və Doğur Perinçek (“Vətən” Partiyası) mübarizə aparır.

Turkustan.info xəbər verir ki, yerli ekspertlərə görə, Rəcəb Tayyib Ərdoğan birinci, ya da ikinci turda qələbə qazanacaq, amma AKP parlament üzərində nəzarəti itirə bilər.

“Kafkassam” Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oktay bildirib ki, Ərdoğan 51-52 faiz səs toplayacaq və artıq birinci turda seçiləcək.

“Əgər ikinci turda İncə və o, çıxsa, Ərdoğan təxminən 60 faiz səs toplayaraq qalib gələcək”, – Oktay proqnozlaşdırıb.

Onun sözlərinə görə, ikinci turda CHP-nin Məhərrəm İncənin namizədliyini geri çəkməsi istisna edilmir: “Onda ehtimal ki, üçüncü yer tutacaq Meral Akşenerlə Ərdoğan yarışacaq. İkinci turda İncə ilə müqayisədə Akşenerin şansı daha çox olacaq, çünki sağlar və millətçi seçicilər İncəyə səslərini verməyəcəklər. Buna görə də Akşenerin ikinci turda iştirakı Ərdoğanın şanslarını bir qədər azaldacaq”.

Oktay əlavə edib ki, AKP və Milliyyətçi Hərəkat Partiyasının yer aldığı ittifaqın parlamentdə əksəriyyəti qazanıb-qazanmayacağı ilk növbədə HDP-nin parlamentə keçməsi üçün lazım olan 10 faizlik baryeri keçib-keçməyəcəyindən asılıdır. Ekspert hesab edir ki, HDP parlamentə keçərsə, ittifaq parlament əksəriyyətini itirərək İYİ və Səadət Partiyaları ilə koalisiya danışıqlarını aparmağa məcbur olacaq.

Öz növbəsində Yıldırım Bəyazid (Ankara) Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Salih Yılmaz hesab edir ki, hakim partiya və müxalifət arasında balans HDP-nin əldə etdiyi nəticələrindən asılı olacaq.

Professor həmçinin prezident seçkilərinin nəticələrini proqnozlaşdırıb: “Prezident seçkilərinin ikinci turu olacaqmı, demək çətindir. Əgər olacaqsa, o halda Ərdoğan böyük fərqlə qalib gələcək”.  /Publika.az /