Siz hardan biləsiz Bəyi…

Aqil CAMAL
 
Bu gün çağdaş Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident, Türk dünyasının abidə şəxsiyyəti Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı düşüncələrimi yazacaqdım. Amma son günlərdə “Elçibəy-80” yazı müsabiqəsinin nəticələri ətrafında xoşagəlməz söz-söhbətlər, yubiley düşüncələri əvəzinə, bu qeydləri bildirməyə məni vadar etdi.
Hələ, təşkilat komitəsində müsabiqənin nominantlarına pul mükafatları verilməsi təklif olunanda, orada yoldaşlara dedim ki, Elçibəyə həsr olunan bir müsabiqədə pul mükafatı mahiyyət baxımdan doğru deyil. Və istər-istəməz mübahisə doğuracaq: Ən yaxşısı, Bəylə bağlı hansısa qiymətli xatirə hədiyyəsi hazırlansın, qaliblərə verilsin. Həm də, bu qalıcı olar. Məsələn, Elçibəyin büstü.
Əminəm ki, indi pul mükafatına görə yubiley ovqatına xələl gətirən yazı müəllifləri Elçibəyin büstü üçün bu canfəşanlığı etməyəcəkdilər. Çünki, o adamların evində və ya iş yerində Elçibəyə aid heç nə, bir rəsm belə yoxdur.
Qalib olan və olmayan yazıların əksəriyyətini oxumuşam (Bəzilərini təkrarən).
Bu “iddalı” yazılarda Elçibəyə yanaşmada siyasi lider, ideoloq deyil, “bulaqbaşı” söhbətlərdə (qeybətlərdə) deyilən “sadə, kasıb yaşayan adam, fağır prezident” “tezisləri” əsas xətt kimi keçir. “Hakimiyyəti təslim etdiyi üçün” dolayısı ilə Elçibəydən haqq-hesab sorulur…
Sizlər yazarlıq istedadınızın verdiyi bütün imkanları işə salmısınız. Amma yazdığınızda gerçək Elçibəyi anlatmamısınız, sadəcə Bəy tərifi demisiniz. İndi də davanız odur ki, Bəy tərifi nə üçün qiymətləndirilməyib?
Ağır vəznli gəlsin deyə mücərrəd ibarələrlə zənginləşdirdiyiniz minnətli yazılarınız nə Elçibəyin yubileyinə, nə müsabiqəsinə gərəkdir.
Sizlər Elçibəyə bir müsabiqə predmeti kimi baxmısınız.
Elçibəyə münasibətdə səmimi olmadığınızı elə buradan ələ vermisiniz.
Siz Elçibəyi təqdim edə bilməzsiniz.
Elçibəyi təqdim etmək usta yazarlıq istəməz, könül istər.
Elçibəyçi olmaq istər, Bütövçü olmaq, Turançı olmaq, milli demokrat olmaq istər.
Siz bunlardan heç biri deyilsinizsə, Elçibəylə bağlı necə dolğun yazı yaza bilərsiniz?
Elçibəyi sanki, göylərdən enmiş mifik obraz kimi təqdim edirsiniz.
Elçibəy sizin astrofizikanın bütün terminlərini qullanaraq bəzədiyiniz yazılarınızdakı fövqəlvarlıq deyil. Zəmanəmizin peyğəmbəri də deyil. Gözəlim Ordubadda – Xəlil yurdu yaylağında dünyaya göz açmış bir Azərbaycan-Türk övladıdır. Bizim kimi Tanrı bəndəsi.
Elçibəyin bir insan kimi cazibə qüvvəsinin sirri çox sadədir: O, kəndli və şəhərli insan tipinin ən üstün xüsusiyyətlərini öz şəxsiyyətində bütünləşdirmişdi.
Elçibəy – köy insanının sadəliyini, təbiiliyini, mərdliyini, şəhər insanının müasirliyi, ziyalılığı, kübarlığı ilə çuğlaşdıraraq kamil bir Azərbaycan-Türk kişisinin obrazını özündə ehtiva edən modeldir.
Məhz bu, ÜSTÜNLÜK Elçibəyi fərqləndirirdi.
Elçibəyin başqa bir özəlliyi də vardı. Modern dünyanın bütün gözəl maddi-mədəni örnəklərini, yaşam tərzini öz xalqının fərdlərində görmək istəyən Elçibəy, özü şəxsi həyatında patriarxal şərqli təfəkkürünə xas Türk kişisi mühafizəkarlığını yaşayırdı.
Elçibəy regionda geosiyasi düzəni dəyişdirəcək bir oluşumu – Azərbaycan türklərinin 50 milyonluq bir xalq kimi ortaya çıxması və haqq etdiyi böyük dövlətini qurması ideyasını ilk dəfə irəli sürən, bunun üçün ömrünün sonunadək əməli və nəzəri fəaliyyətdə olan bir Azərbaycan-Türk siyasətçisidir.
Elçibəy bütün şüurlu həyatını Türk etnosunun bütövlüyünə həsr edən, bunun üçün çalışan, bu gün Turan coğrafiyasında Başbuğ olaraq bilinən, sevilən liderdir.
ELÇİBƏY AZƏRBAYCAN VƏ DÜNYA TÜRKLÜYÜNÜN XX ƏSR TARİXİNDƏ ÖNƏ ÇIXMIŞ MİLLİ LİDER, İDEOLOQ, AYDIN, ALİM, DÖVLƏT BAŞÇISIDIR.