Bakıda həm insanları, həm də heyvanları çətin sınaq gözləyir — Sentyabradək

Artıq şəhərin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 14 nəfər müraciət edib.

Sahibsiz insanlar küçələrdən toplanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a bildirib ki, təkcə son günlərdə Zabrat qəsəbəsindəki sosial sığınacağa 3 nəfər yerləşdirilib.

Onlar sözügedən sığınacağa icra hakimiyyəti orqanlarının müraciəti əsasında aparılıblar: “Polisdən, yaxud da tibb müəssisələrindən Nazirliyə bu barədə bildirişin göndərilməsi kifayətdir. Havanın isti, yaxud da soyuq olmasının bu məsələyə heç bir dəxli yoxdur. Bu, bizim borcumuzdur. Əgər sözügedən orqanlardan bizə faktı təsdiq edən sənədlər daxil olsa, biz vətəndaşlarımızın qayğısına qalmağa hazırıq”.

F.Talıbovun sözlərinə görə, 2018-ci ilin əvvəlindən sosial sığınacaqda məskunlaşmış 66 nəfərdən 17-si reabilitasiya prosesinə cəlb olunub: “Onlar yetkinlik yaşına çatmayanlardır. Sığınacaqda reabilitasiya prosesinə cəlb edilən digər 31 nəfər isə 18 yaşdan yuxarıdır”.

Heyvanlar bu havada əsl imtahan verir

Heyvanların qızmar yayda sağ qalması üçün Bakı zooparkının sakinlərinə kömək gəlib. Zooparkın direktoru Azər Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, heyvanların suya dalması və doyunca su içə bilməsi üçün xüsusi gölməçələr yaradılıb.

“Belə kiçik hovuzlar ayıların, pələnglərin, quşların, timsahların və digər heyvanların qəfəslərində var. Hər gün oradakı içməli su dəyişdirilir. Ora daha çox sərin su tökməyə çalışırıq. Heç bir halda isti su tökmürük. Allaha şükür ki, hələlik hər şey normaldır” — deyə Hüseynov bildirib.

Direktorun sözlərinə görə, bu havada zooparkda yaşamaq hamıdan çox pələnglərə çətindir. Amma hələlik onlar yüksək temperatura dözümlü yanaşırlar. Bununla belə, yırtıcı və otyeyən heyvanlar bitki tərkibli qidalarla daha çox təchiz edilir. Zooparkın bütün sakinlərinə meyvə və tərəvəz verilir.

Hüseynov qeyd edib ki, onların 2 hektar ərazisində yeni zooparkın tikintisinə başlanılıb: “Həmin zooparkda qış və yay dövrü üçün hər cür şərait yaradılacaq. Bu gün Bakı zooparkında 150 növ və mindən artıq yırtıcı, otyeyən heyvan, quşlar, balıqlar və digər canlılar var”.

Zooparkdakı heyvanlara qulluq göstərilsə də, küçədəki sahibsiz it və pişiklər üçün 40 dərəcə istidə keçinmək çox çətindir. Çünki bizim şəhərdə içində heyvanlar üçün yemək və su olan qablara nadir hallarda rast gəlmək mümkündür. Buna görə də heyvanlar adətən kölgədə gizlənərək axşamın düşməsini gözləyir.

Cəhənnəm istisi planları dəyişməyi tələb edir

Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xüsusi rejimə keçdiyini bəyan edib. Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Eyni zamanda, hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorlarla təmin edilir.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Proqnozlar xoşagələn deyil

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, artıq iyunun 29-dan başlayaraq Bakıda termometrlər 39 dərəcə istini göstərəcək. Regionlarda maksimal temperatur 42 dərəcəyə çatacaq. Qısamüddətli proqnoza görə, yaxın günlərdə anomal istilər olacaq və iyulun 2-dək havanın temperaturunun 43 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bu, hələ hamısı deyil. Azərbaycanda maksimal istilər iyulun ortalarından başlayacaq və avqustda da davam edəcək.

Yayın gəlişi ilə əlaqədar olaraq Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı artıq 14 nəfər müraciət edib. Tibb işçiləri əmindirlər ki, bu hal yalnız sentyabr ayında yekunlaşacaq.

Xilas yalnız sudadır

Günəşdən hər kəs öz bildiyi kimi qorunur. Şəhərdə bir çox adam evlərini və ofisləri saat 11-dən 17-dək tərk etməməyə çalışır. Əgər adam günəşin altında çox qalmalı olubsa, çoxlu sərin su içməli və başını örtməlidir. Əks təqdirdə yardım üçün həkimə müraciət etmək lazım gələcək.

Suyu istənilən köşkdən almaq olar. Lakin pulsuz suyu şəhərdə tapmaq mümkün deyil. İçməli suyu olan kranlar Bakıda yalnız dənizkənarı parkın ərazisində, “İçərişəhər” metrostansiyasının yanında və cəmi bir neçə digər yerdədir. Bu isə meqapolis üçün kifayət deyil. Çünki adam istənilən vaxt pulsuz qala bilər. Lakin su hər kəs üçün vacibdir.

Ciddi xəbərdarlıq

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə xatırladıb ki, havanın temperaturu 41 dərəcəni aşanda onlar işçilərinin rifahına və sağlamlığına diqqət yetirməlidirlər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

İşçilərə verilən fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.