Ermənistan ordusunda Paşinyanın çağırışına məhəl qoymurlar

Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışına orduda məhəl qoymurlar. 

Erməni KİV-i xəbər verir ki, Armen Karapetyan adlı valideyn işğal altında olan Qarabağdakı hərbi hissələrdən birində qulluq edən yaxın qohumu ilə danışarkən onların heç bir gigiyena ləvazimatları ilə təmin edilmədiyini müəyyən edib. 

Karapetyan əlavə edib ki, Qarabağda cəbhə xəttindəki bölmələrdən birində qulluq edən, yaxın qohumu olan əsgərə ümumiyyətlə corab, şalvar, qolsuz köynək verilmir. 

Hərbi geyim isə 6 aydan bir nəzərdə tutulduğu halda 8 ayda bir dəfə verilir. Bütün bunlara görə, erməni əsgər valideynləri yenə də hərbi xidmətdə olan övladlarına hərbi geyim, gigiyena ləvazimatları alıb göndərməyə davam edirlər. 

Məsələ ilə bağlı Ermənistanın bölgədəki qanunsuz “komandanlığı” cavab verməyib. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu vəzifəyə seçildiyi ilk günlərdə ordu qarşısında qoyduğu əsas tapşırıqlardan biri əsgər valideynlərinin övladlarına hərbi geyim, ayaqqabı və bu kimi digər vasitələr, o cümlədən fərdi gigiyena ləvazimatları göndərməsinin qarşısını almaq, əsgərlərin bütün təminat növləri ilə tam təmin edilməsini təşkil etmək olub.   (ordu.az)