Paşinyanın Qarabağ təxribatına qarşı… – Millət vəkili

Azərbaycan Ordusu irəlidə düşmənə qarşı psixoloji və hərbi təzyiqlərini daha da artıracaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Azərbaycan Ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.

“Azərbaycan özünü Dağlıq Qarabağ ətrafında hər an baş verəcək istənilən dəyişikliyə hazır vəziyyətdə saxlayır. Təbii ki, bu fonda Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlər işğalçını daim qorxu içərisində saxlayaraq təxribatlardan çəkindirir. Bu təlimlər dolayısı yolla ermənilərə psixoloji və hərbi təzyiq xarakteri daşıyır və irəlidə bu siyasətin mühüm nəticəsi olacaq. Hər halda Ermənistan hakimiyyətində olan şəxslərin kifayət qədər avatürist olduqlarını nəzərə alsaq, Paşinyan və komandasının hər cür addıma gedə biləcəyini istisna etmək olmaz. Ona görə də Azərbaycan düşməni yerinə oturtmaq üçün hazır vəziyyətdə olmalıdır”, – deputat bildirib.

Qeyd edək ki, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Təlimlərə 20 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.