Bu istilərdə kondisionersiz sağ qalmağın 7 yolu – İŞİNİZƏ YARIYACAQ MƏSLƏHƏTLƏR

Dünən Bakıda və Abşeron yarımadasında son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, 43-44 dərəcə isti olub. Nazirlik isə bu gün sabahdan havaların bir az da istiləşəcəyini proqnozlaşdırır. 
İnsanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə necə mübarizə aparacağını düşünür. Çoxu kondinsineri çıxış yolu kimi görür. Amma kondinsioner də hər yerdə yoxdur. 
Bəs kondisionersiz yerlərdə istilərlə necə baş etməli?
Turkustan.info Medicina.az-a istinadən bu istilərlə baş etməyin 7 yolunu açıqlayır:
1.Evi qaranlıq saxla
Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə “parnik  effekti” yaradır. Əgər bunun qarşısını alsanız, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.
2.Evi gecədən soyudun
Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysalar, ev kifayət qədər nəfəs alacaq. 
3.Gen, boş, açıq rəngli geyimlər seçin
İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək  material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yəni top, mayka, üstdən köynək artıqlıq edir. Əgər evdə təksinizsə, alt paltarı ilə gəzin. Niyə də yox? Yayda dəri nəfəs almalıdır.
4.Hindular və ərəblər kimi edin
Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiniz.
5.Fironların sirri
Bilirsinizmi, isti, bürkülü Misir gecələrində kondinsioneri olmayan fironlar və saray əhli necə yatırdı? Mələfəni soyuq suda isladıb, bərk sıxıb, ona bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edirdi. Əgər yaş mələfə istəmirsinizsə, onda islaq corablar geyinin.
6.İşıqları, texnikanı söndürün
Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir.
7.İsti şorba, çay və qəhvə olmaz
Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysanız, yolboyu maşın sərin olacaq.