Rusiya millisinin uğurunun sirri – Oyunçulara çip qoyulub

İspaniyanı ruslara işləyən ispan uduzdurub; Rusiya komandası “fizika” deyilən məşqlərlə irəli gedir…

Rusiyanın 1\8 finalda İspaniyanı mübarizədən kənarlaşdırması gözlənilən idi. İspaniya bu mundiala hazırlıqsız gəlmişdi, artıq köhnəlmiş, həm də futbolun həyəcanını öldürən paslaşma ilə bundan uzağa getmək olmazdı. İspanların məğlub ola biləcəyini proqnozlaşdırmışdım və nə yaxşı İspaniya da üzüsulu getdi…

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov oyundan dərhal sonra maraqlı bir açıqlama verdi. Məzmunu bu idi ki, bizim taktikamız fərqli idi. İspanların isə yenə topa nəzarət edəcəyi məlum idi  və biz ancaq “top sizə nuş  olsun” deyə bilərdik. Çerçesov bu ironiyada tam haqlıdır, İspaniya ən yaxşı bacardığını göstərdi, sanki məşqdəki kimi elə hey paslaşdılar, canımızı sıxdılar. Rusları isə bu taktika ilə yormaq mümkün olmadı. 120 dəqiqə dayandılar. Səbəbi? İnanmazsız, ispaniyalıdır. Hansı ispaniyalı soruşsanız? Rusiya millisinin fiziki (məşqçilər buna “fizik” deyirlər)  hazırlığından görəvli Paulino Qranero… 

Onun adı İspaniya millisinin oyunçuları kimi məşhur deyil. Amma o, hazırda 1\4 hazırlaşan Rusiya millisini daha bir rus həmkarı ilə bu cür vəziyyətə gətirib. Rusiyanın oyunlarına əvvəl də baxmışıq, komanda ikinci hissənin əvvəlindən yoruludur. Amma bu mundialda taktika baxımından yenə geri qalan, fiziki hazırlığı isə qabarıq görünən bir Rusiya millisi var. Xatırlayan varsa, Uruqvayla oyun ərəfəsi belə yazmışdım: “Rusiya millisində təkcə ”dumanlı rus başı” işləmir”.

Rusiya İspaniyanı  “ələyəndən” sonra Rusiya millisi haqda yazmamaq fürsəti əldən vermək olardı. Məncə, bu, Rusiya millisinə azarkeşlik edənlər, bu komandanı bəyənməyənlər  üçün də maraqlı olacaq…      

***

Rusiya mətbuatı Səudiyyə Ərəbistanı oyunundan sonra belə bir statistika yazmışdı. Milli komanda oyunda ümumi olaraq 114 kilometr məsafə qət edib. Misirlə oyunda isə 115 km. Ruslar o vaxt iddia edirdi ki, mundialda ən yaxşı göstəricidir. İkinci sırada isə Serbiya millisidir-116 km. Müasir məşqçilər son 7-8 ildə oyunçunun meydanda nə qədər məsafə qaçmasının futbola aidiyyəti olmadığını deyirlər. Onlar hər bir oyunçunun sürəti, dayanması və cinahları dəyişməsinə diqqət edirlər. Ancaq qaçma məsafəsi istənilən halda diqqətdədir və bu mundialda da oyundan sonra o statistikanı da ekranda göstərirlər. 

İki “fizik”- biri rus, biri ispan…

Rusiya millisinin fiziki hazırlığına iki məşqçi görəvlidir. Yerli mütəxəssis Vladimir Panikov və ispaniyalı Paulino Qranero. Sonuncunu ÇSKA Rusiyaya bir neçə il əvvəl dəvət edib və həm də orada görəvlidir. Formal olaraq Panikov milli komanda da rəhbər, ispaniyalı isə onun köməkçisidir.

Panikov bir neçə il əvvəl Almaniyada təkmilləşmə kursunda olub. Fiziki hazırlıqla bağlı Avropa klublarındakı təcrübəni öyrənib. Avropadan qayıdanda dükan-bazardan aldıqları ilə deyil, fiziki hazırlıqla bağlı kitablar gətirib. Panikov deyir ki, milli komandada Qraneronun onun köməkçisi adlandırılması formal prosedurdu, sadəcə, gördükləri işə görə onlar bir-birini tamamlayırlar.

Idman (1).jpg (36 KB)

Panikov Rusiya milli komandasının baş məşqçisi Çerçesovla uzun müddətdir işləyir. Rusiya mətbuatı çəkinmədən onu “Çerçesovun adamı” adlandırır ki, bu da təsadüfi deyil. Onlar Çerçesovun “Jemçujina” klubuna rəhbərlik edəndən bir yerdə işləyirlər. Çerçesov  Polşanın “Legiya” klubunda baş məşqçi olanda da Panikovu özü ilə Polşaya aparmışdı.

Panikov ötən il “Avro2016″da iştirak edən komandaların fiziki hazırlıq göstəricilərini təhlil edib. Bir sanballı elmi iş kimi… Onun Rusiya Futbol Federasiyası üçün hazırladığı sənəd federasiyanın saytına yerləşdirilib. Panikovun təhlilindən gəlinən nəticə bu olub ki, böyük turnirlərə hazırlaşan komanda müdafiədə də, hücumçuda da maksimal gücdə oynamalıdir. Komanda böyük çempionatdakı oyunlarda gücünü bərabər səviyyədə sərf etməlidir. Yəni bir oyunda özünü ”öldürüb”, o biri oyunda yox olmamalıdır.

Panikov dünya çempionatından bir neçə ay əvvəl Rusiyanın qrupdakı ilk rəqibi Səudiyyə Ərəbistanı komandasının oyunçularını  təhlil edərək o nəticəyə gəlir ki, ərəblər ruslardan fiziki cəhətdən güclüdür. Panikov deyib ki, rus futbolçusunda əsas problem əzələnin zəif olmasıdır. Panukov təklif edib ki, millinin oyunçuları klublarında əzələlərini möhkəmlətmək, “ətləndirmək” işini görsünlər. Ruslar beləcə mundiala hazırlığa başlayıblar.

Idman (5).jpg (96 KB)

Məşqçi özü deyir ki, oyunçulara qidalanmada xüsusi qadağaların tərəfdar deyil, bu işdə hər bir futbolçuya  fərdi yanaşmaq lazımdır. “Bir müddət əvvəl komandaya diyeta tətbiqi ona gətirib çıxartdı ki, oyunçular məşqdən sonra yaxınlıqdakı McDonaldsı işğal edirdilər” deyə, Panikov xatırlayır.

Panikov futbolçuların kross qaçışlarını da o qədər faydalı hesab etməyərək, millinin məşq planından çıxardıb.  Onun fikrincə, futbolçu buna sərf etdiyi enerjinin  əvəzində meydanda topla vacib vərdişləri mənimsəməlidir.

Sirli ispan

İspan mütəxəssis Paulino Qranero 2010-cu ildən ÇSKA-dadır. Buna qədər o, İspaniyanın “Betis” və Səudiyyə Ərəbistanın “Əl İttihayə” klubunda “fizik” işləyib. Fabio Kapello Rusiya millisinə rəhbərlik edəndən o da  komandaya cəlb edilib. Çerçesov millinin sükanı arxasına keçəndə Qraneronun komandadan gedəcəyini də deyirdilər.  Amma o, Çerçesovla anlaşdı.

Qranero Rusiya millisində fanatı olduğu nanotexnologiyanın tətbiqinə başlayır. O, oyunçuların gödəkcəsinə (bunu ilk dəfə ÇSKA-da tətbiq edib)    akselerometr adlanan çip-datçiklər yerləşdiməyi təklif edib. “Necə yanı datçik?” ruslar təəccübləniblər.

Bu çiplər məşqçi heyəti komandanın hər bir üzvünün məşqlərdə gördüyü iş əmsalını, sərf etdiyi enerjiyə nəzarətə imkan verir. Rusiyada əvvəl ona gülüblər, o isə bu texnologiyanın qəbulunda israr edib. İndi Rusiyanın əksər klubları bu akselerometri tətbiq edirlər.

Akselerometr haqda onun “İzvestiya”ya dediklərinə diqqət edək: “Akselerometr kompleks bir cihazdır. Bu cihaz futbolçunun məşq zamanı qət etdiyi məsafədən tutmuş çoxsaylı göstəricilərini əldə etməyə imkan verir. Məsələn, futbolçu məşqdə nə qədər hərəkət edib, hərəkəti edəndə hansı sürətdə olub və sair… Bizim üçün futbolçunun o hərəkətləri edərkən ürək ritminin vəziyyəti də çox vacibdir. Hər məşqdən sonra biz diqqətlə hər bir futbolçunun nəticələrinin təhlil edirik”.

Idman (4).jpg (110 KB)

Milli komandanın çempionata fiziki cəhətdən nə qədər hazır olması barədə suala Qranero bir müddət əvvəl  “100 faiz” deyə cavab verib.  Komanda 1\8 mərhələyə keçəndən sonra Qranero daha ürəkli danışıb. “Komanda fiziki cəhətdən ”pley-off”a tam hazırdır. Biz individual olaraq Rusiya çempionatında ən yaxşlılarını komandaya cəlb etdik və onlarla işlədik”.

Qranero  deyib ki, komandada hər bir oyunçunun hansı fizik göstəriciyə malik olduğunu, nə zaman yorula biləcəyini daha yaxşı bilirlər, üstəlik bir sıra enerjili gənc oyunçular  hələ meydana buraxılmayıb..            

Məşqçi deyib ki, “pley-off” arası fasilələr oyunçuların fiziki cəhətdən bərpa olunmasına kömək edir.

Rusiya indi Xorvatiya ilə 1\4 oyuna hazırlaşır. Qarşıdakı günlərdə bu haqda yazacağıq…

/Yeni Müsavat/