Astana – Türk dünyasının və xeyir işlərin astanası

Aida Eyvazlı

 …Bu gün 20 yaşı tamam olur.  Bəzəyi-düzəyi, gözəliyi göz oxşayır. Görənləri heyran qoyur. Bu kiçik yaşıyla Meqapolisin ən gözəl şəhərinə çevrilib. 1996-cı ilə qədər hələ Akmola kimi tanınan, 1999-cu ildə UNESKO-nun “Sülh şəhəri” adlandırılan Astana…
1998-ci ildə şəhər statusu alarkən, bu tarixi qeyd etməyə gələnlər arasında Azərbaycan ovaxtkı prezidenti Heydər Əliyev də var idi. Dünya lderlərinin, Türk dünyasının, Qazaxıstanın dostlarının möhtəşəm tədbirdə söylədiyi arzular arasında Heydər Əliyevin dedikləri tarixə yazıldı. O yüksək tribunadan Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev çıxışını belə bitirmişdi: “Mən istəyirəm ki, Astana Türk dünyasının və xeyir işlərin astanası olsun”.

Müstəqilliyini qazanandan sonra ölkənin sərhədlərinin daha da möhkəmlənməsi, sənayesinin inkişafı üçün Qazax xalqının lideri Nursultan Nazarbayev paytaxtın Almatıdan qədim Akmola şəhərnə köçürülməsi barədə qərar verdi. Sürgünlərin, dekabristlərin yaşadığı şəhər adını dəyişib, Astana oldu.

Ərazisi 722 kvadrat kilometr olan  Astana şəhərinin  qışı kəskin kontinental, yayı isə bəzən çox isti olur. Asiya qitəsinin bu  şimal şəhərində demək olar ki, 6 ayında qış mövsümü hökm sürür. Şəhəri iki hissəyə – sağ və sol sahilə bölən Yesil çayı həm də Astananın su təchizatını təmin edir. 1998-ci ildə təməli qoyulanda bu səhra şəhərində tək-tək ağaclar gözə dəyirdi. Şəhər ətrafı isə seyrək ağcaqayın və qovaq meşələri ilə əhatə olunmuşdu. Bugünkü yaradılan yaşıl oazis şəhəri yayda və yazda yaşıllıqlar məskəninə çevirir.

Astanaya qış vaxtı gedərkən unutmayın ki, bu şəhərdə 50 dərəcəyədək şaxtalı havaya da düşə bilərsiniz. Uzun aylar davam edən qış fəslində bəzən gecə-gündüz dayanmadan asta-asta və ya tufanla yağan qar insanların  məişətində və həyatında heç bir problem yaratmır. Mənzillər və iş yerləri havanın temperaturuna uyğun tənzimlənən  istiliklə təmin olunur. Yağan qarı isə küçələrdəki texniki vasitələr və bu sahədə çalışan insanlar toplayaraq, rahat gediş-gəlişə şərait yaradırlar.

Hər gün, hər ay dəyişən Meqapolisin – gənc şəhərin  baş memarı yaponiyalı Kişo Kurakava və britaniyalı Norman Fosterdir.  Çoxları bilmir ki,  Astananın  baş planı hazırlananda Kişo Kurokava Şərq fəlsəfəsindən faydalanıb. Bir növ Göyün Yer ilə olan harmoniyasının və təsirinin gücündən hər zaman müsbət  enerji alınması üçün təqribən 2 kolometr uzunluğunda olan yolun bir başında prezident iqamətgahı Ak Ordanın, digər başında isə dünyada yeganə nəhəng çadır olan “Xan şatır” kompleksinin tikilməsini məqsədəuyğun bilib. Fəlsəfə dilində şəhərin belə yerləşməsi simbotik adlanır. Bəlkə də elə bu fəlsəfi hesablamaya görə də bu gün Astana şəhərinə düşən hər kəs özünü rahat hiss edir. Yerli sakinlər  2 kilometrlik bu ərazidəki yayda yaşıl, qışda  qarlı xiyabanda gəzərkən həqiqətən də insanı rahatlandıran bir qüvvə olduğuna inanırlar.

Astanaya qış vaxtı səyahət etməyin başqa gözəlliyi var. Şaxtalı qış bu şimal şəhərinə xüsusi yaraşıq gətirir. Ağappaq şəhər ağ paltarlı gözəl gəlini xatırladır. Qışda Astanada və şəhər ətrafı  istirahət mərkəzlərində  turistlərin dincəlməsi üçün hər cür şərait yaradılıb. Ondan arxayın olun  ki, uzun aylar davam edən qış fəslində bəzən gecə-gündüz dayanmadan yağan qar insanların  məişətində və həyatında heç bir problem yaratmır.Mənzillər və iş yerləri daimi olaraq havanın temperaturuna uyğun tənzimlənən istiliklə təmin olunur. Yağan qarı isə küçələrdəki  texniki vasitələr və bu sahədə çalışan insanlar gecə və gündüz  toplayaraq,  rahat gediş-gəliş üçün şərait yaradırlar.

Astananın qışı bir də ona görə gözəl olur ki, şəhərdə fəaliyyət göstərən əksər istirahət mərkəzlərinin qarşısında  buz meydançası var. Məharətli ustalar tərəfindən  buzdan düzəldilmiş nağıl  qəhrəmanları, kompleksləri və  oyuncaq meydançaları əhval-ruhiyyənizi yüksəldəcəksə, burada şəkdirdiyiniz şəkillər albomunuzun ən maraqlı fotolarına çevriləcək.

“Duman” adlı  əyləncə kompleksinə gələnlər  burada  3 milyon su tutumu, içərisində 2 mindən artıq dəniz canlılarını saxlayan Okeanariumla tanış olacaqlar. Bu dəniz canlılarını saxlamaq üçün  ildə 120 ton dəniz duzundan istifadə olunur. Okean, dəniz bitkiləri və canlıları ilə zəngin olan Okeanarium okeandan  3000 kilometr uzaqlıqda olan yeganə kompleks kimi Ginnesin rekordlar kitabına düşüb.

Və şəhərin gözəl komplekslərindən danışarkən mütləq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin  təşəbbüsü ilə tikilən  “Bayterek”in də adını çəkmək lazımdır. 97 metr hündürlüyü olan “Bayterek” kompleksi şəhərin 1997-ci ildə paytaxt statusu almasını simvolizə edir. Bu kompleks  həm də  yeni pöhrə vermiş ağacı, dövlətçiliyi və  dərin tarixi kökləri ehtiva edir. Kompleksin üstündəki yumurtaya bənzər fiqur yurdçuluğun, köçəriliyin, ətrafındakı göyə uzanan çıxıntılar tac formasında olmaqla, əbədiliyin nişanəsidir.

Şəhərin sol sahilində piramida formasında tikilən Sülh və Həmrəylik sarayı,  “Həzrət Sultan” məscidi, “Qazax elı” müasir mədəniyyət və tarix muzeyi, 88 mərtəbəli “Abu-Dabi Plaza” göydələni Astanaya ilk dəfə gələnləri mütləq valeh edəcək.

Şəhərdə müxtəlif alış-veriş mərkəzləri, qazax milli-adət ənənələrini yaşadan 10-dan artıq bazar varr. Bütün bunlar hələlik 800 min nəfərdən artıq əhalinin xidmətindədir.

Qazaxların qonağı olanlar mütləq at ətindən hazırlanan yeməkləri dadmalıdırlar. Əsasən köçərilik həyatının əlamətlərini bu günə qədər  özündə saxlayan qazaxların mətbəxini “Beşbarmaq”sız təsəvvür etmək mümkün deyil. Bizim xəngəl üçün yaydığımız yuxaları onlar dörd  və ya iki hissəyə bölüb içərisində  at əti qaynayan iri qazanlara tökürlər. Üstünə isə iri doğranmış soğan  əlavə edirlər. Daha sonra sudan çıxarılan  “Beşbarmak xəngəli iri ət parçaları ilə süfrəyə verilir. Çayı isə südlə qarışdırıb içirlər.

Qurmanlar Astana şəhərində ən müxtəlif  xaqların restoranlarında yeyib-içə bilərlər. Ən yaxşı kababı isə ilk dəfə Astanada azərbaycanlılar dəb salıb. Bir zamanlar kababın ancaq  mal və donuzun yumşaq ətlərindən çəkilməsinə adət edən, sümüklü kababdan çəkilən kababı isə özlərinə təhqir bilən müasir qazaxlar və digər xalqların nümayəndələri, indi daha çox quzu və qoyunun sümüklü ətindən olan kabablara üstünlük verirlər.

Ölkədə fəaliyyət göstərən Qazaxıstan  Xalqlar Assambleyasında 130-a qədər müllətin və xalqın nümayəndəsi təmsil olunur.  Onların hər birinin etno mədəni  cəmiyyəti var. Bizim azərbaycanlılar isə ölkə boyu 23 etno mədəni cəmiyyətdə birləşiblər.  Bu günə qədər də bir ailə kimi meribanlıq şəraitində yaşayırlar.  Ölkə başçısının təsis etdiyi  1 may Xalq Assambleyası günüdə ən çox insan axını Azərbaycan çadırına olur.  Milli mətbəximiz və  zövqlü musiqimiz  həmişə olduğu kimi hər kəsi heyran qoyur. 

Astana sülh çağırışı ilə  ən böyük simpoziumlara, konfranslara rəhbərlik edir. Astana dünyanın hər yerindən insanlara qapısını açıb, Sülh, stabillik və iqtisadi inkişaf şəraitində necə dolanmağın, necə çiçəklənməyin mümkünlüyünün modelini göstərə bildi.

Ötən il EXPO-2017 sərgisində modul tipli şəhərlərə keçiddən bəhs etdiyi sərgilərlə dünyanı heyran qoydu. Astananı yaradan, türk dünyasının lideri, ağsaqqalı Nursultan Nazarbayev modernləşmək haqqında qanunlar imzalayaraq, “Gələcəyə baxış: ictimai fikrin modernləşməsi”,  Qazaxıstanın “Mədəni irsi”: onun inkişaf dövrləri və əhəmiyyəti” adlı proqramları ilə milli kimliyin, tarixi keçmişin bir dövlətin yaşaması üçün nə qədər dəyərli olduğunu göstərdi. Həmin proqramlarda ölkədə yaşayan azsaylı xalqların şəraiti, güzəranı ön plana çəkildi. Həmin proqramlarda mənəvi dəyərlərin qorunub saxlanması üçün ölkənin gələcəkdə görəcəyi işlərdən danışılıq. Həmin proqramlarda məlum olur ki, Astana həm də dünyanın  “Ağıllı şəhərləri” sırasında yer almağa iddialıdır.

Təsadüfi deyil ki, Nursultan Nazarbayevin  dünya durduqca yaşayacaq övladı – Astana şəhəri öz 20 illik gənclik yaşını ELBAŞInın doğum günündə 6 iyulda qeyd edir. Bu gün Nursultan Nazarbayevin də 78 yaşı tamam olur. Nursultan Nazarbayev bu müdriklik yaşında, ömrünün bu gözəl çağında, həm də dünyada öz adı, əməlləri ilə tanınan bir türk oğludur! Nursultan Nazarbayev Avrasiya regionunda ən gözəl bir şəhər yaratdı. Nə qədər ki, dünyanın düzəni pozulmayıb, nə qədər ki Yer üzündə həyat var, ümummilli lider Heydər Əliyevin arzuladığı kimi, Astana Türk dünyasının və xeyir işlərin astanası olacaq!

Əziz qardaşlarımız, dostlarımız, Qazaxıstanı özünə ikinci Vətən hesab edən soydaşlarımız! Astana gününüz kutlı bolsın, meyramınız kutlı bolsın!!!