Beynəlxalq Türk Akademiyasının nümayəndələri Aşıq Şəmşir Muzeyində olublar – FOTOLAR

Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının katibliyinin rəhbəri Asqat Keşikbay və qurumun əməkdaşı Füzuli Məcildi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində olublar.

Turkustan.info xəbər verir ki, görüşdə İB-in sədr müavini Həbib Misirov XX əsr Azərbaycan aşıq sənətinin ustadı, Türk dünyasının klassik aşığı Dədə Şəmşirin həyat yolu, yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə 125 illik yubileyi keçirilən Aşıq Şəmşirin irsinin təbliği işə bağlı silsilə tədbirlər keçirilir.

H.Misirov həmçinin, Aşıq Şəmşir Mədəniyyət Ocağının milli, mənəvi dəyərlərin qorunması üçün həyata keçirdiyi layihələrdən danışıb. Geniş məlumat üçün təşəkkür edən qonaqlar İB ilə əməkdaşlıq imkanları, birgə tədbirlərin keçirilməsi haqda fikirlərini bölüşüblər.

Sonra qonaqlar Ocağın nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyi ilə tanış olublar. Muzeydə Aşıq Şəmşir yaradıcılığı, eyni zamanda, qədim aşıq sənəti, Azərbaycan dövlətinin bu sahəyə qayğısını əks etdirən eksponatları maraqla izləyiblər.

Görüşdə “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İB-nin sədri Aqil Camal və tanınmız jurnalist Aida Eyvazlı da iştirak edib.