“Bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək” – Müşavirədə İlham Əliyevdən ciddi MESAJLAR

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Turkustan.info Azərtaca-a istinadla xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

-Bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq.

Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.

Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.

Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.

Seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.

Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir.

Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.

Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək.

Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.

Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə də bizim siyasətimizə dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirvə görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir.

Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz.

Onu da qeyd etməliyəm ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, – guya onların ordusu güclü ordudur, – darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış anti-milli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, – əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, – erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq.

Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir.

Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi – bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda anti-milli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt etmişdir. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər.

Azərbaycan isə ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik – həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır.

Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik.

Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.

Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.

Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.

Bir sözlə, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacağıq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir.

Bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş vermişdir. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var.

Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə – TAP qrafik üzrə icra edilir.

Bunlar bu ilin altı ayında əldə edilmiş əsas nailiyyətlərdir.