İncirlik Rusiyaya verilə bilərmi? – Açıqlama

Son 2 ildə tük siyasətçiləri, hətta Ərdoğanın özü tərəfindən də İncirlik hərbi bazasının ABŞ-dan alına biləcəyi ilə bağlı mesajlar səsləndirilib.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovskinin İncirlik aviabazasının NATO-dan alınıb Rusiyaya verilə biləcəyi ilə bağlı açıqlamasını şərh edən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bunlar daha çox siyasi bəyanatlardır:

“Nəzəri baxımdan hər şey mümkündür. Bunun həyata keçirilməsi isə çox çətindir. Ona görə yox ki, Türkiyə bunu etmək iqtidarında deyil. Sadəcə, bu prosesin nəticələrinin Türkiyəyə xeyir, yoxsa ziyan verəcəyi böyük sual altındadır. Türkiyə NATO-nun üzvüdür və indiyə qədər türk liderləri NATO-dan çıxmaqla bağlı bəyanatlar səsləndirməyib. Əslində Türkiyə həmin qurumda hərbi kontingentinin sayına görə ikinci dövlət olmaqla özünü yaxşı hiss edir. Bütövlükdə hərbi blokun əsas donuru isə ABŞ-dır”.

Ekspert bildirib ki, Jirinovskinin bəyanatının bir an üçün reallaşdığını təsəvvür edin:

“Hesab edək ki, ABŞ-ın İncilikdən çıxmaqla bağlı qərar verildi və ora Rusiyaya təslim edildi. O zaman NATO ilə münasibətlər necə olacaq?! Yaxud Türkiyə rus ordusunu öz ərazisinə rəsmi şəkildə buraxandan sonra bunun nəticələrini necə olacağını bilirmi?! Bu gün Rusiya-Türkiyə münasibətləri nə qədər isti olsa da, bir o qədər də nisbidir. Tərəflərin bir çox məsələlərə münasibətləri kökündən fərqlənir. Buna baxmayaraq, hər iki tərəf bunları hiss etdirməməklə bir çox sahələrdə ciddi əməkdaşlıq edir”.

Ekspert vurğulayıb ki, Türkiyə bu əlaqələri bəlli çərçivə daxilindən çıxartmaq istəmir:

“Bu çərçivə daxilində iki ölkə arasında münasibətlər yaxın gələcək üçün davam edəcək. Yəni hərbi sahədə Rusiya ilə müttəfiqlik edilməsi gündəmdə deyil. Türkiyənin müttəfiqi NATO-dur. ABŞ-la bəzi problemlər məhz bu iki dövlətin arasında yaranmış anlaşılmazlıqlardan doğub. Türkiyənin Rusiyadan S- 400 alması ilə bağlı müqavilə bağlaması, əvəzində Vaşinqtonun F-35 qırıcılarını qrafiklə Türkiyəyə təslim etməkdə problem yaratması ilk baxışda qarşıdurmanın böyük olduğunu göstərir. Lakin hesab edirəm ki, bütün bunlar NATO-Türkiyə münasibətlərində dərinə işləməyəcək”.

Qeyd edək ki, Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski İncirlik aviabazasının Rusiyaya verilməsini təklif edib.