Müxalifətdən reaksiyalar: ”Aydın görünür ki, xarici güclərin Azərbaycana qarşı təxribatıdır”

Bu gün saat 20 radələrində Gəncədə baş verən və iki yüksək rütbəli polisin ölümü ilə nəticələnən iğtişaşlar ölkə ictimaiyyəti tərəfindən pislənir. Məsələyə müxalif düşərgənin təmsilçiləri də münasibət bildiriblər.

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

AXP sədri şəhid olan polislərə görə təəssüf hissi keçirtdiyini bildirərərk, musavat.com-a deyib: ”Bununla yanaşı, mənə çox təəccüblü gəlir ki, günlər öncədən belə bir təxribata hazırlıq getdiyi hər kəsə məlum olduğu halda, nədən onun qarşısı alınmayıb və bu adamlar şəhərin baş meydanına keçə biliblər? Nəticədə də belə bir faciə baş verib. Hesab edirəm, bu detal xüsusi araşdırılmalıdır”.