25 yaşlı baş redaktor: “Hər zaman arzularım gerçəkləşdirə biləcəyim qədər olub”

“İŞİMİ VƏ PEŞƏMİ ÇOX SEVDİYİM ÜÇÜN UĞURLAR QAZANACAĞIMA İNANIRAM”

Bu il “Astara” qəzetinin 85 illik yubileyidir.

Bu münasibətlə qəzetin baş redaktoru Fəridə Ağazadə ilə region mətbuatı, qəzetin fəaliyyəti ilə bağlı söhbət etdik.

– Fəridə xanım, oxucularımızın sizi daha yaxından tanımağı üçün elə söhbətimizə özünüz haqqınızda məlumatla başlayaq.

25 yaşlı baş redaktor: "Hər zaman arzularım gerçəkləşdirə biləcəyim qədər olub"<b style="color:red"></b>

– “Astara” qəzetinin və Astarainfo.az xəbər saytının baş redaktoruyam. 1993-cü il martın 30-da rayonumuzun qədim, axarlı-baxarlı Kijəbə qəsəbəsində anadan olmuşam. Nail Həsənov adına Kijəbə qəsəbə orta məktəbini 2010-cu ildə,  Xəzər Universitetinin jurnalistika fakültəsini isə 2016-cı ildə qırmızı diplomla başa vurmuşam. Oxuduğum illər ərzində universitetdə fəal tələbə kimi tanınmışam, dekanlığın fəxri diplomlarına layiq görülmüşəm. 2017-ci ilin aprel ayından “Astara” qəzetinin baş redaktoruyam.

– Jurnalistikaya maraq göstərərkən gənc yaşda bu qədər uğur qazanacağınıza inandırdınızmı?

– İlk öncə duyğularımı qəzetimizin 85 illik yubileyi ərəfəsində sizinlə bölüşməkdən böyük məmnunluq hissi duyuram. Uğur qazanmağın yaşı yoxdur, hər yaşda uğur qazanılır. Amma gənc yaşda qazanılan uğurun üstünlükləri daha effektli və faydalıdır. Uğurumun sirri hədəflərim, əzmim, məqsədim və faydalı olmağa çalışmağımdır. İlk böyük uğurum hazırda çalışdığım “Astara” qəzetidir. Jurnalist olduğum üçün özümü hər zaman xoşbəxt hesab etmişəm. Jurnalistika zamanla səni özünə bağlayır və sən bu sahəni sevdinsə, o səni daha çox sevir. Çünki o elə bir sahədir ki, bütün peşələri özündə birləşdirməklə yanaşı, onları hər gün yenidən kəşf edir. Əgər jurnalist doğru açardan istifadə edib qapını açmaq üçün əziyyət çəkmirsə, o zaman uğur qaçılmazdır.  Artıq müəyyən uğurlara  nail olsam da, qarşıda  məni çox işlər, layihələr gözləyir.

– Niyə məhz jurnalistika?

– Jurnalist olmasaydım, hüquqşünas olardım. Amma qismətdən Xəzər Universitetinin jurnalistika fakültəsinin tələbəsi oldum. İndi isə özümü mediadan kənarda təsəvvür edə bilmirəm. Hüquqşünas olmaq istəyim jurnalistikanı hədsiz sevməyimlə sonuçlandı. Jurnalistika yalnız iş və ya peşə deyil, həm də mükəmməl bir sənətdir. Jurnalistikaya qədəm qoyduğum ilk aylarda oxuduğum bu sitat məni məhz jurnalist olmaqda qərarlaşdırdı. Amerika Birləşmiş Ştatlarının Ayova Ştatındakı Eyms şəhərində çıxan kiçik, ancaq çox nüfuzlu “Deyli Tribün” (“Daily Tribüne”) qəzetinin keçmiş baş redaktoru və sahiblərindən biri Maykl Qartnerin belə deyirdi: “Jurnalistlər dünyanı dəyişməyə can atmamalıdırlar. Dünyanı dəyişmək istəyirsinizsə, ana olun, müəllim, ya da siyasətçi olun, jurnalistin işi araşdırmaq, açıqlamaq, dünyanı göstərməkdir”. Mən də jurnalist olmağı seçdim.

– Bölgə mətbuatının hazırkı durumu sizi qane edirmi?

– Düşünürəm ki, bölgə mətbuatının maddi-texniki bazası günün tələblərinə uyğunlaşdırılmalı, peşəkar jurnalistlərin fəaliyyətinə, eyni zamanda, yeni fikir və ideyalara üstünlük verilməlidir. Bu gün, sirr deyil ki, peşəkar jurnalistlərin əksəriyyəti paytaxt qəzetlərində fəaliyyət göstərirlər. Regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri də daha çox Bakıda çalışmağa üstünlük verirlər. Digər tərəfdən, əyalətlərdə mətbəələrin olmaması da bu sahədə çətinliklər yaradır.

– Bəs sizin nə zamansa Bakıda işləmək fikriniz varmı?

– Məncə, Bakıda və ya regionda işləmək şərt deyil. Harda işləyirsənsə, ora yenilik, yeni düşüncə gətirməlisən və cəmiyyətə, insanlara faydalı olmağa çalışmalısan. Bakıda qəzetləri yaşadacaq istənilən qədər peşəkar jurnalist, redaktor var. Amma region qəzetinə yeni nəfəs, gənc və peşəkar jurnalist baxışı gəlməlidir.

– Təbii ki, sizə qədər artıq “Astara” qəzetində formalaşmış qayda-qanunlar, klassik ənənələr vardı. Onlara qarşı münasibətiniz necə oldu? Sizcə, dediyiniz o yeniliyi gətirə bildinizmi?

– Hər dövrün formalaşmış elə ənənələri var ki, zamanla onları dəyişmək istəsən də, mümkün olmur. Buna misal olaraq keçmiş düşüncə və standart üslubu göstərə bilərik. Bunları indiki dövrün tələblərinə uyğun qurmaq daha çox səbir, diqqət, möhkəm və sağlam iradə tələb edir.

– 25 yaşlı gənc xanımın 85 yaşlı qəzetə rəhbərlik etməsi çətin olmur ki?

– Düşüncəmə görə, əgər bir işi görə bilərəmsə, nə üçün etməməliyəm? Gəncliyin verdiyi enerji və yenilikçi düşüncələr mənə işimi daha peşəkarcasına görməyə kömək edir. İnsan özünü hər yaşda yeni imkanlarla dəyərləndirməlidir.  İnanıb çalışmaq lazımdır. Baş redaktor kimi şərəfli, bir o qədər də məsuliyyətli işi çiyinlərimə götürdüyüm üçün heç vaxt qorxmadım, əksinə, hər zaman özümdə daha çox məsuliyyət hiss etdim. Qəzetdə əsl peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışmaq həm böyük uğur, həm də böyük məsuliyyətdir. Uğur qazanmağın sirlərindən biri də  insanın müsbət şəxsi keyfiyyətlərə malik olmasıdır. Əgər şəxsi keyfiyyətlərin qüsurludursa, nə qədər savadlı olsan da, insanlarla ünsiyyət qurub yola gedə bilmirsənsə, uğur qazanılmaz, idarə etdiyiniz kollektiv uzun müddətli olmaz.

– Bu vaxta qədər “Astara” qəzetinə rəhbərlik etmiş hansı redaktorların təcrübələrindən şəxsi fəaliyyətinizdə istifadə edirsiniz?

– Dörd nəfərdən ibarət mehriban, səmimi, peşəkar kollektivim var. İşə başladığım ilk gündən onların zəngin təcrübəsindən yararlanıram. Uzun müddət “Astara” qəzetində baş redaktor kimi çalışmış, hazırda qəzetdə fəaliyyətini davam etdirən Azər Abdullayevin, “Astara” qəzetinin şöbə müdiri, dəyərli jurnalist Gülnar xanım Əsədlinin əsl jurnalist kimi peşəkarlaşmağımda mühüm rolları olub. Mən onlara ustadlarım deyirəm. Əminəm ki, hələ uzun müddət ustadlardan daha çox şey öyrənəcəyəm.

– Özünüzdən həm yaşda, həm də təcrübədə böyük insanlara rəhbərlik etmək necə hissdir?

– Bəli, kollektivimizdə yaşca, təcrübəcə kiçiyəm. Lakin bu, idarəçiliyə heç bir təsir etmir. Biz işimizi tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurmuşuq. İdarəetmədə yalnız tələbkarlıq, nizam-intizam və qarşılıqlı hörmətlə məqsədə nail olmaq olar. 

– Yerli oxucuların qəzetə marağı necədir?

– Yerli oxucularımızın sayı günü gündən artır. Son bir ildə “Astara” qəzetində olan yeniliklər, xüsusən maarifləndirici rubrikaların sayının artırılması, gənclik və müsahibə səhifələrinin əlavə olunması bizi oxucularla daha da yaxınlaşdırdı. Mən baş redaktor təyin olunandan sonra bizimlə əməkdaşlıq etmək üçün xeyli könüllü müraciət etdi. Heç bir məvacib tələb etmədən yazmaq istədiklərini bildirdilər. 20 gənc artıq könüllü olaraq layihələrimizin, tədbirlərimizin həyata keçirilməsində bizə kömək edir. 8 səhifədən 16 səhifəyə uğurlu çıxışımız, ilk dəfə olaraq kitab və qəzet yarmarkası, qəzet səhifələrində yeni rubrikalar və layihələr “Astara” qəzeti komandasını daha çox çalışmağa həvəsləndirir və oxucu sayının artmasına səbəb olur.

– Tələbələr qəzetinizdə praktika keçmək üçün gəlirlərmi?

– Hazırda belə bir şey yoxdur. Buna səbəb məsafənin uzaqlığı və region mətbuatının fəaliyyəti haqqında məlumatın az olmasıdır deyə düşünürəm. Amma gələcəkdə universitet tələbələrinin region mətbuatında təcrübə keçmələrini çox istərdim. Məncə, hər bir jurnalistin həyatında qəzetçilik təcrübəsi olmalıdır.

– Dövlətin bölgə mətbuatına və yerlərdə çalışan jurnalistlərə qayğısından razısınızmı?

– Dövlətimizin mətbuata, jurnalistlərə olan qayğısı danılmazdır. Jurnalistlər üçün yaşayış binasının tikilməsi bir daha göstərdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mediaya belə yüksək dövlət qayğısı mövcuddur. Mart ayında keçirilən Azərbaycan Jurnalistlərinin VII qurultayında çıxışımda bölgə mətbuatının və bölgədə yaşayan jurnalistlərin də qayğıya, dövlət dəstəyinə ehtiyacı olduğunu qeyd etmişdim. Qəzetlərin xəbər portallarının və mətbəələrin olması vacib amillərdəndir. Bu gün region qəzetlərinin əksəriyyəti çap olunmaq üçün paytaxt Bakıya üz tuturlar ki, bu da əlavə vəsait tələb edir. Çox yaxşı olardı ki, bölgə mətbuatının müasir tələblərə uyğun qurulması və inkişaf etməsi üçün də dövlət proqramları olsun.

– Gələcək arzularınız və planlarınız nələrdir?

– Hər zaman arzularım gerçəkləşdirə biləcəyim qədər olub. Xalqı və Vətəni üçün bir sıra müvəffəqiyyətlərə imza atmış, üstündən əsrlər keçməsinə baxmayaraq, xatirələri yaddaşlardan silinməyən insanlardan olmaq ən böyük arzumdur. İşimi və peşəmi çox sevdiyim üçün gələcəkdə də media sahəsində uğurlar qazanacağıma inanıram.

Şahanə MÜŞFİQ