QARA rəngin “sevdalıları”

Yaxud dövlətə və xalqa qarşı xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır!!!
Yenə başlayıblar, yenə bu ölkəni qaraya bürümək üçün yeni qanlı planlar qurur, ətrafımızda tor hörməyə çalışırlar. Düşmənlərimizi deyirəm. Bizi sevməyən, bizim uğurlarımızı həzm edə bilməyən, BİZİ – yəni AZƏRBAYCANI qüdrətli deyil, başqa güclərdən asılı olan zəif bir ölkə kimi görmək istəyən düşmənlərimizi…
Düşmənlərimizin və onların daxilimizdəki buyruq qullarının yeni planının kod adı isə “GƏNCƏ”dir! Bəli, düşmənlərimizin bizə zərbə vurmaq üçün bu dəfə Gəncəni seçməsi heç də təsadüfi deyil. Bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. O Cümhuriyyət ki, 1918-ci il mayın 28-də elan olunsa da, Bakının bu dövlətin paytaxtı olması üçün sentyabra qədər gözləməli olmuşdu. Həmin müddət ərzində isə Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı kimi tarixə düşmüşdür. Məhz Gəncədən başlanan uğurlu yürüş və döyüş əməliyyatları ilə bolşevik-daşnak qüvvələrini darmadağın edən Qafqaz İslam Ordusunun qüvvələri 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan azad etmişdi. Yəni bu il həm də Bakının bolşevik-daşnak işğalçılarından azad olunmasının 100-cü ildönümünü də qeyd edəcəyik ki, bu tarixə də Gəncənin adı qızıl hərflərlə yazılıb. 
Və istər həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını süngü ilə qarşılayan, istərsə də ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən dövlət müstəqilliyimizin elan edilməsindən rahatsız olan düşmənlərimiz bu 100 illik yubileylərlə zəngin 2018-ci ildə bizə məhz Gəncədə qurşaqdan aşağı zərbə vurmağa qalxdılar. Onlar elə bildilər ki, əməlləri, niyyətləri, qara arzuları baş tutacaq və beləliklə də Gəncə ilə bağlı tariximizdəki müsbət məqamları xalqımızın hafizəsindən silə biləcəklər. 
Lakin düşmənlərimizin bu hesabları tutmadı. Onlar bir daha yanıldılar. Unutdular ki, əvvəla, Azərbaycanda güclü dövlət institutları, mərkəzi icra hakimiyyəti orqanları və eyni zamanda, sabitliyi, əmin-amanlığı təmin etməyə qadir olan hüquq-mühafizə orqanları var. Bəli, məhz hüquq-mühafizə orqanları əməkdaşlarının, Azərbaycan polisinin qətiyyəti, dövlətə, dövlətçiliyə sədaqəti, pozucu qüvvələrə qarşı barışmaz mövqeyi nəticəsində antiazərbaycançı, ermənipərəst mərkəzlərin Gəncə üzərindən ölkəmizə qarşı həyata keçirmək istədikləri məkrli plan baş tutmadı.
Ən əsası isə düşmənlərimiz, bu planın müəllifləri və daxildəki icraçıları (hansı ki bu icraçıların bir adı var – vətən xaini-N.A) unutdular ki, Azərbaycanda artıq bütün çətin sınaqlardan uğurla çıxmış xalq-iqtidar birliyi mövcuddur. Bu gün öz sabitliyinə, tolerantlığına, multikultural dəyərlərə yanaşmasına görə dünyaya nümunə olan ölkəmizdə sabitliyin əsasında da məhz Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Məhz bu iradə, xalq-iqtidar birliyinin sarsılmazlığı, xalqın pozucu qüvvələrə meydan verməməsi, bu qüvvələri dəstəkləməməsi düşmənlərimizin Gəncə planını pozdu, vətən xainlərinin cəhdlərinin boşa çıxması ilə nəticələndi. 
Gəncədəki son olaylar növbəti dəfə sübut etdi ki, gəncəlilərin timsalında bütövlükdə Azərbaycan xalqı bir daha ötən əsrin 90-cı illərində baş verənlərin, vətəndaş müharibəsi, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosun təkrarlanmasını qətiyyən istəmir və buna heç vaxt yol verməyəcək. 
Və sonda, iyulun 3-də Gəncədə baş verən məlum hadisədən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “qəhrəman” elan etməyə başladılar. Eyni zamanda, onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən də kömək gəldi. Bunun ardınca isə Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun yaxın ətrafı cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. Bütün bular isə məlum olayların pərdəarxası məqamlarına işıq salır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. 
Yeri gəlmişkən, bu sırada ölkəmizə qarşı tətbiq edilən ideoloji təxribatın icraçılarının kimliklərinə, cinayətkar keçmişlərinə nəzər salmaq da vacibdir. Məsələ burasındadır ki, iyulun 3-də Gəncədə baş verən məlum hadisədən sonra facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib. 
Eyni zamanda, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə iyulun 10-dakı qanlı cinayəti törətməkdə şübhəli bilinən radikal dindar, 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Məmmədəli oğlu Böyükkişiyev 02.10.2007-ci il tarixində AR CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə, 14.07.2015-ci il tarixində Rusiya Federasiyası CM-in 161.2-ci maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yaxud iyulun 10-da Gəncə şəhərində polis əməkdaşlarının öldürülməsində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlunun qardaşı Qasımov Ramin Xəqani oğlu da cinayətkardır. O, 2016-cı ilin sentyabr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir.
Beləliklə, mənzərə bütün çılpaqlığı ilə ortadadır. İnsanları sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranlar, həmçinin xarici düşmənlərimizin ölkəmizin müstəqilliyinə qarşı hesablanmış, dövlətçiliyimizi hədəfə alan məkrli planlarının icraçıları məhz bu cür insanlardır. 
Bir sözlə, iyulun 10-da Gəncədə radikal dini yönümlü bir qrup şəxsin, ölkəmizi qara rəngə bürümək istəyənlərin, QARA rəngin “sevdalıları”nın (hadisə yerindən çəkilən videolarda polis zabitini qətlə yetirənlərdən birinin başdan-ayağa qara rəngli paltar geyinməsi də diqqətimi çəkdi – N.A) etdiklərinin bir adı var – DÖVLƏTƏ VƏ XALQA QARŞI XƏYANƏT!!! Ona görə də Azərbaycan ictimaiyyətinin istəyi və tələbi budur ki, xarici qüvvələrin əlində alətə çevrilib Vətənə, xalqa, millətə xəyanət edənlər, dövlətimizə, dövlətçiliyimizə, ölkəmizin konstitusion quruluşuna qarşı çıxanlar, Azərbaycanda öz təxribatları ilə qarışıqlıq salmaq istəyənlər ən sərt şəkildə cəzalandırılmalıdır!!!
Nadir AZƏRİ