Sosial işçilərin maarifləndirilməsinə dair dəyirmi masa keçirilib

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndimə işinin təşkili” adlı layihəsinin yekunu ilə bağlı 10 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda dəyirmi masa keçirib Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə, iki universitetdə – BDU və Azərbaycan Turizm və Menecment Universitetlərində sosial işçi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunmuş 2 günlük seminarlardan sonra keçirilən bu dəyirmi masa layihənin yekununa həsr olunub. Layihə rəhbərinin sözlərinə görə məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərən və “Sosial işçi” ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan və məzun olan sosial işçilərin təcrübə bazasının, onların bilik və bacarıqlarında yenilik yaradaraq göstərdikləri xidmətin keyfiyyət səviyyəsinin (işgüzarlıq, ünsiyyət bacarığı, mehriban davranış, qayğı və diqqətin yüksəldilməsi və s.) artırılmasından bəhs edən bu istiqamətdə layihələrin həyata keçirilməsinə ehtiyac var. Keçirilən maarifləndirici seminarlar onu göstərdi ki, məhz peşəkar və beynəlxalq təcrübə keçmiş ekspertlərin tövsiyyələrindən faydalanmaq vacib və lazımlıdır. Dəyirmi masa ətrafında sosial işin mahiyyəti və ali təhsil müəssisələrində “sosial iş” ixtisası üzrə mütəxəssislərin hazırlanması ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirələr zamanı sosial işçilərin işlə təmin olunması məsələsi də diqqət çəkib. Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şura üzvü Nərgiz Xələf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin məsləhətçisi Aidə Ələkbərova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi, sosioloq, iqtisad elmləri doktoru, professor Əhməd Qəşəmoğlu, M.Ə Sabir Fondunun prezidenti Sevda Tahirli, BDU-nun müəllimi Sona Çərkəz, ATMU-nin əməkdaşları, hüquqşünaslar, psixoloqlar, QHT-ları və KİV nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı daha çox sosial iş sahəsi üzrə geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olduğu səsləndirilib. Geniş müzakirələr şəraitində keçən dəyirmi masada müxtəlif təkliflər irəli sürülüb. Sonda layihə rəhbəri Nailə İsmayılova dəyirmi masa iştirakçılarına səsləndirilən fikirlərin və təkliflərin gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihədə nəzərə alınacağını bildirib. Onu da qeyd edib ki, birlik tərəfindən hazırlanacaq təkliflər paketi müvafiq qurumlara təqdim olunacaq.