Ermənistan kəşfiyyatçısını geri istəyir – Qırmızı Xaç-a müraciət etdi

Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyünü təsdiqləyib.

Məlumatda 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karen Kazaryanın Tavuş vilayətinin Berdavan kənd sakini olduğu bildirilir.

Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.

Azərbaycanın Müdafiə Nazirliyi iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi barədə məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib (nuhcixan.az).