Azərbaycanlıların soyqırımı tarixin ən qanlı faciələrindəndir

I yazı

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər. Lakin dünya ictimaiyyəti əsl həqiqətləri, əslində nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub. Təəssüf ki, indi də beynəlxalq aləm ikili standartlarla çıxış edir.

“Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasətini planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə reallaşdırmışlar. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş soyqırımı törətmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalmışdılar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi.

Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir.

SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı ilə 1948-1953-cü illərdə 200 min azərbaycanlı faciəli izləri ilk baxışda görünməyən soyqırımına – deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504, 1949-cu ildə 15.713, 1950-ci ildə 12.232, 1952-1953-cü illərdə 13.760, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya və etnik təmizləmənin bu mərhələsində yüz min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdir.

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan – 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Nəticədə Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi.

Etnik təmizləmə siyasətini başa çatdıran ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terroçuluq dalğasını genişləndirdilər, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verdilər. 1992-ci il fevralın ortalarında Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri sovet ordusundan qalma 366-cı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. Min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.

Ermənilər 1990-cı illərdə Bakı şəhərində və Azərbaycanın ayrı-ayrı yerlərində, qatarlarda, metroda qanlı terror aksiyaları həyata keçirdilər. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir.

Beləliklə, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazisi işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı isə soyqırımı nəticəsində məhv edilmişdir.

Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan torpaqlarında dövlət qurmaq üçün həyata keçirdikləri fəaliyyəti indiyədək davam etdirməkdədirdər. Uzun illər aparılan bu məkrli və riyakar siyasətin nəticəsidir ki, bəzi ölkələrin parlamentləri ermənilərin yalançı soyqırımı iddialarına uyaraq qərarlar qəbul ediblər. Azərbaycanın, Türkiyənin, Gürcüstanın tarixi torpaqlarında Andronik, Nazarbəyov, Hamazasp və digər bu kimi adları tarixdən yaxşı məlum olan qaniçənlərin rəhbərlik etdikləri quldur dəstələri tərəfindən törədilən kütləvi qətliamları, insanların görünməmiş, tükürpədici vasitələrlə öldürülməsini, kənd və şəhərlərin xarabazarlığa çevrilməsini pərdələməyi bacaran erməni riyakarlığı uzun müddətdir ki, dünya ictimaiyyətini aldatmaqdadır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışmışlar. Ona görə xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız tamamilə yad istiqamətdə köklənmişdir.

Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Rəşad CƏFƏRLİ

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur