Gəncə hadisələri: terrorçuların əsas hədəfi… – Analiz

Preziden İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib və bütün bunların hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb.

Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırıb:

“Bir qrup ekspertlər hesab edir ki, terrorçular qətllər törətdiyinə, adamları girov götürdüyünə, təyyarələri qaçırdığına və digər qanunazidd əməllərə imza atdıqlarına görə onları daxili və beynəlxalq hüquq prinsiplərinə əsasən adi cinayətkar hesab etmək və haqqlarında həbs qətiimkan tədbiri seçmək olar. Digər qrup ekspert isə terrorizmi hərbi əməliyyat, müharibənin bir forması kimi dəyərləndirir və ya onunla milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyurlar. Şübhəsiz ki, terror adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına – zənginlənməyə, varlanmağa xidmət edir”.

Millət vəkili qeyd edib ki, terrorçular isə, hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə edirlər:

“Məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. Adi cinayətkarlardan fərqli olaraq terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar. Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir”.

Millət vəkili bildirib ki, milli-azadlıq hərəkatına əhali tərəfindən daha geniş müdafiəsi və kütlələrin bu mübarizədə yaxından iştirakı ilə xarakterizə olunur:

“Terrorçular isə kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur. İstisna olunmur ki, müharibə və ya milli-azadlıq mübarizəsi gedişində terror aksiyaları da törədilə bilər, lakin bu halda o yeridilən strategiyanın əsas həlqəsi deyil, müşayiətedici elementi qismində çıxış edəcəkdir”.

Millət vəkili vurğulayıb ki, terrorçuluq zahiri əlamətləri və təzahür formaları baxımından olduqca mürəkkəb fenomen olmaqla bir çox xüsusiyyətləri baxımından adi cinayətkarlığa da, müharibənin və ya milli-azadlıq mübarizəsinin xüsusi formasına da bənzəyir:

“Lakin bu oxşarlıq zahiri və vizual məzmun daşıyır. Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir. İkincisi, terrorçuluq-gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır. Üçüncüsü, terror aksiyaları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu bir həqiqətdir ki, terror aksiyasında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir. Beləliklə, terror aksiyasında üç müxtəlif tərəf iştirak edir. Birincisi, terror aksiyasını törədən tərəfdir. İkincisi, bu aksiyanın qurbanı və ya qurbanlarıdır; üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir”.

Millət vəkilinin sözlərinə görə, yuxarıdakı məntiqə əsaslanaraq terror aksiyasında birinci tərəfin hədəfinin, əslində, üçüncü tərəf olması nəticəsinə gəlmək olar:

“Yeri gəlmişkən, sadalanan üç tərəfin konfliktdə iştirakı terrorçuluğu cinayətkarlığın digər formalarından fərqləndirən mühüm cəhətlərdən biridir.

Terrorçuluğun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilib”.

Millət vəkili vurğulayıb ki, müasir terrorçuluğun əsas xüsusiyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır:

“Mahiyyəti etibarilə o, virus tipli və deməli epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında- terrorçuluqla mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır. Eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil mövqeyi ortaya qoyulmalıdır. Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı vardır”.  /Axar.az/