Kəlbəcərli girovların azad olunması üçün şans

Əhməd Şahidov: “Ermənistan tərəfi diversantlarla girovların dəyişdirilməsinə müsbət yanaşmasa, təbii ki, Azərbaycan tərəfi də çox sərt addım atacaq”

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Əsir götürülən şəxsin özünün bildirdiyinə görə, o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan ordusunun bölmələri itki verməyib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda erməni işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ilə yaxındır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib.

Daha cəlbedici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçilərin, bir neçə ildir Azərbaycan həbsxanasında saxlanan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi olub. Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttində Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.

Ermənistan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların, Azərbaycan tərəfinin kəlbəcərli girovlarla bağlı müraciətlərini bütün beynəlxalq konvensiyaları pozaraq qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də girovlarla bağlı üzərinə düşən işi lazımınca yerinə yetirə bilmədiyi ortadadır. Bu təşkilat girovlar barədə hərdənbir məlumat, onlardan məktub gətirməkdən o tərəfə keçmir. Kəlbəcərli girovların isə sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Artıq Azərbaycanın əlində ikinci erməni diversant var. Bəs kəlbəcərli girovların Azərbaycanda həbsdə olan erməni diversant Arsen Baqdasaryanla və yeni əsir götürülən Karen Kazaryanla dəyişdirilməsi mümkündürmü?

Əhməd Şahidov ile ilgili görsel sonucu

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini beynəlxalq təşkilatlarda qaldıran hüquq müdafiəçisi Əhməd Şahidov isə bildirdi ki, yeni saxlanılan erməni diversant Azərbaycanın kəlbəcərli girovları azad etməsi üçün növbəti bir şansdır. Kəlbəcərli girovların həmin diversant və bir neçə ildir Azərbaycanda həbsdə olan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi mümkündür: “Hazırda yeni saxlanılan diversantla bağlı istintaq tədbirləri həyata keçirilir. Azərbaycan tərəfi o şəxsin həqiqətən də diversant olduğunu kifayət qədər maddi sübutlarla rəsmi sübuta yetirəndə onun girovlarla dəyişdirilməsi ehtimalı daha da artır. Düşünürəm ki, Azərbaycan tərəfi növbəti dəfə Ermənistan tərəfə çağırış edəcək, Ermənistan tərəfi də həmin diversantların kəlbəcərli girovlarla dəyişdirilməsində maraqlı olmalıdır. Əslində bu ənənəyə başlanmalıdır. Bu, hər iki tərəf üçün faydalı olar.

Ermənistan tərəfi diversantlarla girovların dəyişdirilməsinə müsbət yanaşmasa, təbii ki, Azərbaycan tərəfi də çox sərt addım atacaq. Yəni Karen Kazaryanın dövlət sərhədimizi pozmağa cəhddə ittiham edərək Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəməsi keçiriləcək və ona cəza kəsiləcək. Azərbaycanın saxladığı erməni diversantlar kifayət qədər gənc və aktiv diversantlardır, Dilqəm Əsgərovla Şahbaz Quliyev isə mülki şəxslərdirlər və doğma rayonları olan Kəlbəcəri ziyarət edərkən girov götürülüblər. Odur ki, ilk növbədə Ermənistan tərəfi onların dəyişdirilməsində maraqlı olmalıdır. Ümid edirəm bu dəfə Ermənistan tərəfi razılığa gələcək”.   /Yeni Müsavat/