Türkiyənin ən uzun gecəsində… 15 İyulda gördüklərim

Söhrab İsmayıl

Qazi Universitetinin magistrantı (Türkiyə)

2016-cı ildə Türkiyənin Qazi Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistratura təhsilimi davam etdirirdim. Ankaranın Keçiörən rayonunda Rayon Ülkü Ocaqlarından olan dostlarla bərabər eyni evdə qalırdıq. Evin yerləşdiyi binanın yanında Piri-Türküstan məscidi və önündə park idi.

2016-cı il Türkiyə üçün çox ağır keçməktəydi. Bir-birinin ardınca törədilən terror aktlarında yüzlərlə günahsız vətəndaş həyatını itirmiş və Türkiyə çoxlu sayda əsgərini şəhid vermişdi.

Təqvim 15 İYUL 2016-cı ili göstərməktəydi. Bilinən tarixin bütün dövrlərində böyük sınaqlardan şərəflə çıxan böyük Türk milləti bu dəfə də ağır bir sınaq qarşısındaydı.

15 İyul günü axşam evə qayıtdım və Ocaqdan olan dostlarla bərabər parkda oturduq. Cümə gününü Şənbəyə bağlayan gecə idi. Həyəcan və narahatlıq içində internetdən İstanbuldan gələn xəbərləri izləyirdik. Müxtəlif xəbərlər yayılmaqdaydı. Xəbər portallarının bəziləri terror aktı törədildiyi üçün boğaz körpüsünün bağlandığını, digərləri isə dövlət çevrilişinə cəhd edildiyini bildirirdi. İl ərzində yaşanan terror hadisələrinin bizdə qoyduğu iz və 15 İyul gecəsi cərəyan etməkdə olan hadisə haqqında tam bilgiyə sahib olmamağımız əsəbləri tarıma çəkməktəydi. Evdə televizor olmadığı üçün parkın qarşısındakı kafeyə televizora baxmağa getdik. Bir-birinin ardınca TRT1-də zorla xainlərin bəyənatı oxuduldu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi cənab Hulusi Akarın girov götürüldüyü xəbərini və ən son Prezident cənab Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara müraciətini izlədik. Xainlər yenə iş başındaydı. O, müraciətində baş verən hadisənin dövlət çevrilişinə cəhd olduğunu bildirdi və xalqı meydanlara çıxmağa çağırdı. Çevrilişə cəhd edənlər Fətullah Gülənin başçılıq etdiyi özlərini “din” pərdəsi altında gizlədən, Türk Millətinin çörəyini yeyib ona xəyanət edən, düşmən dəyirmanına su tökən vətən xainləri idi.

Çağırışdan sonra əhali Ankaranın mərkəzinə və xainlərin ələ keçirdiyi dövlət binalarına tərəf şəxsi  maşınları ilə və piyada axın etməyə başladı. Mən də ev yoldaşım Etimadla sağollaşıb maşınlardan birini əlimlə saxladım, sonra onlarla bərabər Ankara Polis İdarəsinə tərəf yola düşdük. Etimada zəng edən olsa bir bəhanə söyləməsini dedim və telefonu keçirtdim. Çünki getdiyim yolda başıma bir şey gəlməsi halında doğmalarımın, dostlarımın, ümumiyyətlə hər kəsin məni ən son gördükləri halımla xatırlamalarını istəyirdim. Ankara Polis İdarəsinə çatmağımıza az qalmış idarənin bombalandığı və yolun bağlı olduğu xəbəri gəldi. Biz də şəhərin əsas meydanı olan Kızılay meydanına getmək qərarına gəldik. Çünki Türkiyə Böyük Millət Məclisi, Müdafiə Nazirliyi, Ordunun Baş Qərargah İdarəsi və digər mühüm dövlət binaları meydanın ortasındaki  Güvən Parkın üst tərəfində yerləşir. Parkın aşağı tərəfində isə Sıhhıye, Ulus və Esenboğa Havalimanına getmək və Kızılay meydanına gəlmək üçün 2 ana yol var. Digər iki 2 yol isə parkın sağında və solunda idi. Yolun biri Dikimevi metrosuna qədər uzanan Ziya Gökalp prospekti, digəri isə Yenimahalle rayonuna aparan Maltepe yoludur. Əsas məsələ meydana gələn və dövlət binalarına çıxan yolları bağlamaq, xainlərə keçid verməmək, onların hərəkət etmək imkanlarını və manevr sahələrini məhdudlaşdırmaq, daraltmaq idi. Əlbəttə belə bir hadisəni ilk dəfə yaşadığım üçün içində olduğum psixoloji durumla mənim məsələnin yuxarıda qeyd etdiyim tərəflərini fikirləşməyim mümkün deyildi. Bizi Kızılay Meydanına yönləndirən millətin ortaq ağlı və məndən başqa maşında olan digər 4 nəfərin qərarı idi.

Kızılay meydanına maşınla girə bilmədik, sürücü maşını Sıhhıye yolunun üstündə bir yer tapıb saxladı. Maşından enəndə bərabər hərəkət etmək və bir-birimizi itirməmək qərarına gəldik. Ancaq axın və hadisələrin gedişatı bizi fərqli yerlərə atdı. Kızılay meydanına yaxınlaşanda başımızın üstündən bir qırıcı təyyarə keçdi. Onun anidən sürətini azaldıb aşağı enməsi və yenə anidən sürətini artırıb arxasından çıxan güclü alovla özünü önə atması nəticəsində yaranan partlayış səsi bomba səsi kimi insanlara təsir edirdi. Maşınla hərəkət etdiyimiz zaman da üzərimizdən qırıcı təyyarələr keçmişdi, ancaq bunun F-16 olacağı ağlımın ucundan belə keçməzdi. Qırıcı təyyarələrin F-16 olmasını başqa insanlardan öyrəndim. Maşından ilk enən zaman başımızın üzərindən keçən F-16-dan partlayış səsi gələndə bomba atıldığını zənn etdim, insani refleks və qorxu ilə başımı qollarımın arasına alıb yerə çöküb geri döndüm. Ancaq təxminən 8-10 yaşlı övladının əlindən tutub qorxmadan, çəkinmədən Kızılay Meydanına tərəf gedən Ananı görəndə qorxum keçdi, irəliləməyə davam etdim. Güvenparka çatmağımıza az qalmış Yapı Kredi Bankının qarşısındakı yolun üzərində svetaforun altında  güllələnmiş və tankla əzilmiş polis maşını gördük. Daha sonra Atatürk prospektindən Türkiyə Böyük Millət Məclisinə gedən yolun üzərində əzilmiş bir taksi və bir neçə başqa əzilmiş şəxsi maşın gördük. Güvən Parka çatdığımız zaman orada toplaşan əhalinin bir qismi Atatürk prospekti ilə TBMM-nin Çankaya qapısına tərəf hərəkət etməyə başladı. Hədəfə doğru yaxınlaşdığımız zaman yolun yuxarı tərəfindən atəş səsləri eşidildi. Əhali buna baxmayaraq hərəkətə davam etməkdə qərarlıydı. Bu zaman kütlənin içindən bir neçə nəfər insanlara meydana qayıtmağı, meydanı boş buraxmamağı dedi. Kütlə meydana qayıtmaqla həm xainlərin yolunu kəsdi, həm də xainlərə qarşı vuruşan əsgərlərin işi çətinləşməmiş oldu. Uzun və heç bitməyəcək kimi görünən məşəqqətli gecə artıq başlamışdı. Biz meydana qayıtdığımız zaman ölənə qədər gözlərimin önündən getməyəcək, zehnimdən silinməyəcək bir hadisənin şahidi oldum. Bir Ana öz körpəsiylə Vətənin keşiyində durmağa gəlmişdi. Körpə uşaq arabasında hər şeydən xəbərsiz yatırdı, Anası onun üzərini Şanlı Türk Bayrağı ilə örtmüşdü.  Qundaqdakı  körpə də özü bilmədən Vətənin müdafiəsində idi. Bu, Türk Anasının, Türk Qadınının əsl mahiyyətini göstərən ən möhtəşəm səhnə idi. Bütün gecəni əsgərlərimiz üçün dua etməklə, xainlərə lənət oxumaqla keçdi. Türkiyə Cümhuriyyəti tarixinin ən uzun və ağır gecələrindən olan bu gecədə tarixə damğasını vuran uca Türk Milləti yenə bütün dünyanın gözləri önündə öz qanıyla şərəfli tarixinin bir səhifəsini yazmaqdaydı. Gecəboyu məscidlərin minarələrindən səlahlar oxunmaqdaydı. Səlahlar oxunmasıyla millət Vətən uğrunda, Bayraq uğrunda düşmənlərə qarşı cihada çağrılırdı. Bütün gecəni xainlər ələ keçirdikləri helikopterlərlə ordunun Baş Qərargah İdarəsinin önündəki insanları atəşə tutdular, F-16-lardan və helikopterlərdən istifadə etməklə Türkiyə Böyük Millət Məclisini bombaladılar. Məclis bombalandığı zaman hadisələrlə bağlı orada fövqəladə toplantı keçirilməktəydi. Məclisdə fövqəladə toplantının keçirilməsində məqsəd Millətin iradəsini təmsil edən TBMM-nin  işğalçılar qarşısında dimdik və ayaqüstə olduğunu bütün dünyaya göstərmək idi. Bəli, təsadüfi olaraq xainləri işğalçı adlandırmadım. Millətin məclisini bombalayanların, onu güllə yağışına tutanların əsl məqsədi TBMM-ni və digər dövlət idarələrini işğal etmək və bununla tamamilə ölkəni əsarət altına almaq idi. Baş Qərargah İdarəsi və Məclis bombalandığı, atəşə tutulduğu zaman orda olanlar Türkiyə Daxili İşlər Nazirliyinin önündəki tunelə doğru qaçaraq özlərini qorumağa çalışırdılar. Bu zaman insanlar yaralılar qan itirməsin deyə onların yaralarını bağlamaq üçün Türk bayraqlarından istifadə etmişdilər. Bəli, Şanlı Bayraq yenə öz rəngini Vətən övladlarının qanından almaqdaydı. Bayrağın niyə müqəddəs olduğunu o gecə ən son ana və nəfəsə qədər unutmayacaq şəkildə beynimə, ruhuma həkk elədim. Kızılay Alış-Veriş Mərkəzinin qarşısında metroya enən liftin önündə hadisələrin gedişatını izləyirdim. F-16-lar və insanları yaylım atəşə tutan helikopter artıq bizi qorxutmurdu. Millət F-16-ların bomba səsi kimi çıxardığı səslərdən də qorxmurdu, çəkinmirdi. Demək olar ki, hər 30 saniyədən, 1 dəqiqədən bir qızğın atışmanın getdiyi səmtə tərəf Maltəpə yolundan gələn təcili yardım maşınları gedirdi. Xainlərə qarşı bütün millət ətdən divar çəkmişdi. Kütləvi iğtişaşlar zamanı istifadə olunan suvuran maşınlar da ( bu maşınlara Türkiyədə qısa şəkildə TOMA (Toplumsal Olaylara Müdahele Aracı) deyirlər) xainlərə qarşı səfərbər edilmişdi. Sıhhıyə tərəfindən gələn bir neçə suvuran maşınlarda “Ölürüm Türkiyəm” mahnısı oxuyurdu və maşının önündəki zirehin arxasında əlləriylə bozqurd işarəsi tutub gözlərini qırpmadan düşmənin üzərinə gedən polisləri, əsgərləri gördüm. Sonra yenə Sıhhıyə tərəfindən gələn bir qrup hərbi maşınla əsgərlər bozqurd tutub Atatürk bulvarıyla Məclisə tərəf getdilər. O gecə hər kəsin bildiyi bir həqiqət tarix səhifəsinə yenidən həkk olundu. Bəli, Türkiyə 15 iyulu 16-na bağlayan gecə bütün millət xainlərin qarşısındaydı. Ancaq  millətin xainləri vuran əsas əli bu milliyətçi, heç bir halda ölkəyə, dövlətə xəyanət etməyən Vətən övladları idi. O gecə, təkbirlər, Allahu-Əkbər nidaları, güllə səsləri yeri-göyü inlədirdi. Bütün gecə ərzində polis və əsgərlər tərəfindən ələ keçirilmiş, öz istəyi ilə təslim olmuş, heç nədən xəbəri olmayan hərbçilərin Kızılay Meydanına gətirdiyi bir neçə tank gördüm. Terrorçularla mübarizə durmadan gərgin şəkildə davam edirdi. Gölbaşı Özəl Hərəkat Polisi Dairə Başkanlığının bombalandığı məlumatı gəldi. Sonradan meydana gətirilən maşından ən yeni məlumatlar əhaliyə elan edilirdi. Bir neçə televiziya binası və digər binalar da terrorçular tərəfindən işğal edilmişdi. Gecə saat 3 radələrində Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda Atatürk Havalimanına endiyi xəbərini aldıq.  Xainlərin planı pozulmuşdu, onun və ailəsinin olduğu təyyarəni havada vura bilməmişdilər. Səhərə kimi bu gərgin vəziyyət davam etdi. 16 İyul günü sübh tezdən əhaliylə bərabər Kızılay Meydanındakı Güven Parkda Sübh namazı qıldıq. Hər tərəfdən gələn Azan səsləri insanların ürəyini riqqətə gətirirdi.

Xainlər yenə iş başındaydı. Beştəpədə yerləşən Prezident Sarayının önündəki insanlara bomba atıldı. Səhər açıldı, uzun gecə bitdi. Meydanda gəzməyə, gözləməyə başladıq. Güvən Parkda gəzərkən parkın mərkəzinə qurulmuş Kızılay Qanalma Mərkəzinin yan tərəfinə dəmirlərin üzərinə qoyulmuş qanlı Türk Bayrağı tapdım. Bu bayraq da güllə yarası almış şəhidimizin və ya qazimizin qanını dayandırmaq üçün onun yarasına sarınmışdı. Bayrağı özümlə götürdüm, hər şey bitdikdən sonra Şanlı Bayrağımızı MHP-nin Məclisdəki qrupunda çalışan çox dəyərli Abit Öztürk abimə verdim. Səhər saat 10-11 radələrində Kızılay Meydanından Məclisin Çankaya qapısı tərəfə getdim. Təqribən axşam saat 17:00-a qədər Atatürk prospekti ilə Kızılay Meydanı və Daxili İşlər Nazirliyi arasında hərəkət etdik. Günorta saatlarında Daxili İşlər Nazirliyinin önündə gözləyərkən kömək məqsədilə növbəti bir qrup əsgər gətirildi. Əhali əsgərlər rahat keçə bilsinlər deyə, onlara yol açdı. Ən çoxu 25 yaşları olardı. Bu əsgərlərdən bəzilərinin gözlərindən yaş gəlirdi. Bu yaş qorxu yaşı deyildi, arxalarında ailələrini, doğmalarını qoyub gəlmişdilər və bəlkə də bir daha onları görməyəcəkdilər. Ancaq Vətənin müstəqilliyi hər şeydən önəmli idi, ailələrindən ayrılmaq onlara acı versə də, Vətənin əsarət altında olmasından böyük acı ola bilməzdi. Düşmənin arzusunu gözündə qoymaq üçün, əsarətə “yox” demək üçün bu dəfə də əsgərlər öz müqəddəs vəzifələrini yerinə yetirməyə gəlmişdilər. Lakin bu dəfə ki tapşırıqları digərlərindən çətin idi. Çünki xəyanət edənlər  Vətənin çörəyini yeyənlər, özlərini zabit kimi, əsgər kimi, polis kimi pərdələyənlər idi. Dəstək üçün gələn əsgərlərin gözlərindən yaş gəldikcə orda olan Atalar-Analar onların gözlərinin yaşını silirdi. Əsgərlər və polislər əhalinin təhlükəsizliyini qorumaq məqsədilə Daxili İşlər Nazirliyinin önündə baryer qurmuşdular. Baryerin arxasından həbs olunan xainləri görən əhalinin sevinc səsləri duyulurdu. Daxili İşlər Nazirliyinin üst tərəfindəki parkda Baş Qərargah İdarəsinin xainlərdən təmizlənməsini gözləyirdik. Bu zaman əhalinin içində dostum Asimanı gördüm və yanına getdim, məni axtarırdı. Ailəm, sevdiklərim ondan məni axtarıb tapmağını xahiş etmişdilər. Günortadan sonra saat 14:00-15:00 radələrində Baş Nazir Binali Yıldırımın TBMM-yə gəldiyi xəbərini aldıq. Onun gəldiyi maşın karvanının önündə olan avtobusla bərabər dostum Asimanla Kızılay Meydanına tərəf endik. Avtobusdan müxtəlif mahnılar oxunurdu, şüarlar səsləndirilirdi.  Telefonum sönmüşdü və bütün gecə Kızılay Meydanında olan taksafonlar güllə mənzilində olduğu üçün heç kimə zəng edə bilmədim. Ona görə yolda taksafonla evə zəng etdim, sağ olduğum xəbərini verdim. Dostum Asimanla bərabər bir neçə saat bərabər Meydanda olduq, onun ailəsi ilə də danışıb vəziyyətin yavaş-yavaş normallaşdığı xəbərini verdik. Sonra yaxınlıqdakı kafelərdən birində çay içib ayrıldıq və mən Keçiörənə qaldığım evə getdim.

17 İyul günü dostlarımla bərabər Ankarada yerləşən Kocatəpə məscidində ölkə Prezidentinin də iştirak etdiyi şəhidlərin dəfn olunma mərasiminə qatıldım.

Türkiyə 15 və 16 İyul tarixlərində 248 şəhid verdi, 2193 nəfər yaralandı, ancaq tarixinə yeni bir şərəfli səhifə yazdı. Bütün dünya Türk Millətinin cəsarətini, hünərini, Vətən sevgisini əyani şəkildə gördü. Qan töküldü, can verildi, amma “AZAN SUSMADI, BAYRAQ ENMƏDİ, VƏTƏN BÖLÜNMƏDİ”.  Mən o gecənin şahidi olan bu millətin övladı kimi gördüklərimi yazmağı özümə borc bildim. Mən hadisələrin şahidi oldum, ancaq Ömər Halisdemir kimi o gecə canını qurban verən onlarla, yüzlərlə qəhrəman var. Biz “Bir Millət, İki Dövlətik”. Ən yaxın keçmişimizdə 1990-cı ildə 20 Yanvar  kimi şərəfli bir səhifəni tariximizə yazan bizlər, ondan 26 il sonra 15 İyul kimi şərəfli bir səhifəni tariximizə yazdıq. Bütün bunlar tariximizdən dərs çıxarmağı qarşımıza ən ümdə vəzifə olaraq qoymaqdadır.  Sözümü böyük Mehmet Akif Ersoyun “Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın” sözləriylə tamamlayır və əziz şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm.

17.07.2018