Azərbaycan Türkiyədən hansı silahları alır?

Hərbi ekspert: “2018-ci ilin sonuna yaxın ölkəmizin Türkiyədən və bir neçə başqa ölkədən daha güclü, müasir silahları almağı haqda da məlumatı eşidəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ilk olaraq ölkəmizə səfər etməsi və burada iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığının inkişafı barədə yüksək səviyyəli danışıqlar aparması hər birimizin ürəyincə oldu.

Xüsusilə də torpaqlarımızın azad olunması istiqamətində qardaş ölkə ilə birgə atılan addımlar, hərbi əməkdaşlığın əzmlə davam etdirilməsi düşmənlərimizi ciddi şəkildə narahat edir. NATO ölkəsi olan və güclü orduya malik qardaş dövlətin silah arsenalından yararlanmaq baxımından da mühüm anlaşmaların əldə olunması irəliyə doğru atılan ciddi addımlardan sayıla bilər. Qeyd edək ki, iki ölkənin silahlı qüvvələrinin birgə hərbi təlimləri də işğalçı Ermənistanı və havadarlarını daim narahat edir. Elə bu ilin yazında Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2018″ hərbi təlimində iştirak edən Azərbaycan hərbçiləri təlim sahəsində türk müdafiə sənayesi şirkətlərinin məhsullarının nümayiş olunduğu sərgi ilə tanış olmuşdular. Azərbaycan hərbçiləri sərgidə iştirak edən ASELSAN, ROKETSAN, HAVELSAN, MKE, BMC, Otokar, FNSS, STM, Katmercilər, Sarsılmaz, BİTES və digər şirkətlərin stendlərinə baş çəkərək nümayiş etdirilən silah və hərbi texnikalarla maraqlanıb, istehsalçı müəssisələrin rəsmilərindən məlumatlar almışdılar.

“Efes-2018" ile ilgili görsel sonucu

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilmişdi ki, nazirliyin tərkibinə daxil olan müəssisələr Türkiyənin müvafiq qurumlarından bu günə qədər 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıb. Sabiq nazir, mərhum Yavər Camalov demişdi ki, Azərbaycan 4 növ tapançanı Türkiyənin özəl şirkəti ilə birgə istehsal edir, həmçinin gecəgörmə nişangahlarının birgə istehsalı nəzərdə tutulur. Azərbaycanda optik nişangahların təmir servis bazasının yaradılması istiqamətində danışıqlar gedir, bundan əlavə, MP5 tapança avtomatlarının birgə istehsalı həyata keçirilir.

Bir müddət əvvəl o da bildirilmişdi ki, Azərbaycan Türkiyədən tank əleyhinə raket qurğuları almağa hazırlaşır. Bununla bağlı Türkiyənin “Roketsan” şirkəti ilə danışıqlar aparılır. Raket kompleksi orta və uzun mənzillidir. Orta mənzilli hədəf nöqtəsi 2000-4000 metr, uzaq mənzilli nöqtə isə 5000-8000 metrdir. Qurğu 4 raketdən ibarətdir. Qurğunun hərəkətdə olarkən hədəfləri müəyyən etmə qabiliyyəti var. Kompleks 360 dərəcə fırlanır. Gecə-gündüz müşahidə eləmək və hədəf seçmə kameraları var. Qurğunun hərəkət maşını təkərli və tırtıllıdır.

“T-122 Sakarya” ile ilgili görsel sonucu

Azərbaycan indiyədək Türkiyədən 122 mm çaplı “T-122 Sakarya” reaktiv atəş sistemləri idxal edib. Bundan əlavə, Azərbaycan sözügedən artilleriya sistemlərində tətbiq olunan TR-122 raketini də Türkiyədən alıb. “T-122 Sakarya” reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan ordusunun mövcud 9K51 “Qrad” qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən iki dəfə çoxdur. Məlumata görə, ordumuzda, həmçinin ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu MDV məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.

Son illərdə Türkiyədən aldığımız dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə müvafiq təlimlər keçirilib.

ROKETSAN ile ilgili görsel sonucu

KamAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir. Bu ilin yanvar ayında prezident İlham Əliyevin Naxçıvana səfərində ölkəmizdə olan bəzi yeni silahlar nümayiş etdirilib. Orada diqqət çəkən silahlardan biri də Türkiyədən aldığımız 300 mm-lik “Qasırğa” raketləri idi.

Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. Raketin uzunluğu 5.24 metr, ağırlığı isə 585 kiloqramdır. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Bununla həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra”, ZPT və “Land Rover Defender” tipli hərbi nəqliyyat vasitəsi DSX-nın döyüş sıralarına daxil edilib. Bu döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub. Yüksək performansı ilə seçilən 4-4 təkər formuluna malik “Cobra” 9 nəfər heyəti daşımaq imkanına malikdir. 110 km/saat sürətlə hərəkət edən “Cobra” birbaşa 752 km məsafə qət edə bilir.

Döyüş maşını heyəti mina partlayışlarından qoruya bilir. “Cobra” tipli maşınlar DŞK tipli 12.7 mm-lik ağır pulemyot, 7.62 mm-lik yüngül pulemyot və “Skif” tipli tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb. Şəxsi heyətin, çevik qüvvələrin çətin relyefli ərazilərə daşınması üçün nəzərdə tutulan yüksək manevr imkanlarına malik “Land Rover Defender” tipli döyüş maşınları isə yüngül atıcı silahlarla silahlandırılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki,  son illər Azərbaycan Silahlı Qüvvələri üçün qardaş Türkiyə Respublikasından, o cümlədən digər ölkələrdən xeyli sayda müasir silah və sursat alınması heç kimə sirr deyil: “Biz əldə etdiyimiz həmin son nəsil silah-sursatlarla ordumuzun, digər güc strukturlarının döyüş qabiliyyətini, hazırlığını xeyli artırmışıq. Elə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun balansında olan ”Roketsan” şirkətinin son model istehsalı olan “Qasırğa” tipli raket-artilleriya kompleksləri bədnam qonşularımızın yuxusunu ərşə çəkib. Diqqət etsəniz, bir ara Naxçıvanla bağlı hədyanlar səsləndirən Ermənistan rəsmiləri və ictimaiyyət nümayəndələri, son vaxtlar daha “çaşmırlar”. Daha doğrusu, çalışırlar ki, dedikləri sözə və ifadələrə diqqət etsinlər. Biz təkcə Müdafiə Nazirliyi üçün deyil, Silahlı Qüvvələrimizin digər struktur birləşmə və bölmələri üçün də kifayət qədər müasir silah və sursat əldə etmişik. Həmin silah-sursatın çox cüzi hissəsi 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar keçirilmiş hərbi paradda nümayiş etdirildi”. Ü.Cəfərov hərbi əməkdaşlığın əslində daha genişmiqyaslı olduğunu vurğuladı: “Bizim ordumuzun istifadəsində hələ elə müasir silah və texnika var ki, biz onu heç bir halda düşmənə və onun havadarlarına göstərməmişik və göstərməyimiz də hələ ki məqsədəmüvafiq deyil.

Onu deyim ki, ordumuzun döyüş qabiliyyəti son hesablamalara görə, ən yüksək vəziyyətdədir. Sözsüz ki, hələ xeyli işlərin görülməsinə ehtiyac var. Və hərbi komandanlıq bu işlərin nədən ibarət olmasını keçirilən mütəmadi hərbi təlim və toplanışlardan bilir və gələcəkdə onların təkrarlanmaması üçün lazım olanı edir. Onu da qeyd edim ki, bu ilin sentyabr ayında Bakıda keçirilməsi gözlənilən növbəti hərbi-texniki sərgidə biz qardaş Türkiyənin, eləcə də onlarla digər ölkələrdən təqdim olunan silah və yeni texnikalarla tanışlıq imkanı əldə edəcəyik. 2018-ci ilin sonuna yaxın ölkəmizin Türkiyədən və bir neçə başqa ölkədən daha güclü, müasir silahları almağı haqqında da məlumatı eşidəcəyik. Nə qədər ki, torpaqlarımızın bir hissəsi işğal altındadır, bu proses davam edəcək”.    /musavat.com/