Bakıda imtahan həyəcanı – FOTOLAR + VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Turkustan.info xəbər verir ki, “Report”un əməkdaşı Nəsimi rayonunda yerləşən 5 saylı tam orta məktəbdə imtahanın gedişatını yaxından izləyib.

Sözügedən məktəbdə qeydə alınmış 138 abituriyentdən 137-si imtahanda iştirak edib. İmtahanın idarə olunması üçün 10 nəfər nəzarətçi-müəllim cəlb olunub. Abituriyentlərin, eləcə də onları gözləyən valideynlərin həyəcanını əks etdirən fotoreportajı təqdim edirik.

Qeyd edək ki, bu gün imtahanlar 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəranvə Xaçmaz şəhərlərində, ümumilikdə, 49 binada aparılır. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.