Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır – Video

Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin nümunəsi artıq hazırdır. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, vəsiqələrin verilməsinə bu ilin sentyabrın 1-dən başlanılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil vəsiqələrinin bir çox üstünlükləri var. Bu vəsiqələr iki növ elektron sertifakatla təmin edilib.

Yeni nəsil vəsiqələri istənilən növ kart-oxucu vasitənin köməyi ilə istifadə etmək olacaq.

Yeni vəsiqələr mərhələlərlə dəyişdiriləcək və yalnız 10 yaşından yuxarı şəxslərə veriləcək. Vəsiqələrinin vaxtı bitmiş vətəndaşlar yeni vəsiqəni həm “ASAN xidmət” mərkəzləri, həm də polis idarələrindən ala biləcəklər. Vəsiqələrin üzərindəki elektron imza sertifikatı isə vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və müddəti 5 il olacaq. Bu vəsiqələr dövriyyəyə buraxıldıqdan sonra ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi gözlənilir.