Gəncə olayı ilə bağlı daha 3 nəfər barəsində HƏBS QƏRARI

Gəncə şəhərində baş verən iğtişaşlar törətməkdə və digər cinayətlərdə təqsirli bilinərək daha bir neçə nəfər həbs edilib.
Bunlar Nuruzadə Riya Bədəl oğlu, Əzizov Sabir Mərdan oğlu və Məhərrəmzadə İsa Yasın oğludur.
Riya Nuruzadə və Sabir Əzimovun barəsində Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Digər şübhəli şəxs İsa Məhərrəmzadəyə qarşı isə Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrlik etdiyi ayrı-ayrı iclaslarda İsa Məhərrəmzadə, Riya Nuruzadə və Sabir Əzimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.
Hakim istintaq orqanın təqdimatını təmin edib. Təqsirli bilinən şəxslərin hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.
Xatırladaq ki, iyulun 11-də Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.
Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.
Qeyd edək ki, iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar.   /teleqraf.com/