Vaxtsız vəfat edən jurnalist məzarının başında anıldı

Bu gün xalq şairi Cabir Novruzun sonuncu oğlu Müşfiq Cabiroğlunun ölümünün  40 günü tamam olur.

Turkustan.info-nun məlumatına görə, 54 yaşında vaxtsız vəfat edən Müşfiq Cabiroğlu dəfn edildiyi Xırdalan qəbristanlığında yad edilib. Məzarı önünə yığışan ailə üzvləri, yaxınları, Müşfiqsevərlər, Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri, peşə və sənət dostları, ziyalılar iştirak edib.

Anım mərasimində iyunun 10-da Bakıda evində qəflətən vəfat etmiş Müşfiq Cabiroğlu kövrəkliklə anılıb. Sənət dostları, təsisçisi olduğu Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri vaxtsız aramızdan getmiş Müşfiq Cabiroğlunu xüsusi hörmətlə yad ediblər. Məzarı ziyarət olunub. Xalq şairi Cabir Novruzun sonuncu oğul yadigarı tanıyanlarının xoş, amma kövrək xatirələrilə anılıb.

Müşfiq Cabiroğlu iyunun 5-də Xızıda nakam məhəbbət şairi Mikayıl Müşfiqin 110 illik yubileyində fəal iştirak etmişdi. Cabir Novruz Mədəniyyət Fondunun yaradıcısı kimi tədbirin maraqlı, yaddaqalan keçməsi üçün var qüvvəsilə çalışır, əlində qovluq hey ora-bura qaçırdı. Yubileydən 5 gün sonra evində qəfil dünyasını dəyişməsi də onu tanıyanları, dostlarını, ailə üzvlərini, Müşfiqsevərləri sonsuz kədərə bürüdü.

Xırdalan qəbristanlığında böyük qardaşları Mirzə ilə Vüqarın yanında dəfn olunan Müşfiq Cabiroğlunun anım mərasimində Yasamal icra hakimiyyətinin nümayəndələri də iştirak edib. Xızıdan isə mərasimə rəsmi olaraq mədəniyyət şöbəsinin və rayon qəzetinin rəhbərləri qatılıb.

Mərhumun yaxın qohumu Günay Novruz isə Müşfiq Cabiroğlu ilə bağlı xatirələrini İstiPress-ə də təqdim edib.