Gerçəkləşən bir Türkiyə sevdası: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!

Uzun illər idi ki, qardaş Türkiyə ilə bağlı istəklərim içimdə dərin bir yuva salmışdı. İşlər elə gətirib ki, son illər səhərimiz Türkiyə ilə açılır, gecəmiz də onunla sonuclanırdı. Bu illər ərzində bir həqiqəti çılpaqlığı ilə anladım ki, əgər Türkiyə olmasaydı, başımıza daha nələr gələ bilərmiş…

Son illər Türkiyə iqtisadiyyatında sürətli sıçrayış, xüsusilə hərbi-sənaye potensialının inkişafı, əhali sayının durmadan artması, dünyada analoqu olmayan nəhəng hava limanının tikintisi və bütövlükdə, dünya çapında bir sıra iri layihələrə imza atması daxili yadqanlıları və demək olar ki, dünya ölkələrini qarın ağrısına saldı. Daxildə və ətraf ölkələrdə Türkiyənin qanını belə içməyə hazır olan terrorçulara qarşı aparılan əzmkar mübarizə bütün Avropa ölkələrini, o cümlədən, ABŞ və Rusiyanı Türkiyə üzərinə səlib yürüşünə səslədi.Bütün bu hücumlara baxmayaraq, Türkiyə onların əlbir- dilbir şəkildə yaradacaqları Kürdüstan röyalarını gözlərində qoydu.
O üzdən, bu qardaş ölkə ilə yaxından tanış olmaq,insanları ilə təmas qurub, öz sevgi və sayğılarımızı bir-birimizə çatdırmağa çox ehtiyac duyurduq.
Onu da qeyd edim ki, 200 illik rus əsarəti bizi-Türkiyə (Anadolu) türkü ilə Azərbaycan türkü arasında dərin bir uçurum yaradaraq, onları bir-birlərindən çox uzaq salmışdı. Hətta belə, məşhur Çanaqqala savaşında Azərbaycan türklərinin onlarla çiyin-çiyinə vuruşması və elə həmin illərdə Azərbaycanı erməni-rus-ingilis faşistləri paramparça edərkən Nuru Paşanın Türk-İslam ordusunun Azərbaycanı necə xilas etməsi demək olar ki, yaddaşlardan silinməkdə idi.

Bütün dövrlərdə dövlətlər arasında bir sıra maraqlarla yanaşı, öz dövlət marağı daim öndə olub. Görürsən bəzən deyirlər ki, Türkiyə bizə kömək etmədi, bizi ruslara satdı, Qarabağın işğalına göz yumdu və sair. Əslində isə belə deyil, Türkiyə amili bizimçün çox önəmlidir. Münasibətlərdə qüsurlar isə həmişə olub…
GERÇƏKLƏŞƏN BİR TÜRKİYƏ SEVDASI: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!
Belə münasibətlərə ağız büzənlər olub, var və olacaq da. Mən də öz növbəmdə düşünürəm ki,əgər Türkiyə olmasaydı, bu gün rəsmi şəkildə Bakıda daşnaq-bolşevik bayrağı dalğalanardı…
Şübhə yox ki,iki qardaş dövlət arasında bu günün özündə də kifayət qədər yanlışlıqlar,zəif bəndlər mövcuddur. Elə götürək,bir millət,iki dövlət deyiminə. Bu,əslində bir yanlışlıqdır. Fəqət hər ikimiz göz yumuruq. Məntiq harada qaldı? Bir millətik, amma mən azərbaycanlı, sən türksən. Sənin dilin Türk dilidir, mənim dilim isə Azərbaycan dilidir. Vaxtilə bizim dədələrimizin, babalarımızın sənədində milli mənsubiyyətimiz Türk yazılanda, sizinkinə osmanlı yazılırdı. İndi görün hansımız daha çox Türkük…
Əslində isə biz hər ikimiz Türkük, Türk, arxadaşlar!
Nə isə, mövzudan yayınmayaq…
Xoş gördük, Türkiyə!
… Biz üç yoldaş idik-Valeh müəllim, Elçin müəllim və bəndəniz. İyulun əvvəllərində ötən ildən qərarlaşdırdığımız Türkiyə sevdası dalınca Tiflis- Batum yolu ilə qardaş ölkəyə yollandıq. Səfərimiz minik avtomobili ilə keçdiyindən, uzun bir yol qət etdik. İki həftəlik səfərimiz ərzində xeyli acılı-şirinli xatirələr yaşadıq.
Aqillər əbəs yerə deməyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.
İlk ayaq basdığımız məkan adı dillər əzbəri olan Uzun Göl oldu.Trabzon ərazisində yerləşən bu qənirsiz gözəl sanki Tanrının Türkə bir lütfü idi. Cənnət sevdası ilə yaşayanların bircə dəfə bu dilbər guşəyə baş çəkməsi yetər.
GERÇƏKLƏŞƏN BİR TÜRKİYƏ SEVDASI: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!
Cənnətin qucağında bir neçə gün qalıb, istirahət etməyə qərarlı olsaq da, burada gördüklərimizdən sonra fikrimizdən vaz keçdik. Belə ki, bura gələn turistlərin və eləcə də iaşə müəssisələri, restoran və kafeləri işlədənlərin 90-95 faizini qapqara örtüyə bürünmüş ərəblər təşkil edirdilər. Adama elə gəlirdi ki, Ərəbistanın bir əyalət şəhərindəsən. Burada hər hansı alkoqollu içkinin satışı və istifadəsi qadağandır. Bütün göstəricilər və reklamlar Türk dili ilə yanaşı, ərəbcə yazılıb.
Ertəsi gün buranı məyuscasına tərk edərkən, içimdən bir ağrı keçdi: “Görəsən bu gün dünyanın gözünə xəncər kimi pərçimlənmiş Türkiyə yaranışından bu günə kimi türkə zərrə qədər sevgi və sayğısı olmayan bədəvi ərəbi nədən bu qədər başa çıxarıb? Düşünürəm ki, bu,Türkiyə üçün Ərdoğan siyasətinin ən qaranlıq məqamı olacaq…
Tanrı gerisindən saxlasın.
Nə isə, yolçu yolda gərək.
Rizə, Trabzon, Ordudan keçərək,Sivasda gecələdik. Sonra Kayseri-Nevşehir istiqamətində hərəkət edərək çoxdan arzusunda olduğumuz, əsrlərin o üzündən bəri boylanan Kapadokiyaya yetişdik. Qumlu, tozlu bomboz çöllərdən ibarət olan bu turizm məkanı qayaların ortasında yerləşən təbii otaqları və qeyri-adi nəhəng kanyonları ilə adamı heyrətə gətirirdi. Hər səhər saat 05-də havaya qalxan və hər biri 20 nəfər götürə bilən hava balonları (şarları) buraya xüsusi bir gözəllik gətirirdi.
Buradakı qeyri-adi mənzərələri izləyəndə, özünü hardasa əsrlərin dərinliklərində hiss edirdin.
Burada 130 balon fəaliyyət göstərir.Balonla havaya qalxmaq adambaşına 120 avroya başa gəldiyindən, bu gözəllikdən istifadə edə bilmədik. Çünki qarşıda bizi daha uzun yol gözləyirdi.
GERÇƏKLƏŞƏN BİR TÜRKİYƏ SEVDASI: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!
Bir gün burada qaldıqdan sonra, sirli-sehrli Kapadokiyadan ayrılaraq,üz tutduq Türkiyənin ən iri turizm məkanı olan,sahillərini Aralıq dənizinin lacivərd sularının yaladığı Antalya bölgəsinə. Şəhərətrafı qəsəbələrlə birgə əhalisi bir milyon üç yüz on bir min nəfər təşkil edən Antalya doğrudan da deyildiyi kimi varmış. Aralıq dənizi sahili boyu cərgələnmiş Alaniya, Antaliya, Beldibi, Köynük və Kəmər Türkiyənin ən böyük turizm bazalarından biridir. Buraya istirahətə gələn turistlərin 80-90 faizini demək olar ki, ruslar təşkil edir.
Subtropik iqlimə malik olan bu diyar, turizmdən başqa, kənd təsərrüfatı məhsullarının, o cümlədən, meyvə-tərəvəz istehsalı ilə də fərqlənir.
Üzəri şam ağacları ilə örtülmüş, ağılagəlməz sıldırım qayaların qucağına sığınmış bu bölgə turizm üçün çox əlverişli məkandır. Kəmərin isə heç əvəzi yoxdur.
Buradakı Göynük qəsəbəsi mənim daha çox marağıma səbəb oldu. Lakin bu Göynüklə bizim Şəkinin Göynüyü arasında hər hansı bir bağın olmasını öyrənə bilmədim. Düşünürəm ki,bunlar arasında bir bağlılığın olması mütləqdir.
Biz mavi Xəzərin qumlu sahillərinə öyrəşdiyimizdən, deyərdim ki, Aralıq dənizinin bu hissəsi də Qara dəniz kimi qum sarıdan çox qısırdır.
Dörd günlük Antalya səfərindən sonra əsas hədəflərdən biri olan,buradan 700 km məsafədə yerləşən paytaxt Ankaraya üz tutduq. Tezdən çıxıb günün ikinci yarısında Ankaraya varid ilduq. İlk ziyarətimiz Anıt Qəbirə oldu. Burada sanki sehrli bir aləmə düşmüşdük. Buraya insan selinin ardı-arası kəsilmədən axması Ataya-Mustafa Kamal Paşaya ümümxalq məhəbbətinin təcəssümü idi.
Ziyarətə gələn turistlər də çox idi. Bax, öndərlik, ona olan sevgi və məhəbbət buna deyərlər.
Növbəti ziyarətimiz təbii ki, Ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin qardaş qucağına sığınmış məzarı oldu. Məzarlığın girişində bizi qarşılayan mühafizə rəhbəri gəlişimizdən və məqsədimizdən çox məmnun qalaraq, işçilərindən birini bizə bələdçilik etməyi tapşırdı. Bu bəy də xidməti avtomobili ilə nəhəng qəbrstanlığın dolanbac yollarından keçərək bizi Məhəmməd Əmin bəyin məzarı yanına gətirdi.
GERÇƏKLƏŞƏN BİR TÜRKİYƏ SEVDASI: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!
Yüngülvari təmir olunmuş, Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş məzar sanki bizi sehrləmişdi. Bu nədir, İlahi, qəhərdən ağzımız qıfıllanmışdı, dilimiz-dodağımız təpimişdi…
Bu anlar məzar ətrafında ölü bir sükut hökm sürürdü. Bir haya bənd imiş kimi, bir-birimizə baxanda özümüzü hönkürməkdən saxlaya bilmədik. Bu anlar biz nələr yaşayırdıq, bilmirəm…
Hıçqırıq və göz yaşları içərisində bir anlıq düşündüm ki, sanki Qarabağda düşmən tapdağında qalan Dədəmin məzarını ziyarətə gəlmişəm…
Şükürlər olsun ki, Ulu öndərimizin məzarı düşmən tapdağında yox, qardaş qucağına sığınıb. Qayıdan başı dəyərli araşdırmaçı-yazar qardaşımız Xaqani Rzaqulubəydən öyrəndim ki ,Məhəmməd Əmin bəyin məzarını bir neçə il öncə Almaniyada yaşayan Təbrizli bir Türk qardaşımız təmir etdirib. Ona qəlbən sağ ol desəm də, bu, ulu öndərimiz üçün çox azdır.
Və elə buradaca Məhəmməd Əmin Rəsulzadəyə göstərdikləri sevgi və sayğıya görə uca səslə dedim: “Sağ ol Türk milləti, var ol Türkiyə!”
GERÇƏKLƏŞƏN BİR TÜRKİYƏ SEVDASI: XOŞ GÖRDÜK VƏ XOŞCA QAL TÜRKİYƏM!
Türkiyənin Qara dəniz sahili şəhərlərindən – Samsun, Ordu, Trabzon, Rizə, Arhavi və Hopa şəhərlərindən keçərək, Gürcüstana daxil olduq. Burada-Borjomi istirahət mərkəzində üç gün dincəlib, Vətənə döndük.
Türkiyə səfərimiz haqqında bitib-tükənməyən təəssüratlarımı kiçik bir yazıda verə bilməsəm də, bəzi məqamları dilə gətirmək istərdim: “Türkiyə ərazisində qət etdyimiz dörd min beş yüz km məsafədə yəqin etdim ki, Türkiyə ərazisinin üçdə ikisini dağlıq ərazilər təşkil edir, florasına görə Qara dəniz bölgəsini Türkiyənin ən cənnətməkan bölgəsi hesab etmək olar. Türkiyə yüksək səviyyəli yol infrastrukturuna malikdir, burada xidmət səviyyəsi çox yüksəkdir. Ən öyünməli məqamlardan biri burada şəhərsalma mədəniyyətinin yüksək olmasıdır. Türkiyə şəhərlərində İstanbul və Ankara istisna olmaqla, buralarda göydələnlərə rast gəlmək müşkül məsələdir”.
Bunları sadalamaqla qurtarası deyil.
Birsözlə, üç yoldaş bir neçə gün ərzində qardaş Türkiyədə əsil ömür yaşadıq.
Hamımızın sevə-sevə izlədiyi,məşhur “Qurdlar vadisi” serialının baş qəhrəmanı Polad Əlamdarın (Necati Şaşmazın) çox məntiqli bir deyimi var: “Dünya bir gündür, o da bu gündür!”
Daim var olasan, Türkiyə, sən Türkün, türklüyün qibləsisən! Sən olmasaydın, dünyamız çox miskin görünərdi. Sənsiz Turan sevdamız röyalardan başqa bir şey olmazdı.
Tanrı səni qorusun, Türkiyə!
Xoşca qal, Türkiyə!

Sevgi və sayğılarla, Allahverdi Dərd

75 Baxılıb