“Partizan müharibəsi” başladı: İrandan sonra Rusiya Hədəf Taxtasında

Suriyada daşlar yenidən qarışır və hədəf taxtasına İranla yanaşı Rusiya da qoyulur. Son iki gündə baş verən iki hadisə müharibənin gündəlik həyat tərzinə çevrildiyi Suriyada nə qədər adi görünsə də, geosiyasi oyunun bir parçası olduğu məlumdur: Suriya ordusuna məxsus Rusiya istehsalı olan “Sukhoi” döyüş təyyarəsi İsrail ordusu tərəfindən vuruldu; uzun müddətdir “yoxa çıxan” İŞİD terror qruplaşması dünən yenidən “xortladı” və Suriyanın Əs-Suveyda şəhərində 100-dən çox insanın ölümü, 180-nə qədər insanın yaralanması ilə nəticələnən terror aktı törədildi. Və bu, hələ proseslərin başlanğıcıdır.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Siqankov deyir ki, “An-Nüsrə” Cəbhəsi də daxil olmaqla, bir neçə qruplaşmanın döyüşçüləri Suriyada hökumət qoşunlarının mövqelərinə hücuma hazırlaşırlar.

Rusiya hərbçiləri bir neçə istiqamətdə terrorçuların böyük qruplarının konsentrasiyanı qeydə alıblar. Əldə etdiyimiz informasiyaya görə, “An-Nüsrə” Cəbhəsi, “Cəbhə Tahrir Li Suriya”, “Sukur aş-Şam” və “Feylak aş-Şam” qruplaşmalarının liderləri hökumət güclərinin mövqelərinə hücumun həyata keçirilməsi üçün birgə operativ qərargahın yaradılması haqqında razılaşıblar. Böyük qruplaşmaların konsentrasiyası eyni vaxtda bir neçə istiqamətdə – şimali Latakiya dağları, İdlib və Hama əyalətlərinin sərhədindəki El-Qab vadisi və Hələb şəhərinin qərbindəki rayonlarda qeydə alınıb. Sözügedən ərazilərə döyüşçülərin seçmə hissələri və zirehli texnika çəkilir”, – general danışır.

Bu hadisələrin iyulun 23-də Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nəticəsiz görüşündən sonra baş verməsi diqqət çəkir.

Görüşdə İsrail İran qoşunlarının Qolan təpələrindən geri çəkilməsi haqqında Rusiyanın tərəfinin təklifini rədd etdi. Danışıqların gedişindən xəbəri olan adının açıqlanmadığı məmurun “Röyters”ə verdiyi məlumata görə, Rusiyanın irəli sürdüyü təklifin mahiyyəti İran qoşunlarının atəş xəttindən 100 kilometr uzaqlığa aparılmasından ibarət idi. Mənbənin sözlərinə görə, Netanyahu Lavrova “biz iranlılara hətta sərhəddən 100 kilometrdə möhkəmlənməyə imkan verməyəcəyik” deyib.

“Haaretz” qəzetinin yazdığına görə, ikisaatlıq görüşün gedişatında İsrail tərəfi Suriyada İran güclərinin yerləşməsinin xəritələrini nümayiş etdirib və atəş mənzili 100 kilometr olan bütün silahlar və hava hücumundan müdafiə vasitələrinin aparılmasını, həmçinin yüksək dəqiqlikli silahların istehsalının dayandırılmasını və belə silahların çatdırılmasına maneə olmaq üçün Suriya və Livanın sərhədlərinin bağlanmasını tələb edib. Netahyahu bildirib ki, Rusiyanın buna nəzarət etmək imkanları var.

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin iyulun 16-da Helsinkidə keçirdiyi görüşdən əvvəl prezidentlərin Suriyanın cənubunda İran gücləri və iranmeylli qrupların İsrail sərhədindən uzaqlaşdırılması haqqında razılaşa biləcəkləri gözlənilirdi. “Bloomberg” agentliyi yazırdı ki, Putin regionda İran güclərinin Dəməşqə loyal qüvvələrlə əvəzlənməsi haqqında ABŞ və İsrailin təklifləri ilə prinsipial olaraq razılaşıb. Lakin görüşdən sonra Suriya üzrə konkret razılaşmaların əldə olunduğu barədə informasiya verilmədi. Tramp isə bildirdi ki, İsrailə kömək etmək üçün Suriyada Rusiya ilə əməkdaşlıq etmək istəyərdi.

“Die Welt” nəşrinin siyasi şərhçisi Rixard Hersinqer deyir ki, Suriyada İsrail və Rusiya arasındakı razılaşmada çoxlu çatlar mövcuddur.

“İsrail istəyir ki, Moskva Suriyada İrana qarşı çıxsın, amma rusların vədləri dumanlıdır. Putinə və onun strateqlərinə aydındır ki, İrana bağlı döyüşçülər olmasa Əsəd rejimi bir gün tab gətirə bilməz. Və bu gün Suriya ordusunda Əsədə bağlı və İrana bağlı qüvvələri bir-birindən ayırmaq praktiki olaraq mümkün deyil. İran döyüşçüləri son vaxtlar İsrailin hücumlarından yayınmaq üçün Suriya hərbi formasını geyinirlər. Rusiya Əsəd rejimi ilə İsrail qarşıdurmasının qarşını almaq üçün Yerusəlimə müəyyən təkliflər verir. Lakin göründüyü kimi, Netanyahu Putinin səmimiyyətinə inanmır. Kremlə siqnal verilir ki, İsrail onun qəyyumluq etdiyi Əsədə rəhm etməyəcək. Suriyaya məxsus rus istehsalı təyyarənin vurulması da bu mesajın tərkib hissəsidir”, – deyə Hersinqer vurğulayır.

Hesab etmək olar ki: Rusiyanın vədlərinə inanmayan İsrail Suriyada rıçaqlarını yenidən işə salır; əsas hədəf İrandır, lakin Tehrana bu və ya digər formada dəstək verən qüvvələr də eyni cərgəyə qoyulur; ruslar İranla eyni hədəf taxtasına çıxarılır.

Rusiyalı ekspertlər dünən Suriyada baş verən terror aktını “partizan müharibəsi” adlandırıb.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Boris Dolqov hesab edir ki, terror qruplaşmalarının fəaliyyəti Suriyadakı güclərin davranışları ilə bağlıdır: “Suriyada bir sıra güclər mövcuddur, terror qruplaşmalarınən fəaliyyətini də bu güclər yönləndirir. İsrailin son zamanlar göstərdiyi fəallıq Suriyada sabitliyi pozan amildir. Hərçənd, İsrail öz təhlükəsizliyini qorumaq hüququna malikdir, lakin bunu Suriyaya qarşı etməməlidir”.

Ekspert qeyd edir ki, İŞİD məhv edilir, onların nəzarətində olan heç bir ərazi yoxdur.

“İndi İŞİD-in ayrılıqda hərəkət edən qruplaşmaları mövcuddur. Ehtimal ki, terror aktlarının baş verməsi İŞİD-in “dirçəlişi”nə gətirib çıxaracaq”, – deyə o bildirib.

Rusiyalı ekspert Serqey Seryoqiçevin fikrincə, baş verən terror aktı “İŞİD-in can verən qalıqlarıdır”.

“Bu partizan müharibəsidir və kifayət qədər uzun müddət davam edəcək”, – deyə o bildirib.

53 Baxılıb