Paşinyan Nazarbayevə niyə zəng etdi? – Şərh

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Telefon söhbətinin təşəbbüskarı Paşinyan olub. Bunu Qazaxstan prezidentinin saytı da xüsusi olaraq vurğulayıb. Telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olunub.

Turkustan.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin:

“Görünür, əsas məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır.

Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sərkisyanın üzünə oxumuşdu”.

Politoloq bildirib ki, Nazarbayevin Azərbaycana qarşı mövqeyində dəyişiklik yoxdur və Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək:

“Yəqin Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub.

Paşinyanın bu məsələni Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskva təşkilata arxa baxçası kimi baxır. Paşinyanın Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın qəti etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək”.   /axar.az/