Almaniya Mərkəzi Bankından İrana sarsıdıcı həmlə : 400 milyonluq zərbənin detalları

ABŞ-ın İrana yönəlik sanksiyalarından sonra, Almaniya Mərkəzi Bankı Tehrana ilk zərbəni vurub.

Turkustan.info xəbər verir ki, Amerikanın İrana qarşı sanksiyaları artıq öz bəhrəsini verməkdədir. ABŞ bu istiqamətdə Almaniyanın maliyyə sektorundan dəstək əldə edə bilib. Almaniyanın mərkəzi bankı hesab edilən Deutsche Bundesbank Tehrana 400 milyon dollar civarındakı nağd pul köçürməsini dayandırıb.

Amerikanın noyabr ayında tətbiq edəcəyi iflicedici bank sanksiyaları öncəsi İran ölkə iqtisadiyyatının qoruyub saxlamaq üçün nağd pula ehtiyacı olduğu üçün xarici ölkələrdən sağlam maliyyə almaq axtarışına çıxdı. Bu zaman Almaniya İranın sahibi olduğu European-Iranian trade bank (EIH) Avropa-İran Ticarət Bankının Hamburqda fəaliyət göstərməsinə razılıq verdi. EIH hazırda 400 milyon dollardan çox pulu əlində saxlayır ki, noyabr ayında İran bankları və enerji sektoruna təzyiq edilən zaman, Tehrana bu pulu nağd formada təqdim etsin.

Deutsche Bundesbank isə keçmişdə Amerikanın İrana qarşı sanksiyaları zamanı EIH ilə işbirliyində olub. ABŞ və AB bundan öncə EIH-ə İranın nüvə proqramı ilə bağlı olaraq sanksiya tətbiq edib. Bu sanksiya 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edildikdən sonra aradan qaldırılıb. Almaniya Mərkəzi Bankının Tehrana 400 milyon dollarlıq nağd pulu verməkdən imtina etməsini ABŞ-ın Berlindəki səfiri Riçard Grenell qələbə zəfəri kimi dəyərləndirib. O öz Twitter səhifəsində “ Alman həmkarlarımızla yaxın əməkdaşlıq hesabına İranın fəaliyyətlərini dayandırmaqla bağlı hərəkətə keçdikləri üçün təşəkkür edirik” yazıb.

Almaniyanın bu qərarı avqustun 25-dən etibarən qüvvəyə minəcək.  /Avropa.info/