Orxan Camal öldürülməmişdən jurnalistlər kimə və niyə zəng vurublar?

Yeni detallar Orxan Camal cinayətinə yenidən baxmağa məcbur edir

 Mərkəzi Afrika Respublikasında həlak olmuş jurnalistlər qətldən əvvək onlara səfərdən imtina etməyi təklif edən hərbi patrulla mübahisə ediblər. Yeni faktlar MAR-dakı Rusiya səfirliyinin əməkdaşlarının yerli jandarmeriyanın rəhbərliyi və hücum zamanı sağ qalmış sürücü ilə görüşündən sonra məlum olub. Turkustan.info-nun xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkirmişlər. Məlumatlara əsasən, iyulun 30-da onları blokpostda saxlayıblar və daha sonra ölüm xəbərləri gəlib. Hər üç şəxs avqustun 7-də Moskvada dəfn edilib. 

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğlu idi. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

“Hazırda müəyyən edilib ki, onların irəli getmək istəyi və yerli rəsmilərin buna kəskin etirazı mübahisəyə səbəb olub. Lakin bu mübahisənin nəticəsində onların irəli getməsinə icazə verilib”, — Zaxarova deyib.

Onun sözlərinə görə, rusiyalıların qətlinin detalları araşdırılır. “Hazırda Rusiya yerli rabitə operatoruna sorğu hazırlayır. Sorğuda həlak olanlar tərəfindən edilmiş zənglər və göndərilən SMS-lər barədə məlumat vermək xahiş olunacaq” — XİN təmsilçisi əlavə edib.

O bildirib ki, MAR rəsmiləri də cinayətin istintaqı üçün rusiyalı müstəntiqləri qəbul etməyə hazır olduqlarını ifadə ediblər.  /sputnik.az/