Paşinyan Ermənistanı iç savaşa sürükləyir

Ermənistanda siyasi gərginlik pik həddə çatıb.

“Məxməri inqilab”la Serj Sarkisyan rejimini devirərək hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət artıq narazılıq doğurmağa başlayıb. Son 30 ildə Azərbaycana qarşı hərbi təcavüzkar siyasət yeritmiş Ermənistanın siyasi, iqtisadi dumru onsuz da ürəkaçan deyildi. Yeni hakimiyyət gəldikdən sonra problemlər bir az da artıb. Müstəqillik dövründən bu günə qədər Rusiya və İranın dəstəyi ilə ayaqda durmağı bacaran Ermənistan Paşinyan dönəmində bu dəstəyi itirmək təhlükəsilə üz-üzə qalıb. Paşinyan rejimi hazırda ölkəni siyasi qarşıdurma meydanına çevirir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs olunması və Serj Sarkisyanın da bu təhlükə ilə üz-üzə qalması ümumi siyasi mənzərəni xeyli gərginləşdirib. Artıq erməni politoloqları da yaxınlaşan təhlükə haqqında məlumatlar verirlər.

Politoloq Vigen Akopyan jurnalistlərə açıqlamasında Paşinyana qarşı vahid müxalifət qütbü formalaşdığını deyib. “Respublikaçı və Daşnaksütyun partiyaları yeni müxalifət yarada bilərlər. Bütün proseslər isə Köçəryanın həbsinin ətrafında gedir.

Köçəryan Yerevana qayıdan zaman həbs ediləcəyini böyük ehtimalla bilirdi. Onun bu qərarına bir neçə faktor təsir edib. Belə ki, ya eks-prezidentə toxunulmazlıqla bağlı xarici və daxili zəmanətlər verilib, ya da ki, o, böyük siyasətə qayıtmaq qərarına gəlib. Bu işdə ona əsas dəstək Respublikaçı Partiyasından gələcək və böyük ehtimalla gələcəkdə buna Daşnaksütyun Partiyası da qoşulacaq”-deyə, erməni politoloq Ermənistandakı mövcud siyasi vəziyyəti şərh edib.

Nəzərə alsaq ki, hazırda parlamentdə keçmiş prezident Serj Sarkisyanın Respublikaçılar Partiyası üstünlük təşkil edir. Yəni, bir növ siyasi güc hələ də Sarkisyandadır. Sarkisyanın partiyası Köçəryana dəstək verərsə, o, zaman siyasi tarazlıq Paşinyanın əleyhinə dəyişəcək. Digər tərəfdən, bir neçə gün öncə Köçəryanın gələn il keçirilməsi nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürəcəyi ilə bağlı da məlumatlar yayılmışdı. Bu məlumatları Köçəryanın ofisinin rəhbəri də təsdiqləmişdi. Yaşanan son siyasi hadisələri və yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, görünən odur ki, Ermənistan yaxın aylarda daxili savaşla üz-üzə qalacaq.

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Paşinyan hakimiyyətinin ilk 100 gününü uğursuz qiymətləndirib. N.Məmmədova qeyd edib ki, daxili narazılıqlar Paşinyanın nəzərdə tutduğu növbədənkənar seçkilərin vaxtını uzada bilər: “Avqustun 8-də Paşinyanın hakimiyyətə gəlməsinin 100 günü tamam olur. 100 gün, adətən, siyasətçi, hakimiyyətdə olan dövlət başçısı üçün əlamətdar sayılır və onun hakimiyyətinə ilkin qiymət verilməsi dövrü olur. Paşinyanın 100 günü təzadlı bəyanatlarla, daxili ziddiyyətlərin kəskinləşməsi, xarici siyasətdə əvvəlki qazanılmış mövqelərin – xüsusilə, Rusiya, Avropa Birliyi və İranla münasibətlərin geriləməsi, klanlararası mübarizə, Qarabağ klanının siyasi səhnədən silinməsi, iqtisadi imkanlarının zəiflədilməsi ilə səciyyələndirilə bilər. Bütün bu uğursuzluqların fonunda Paşinyan payızda parlament seçkiləri keçirməyə çalışırdı. Lakin müxalifətin müqaviməti və Rusiyanın narazılığı səbəbindən onu daha gec bir tarixədək təxirə sala bilər”.

Politoloq qarşıdakı dövr üçün Ermənistanda daxili vəziyyətin daha da gərginləşəcəyini deyib. Nəzakət Məmmədova vurğulayıb ki, Ermənistanda siyasi gərginlik qaçılmazdır: “Paşinyana qarşı müxalif qütblərin formalaşacağı heç kəsdə şübhə doğurmurdu. Çünki onun köhnə daşları yerindən oynatmaq cəhdi mütləq bu cür müqavimətlə qarşılaşmalı idi. Qarşıdakı aylarda və ümumiyyətlə hakimiyyətdə qalacağı dövrdə Paşinyanın rəqibləri – istər daxili, istər xarici qüvvələr tərəfindən müqavimətlə qarşılaşacağı aydın görünür. Ermənistanda parlament seçkiləri ərəfəsində və ondan sonra isə vəziyyət xeyli gərginləşəcək. Bu qaçılmazdır”.  /Cebhe.info/