Saytların arxivi harda və necə saxlansın? – EKSPERTDƏN TƏKLİF

Məlumdur ki, yazılı mətbuatın arxivinin toplanması və qorunması mümkün olduğu halda, elektron mətbuatla bağlı vəziyyət bir qədər fərqlidir. Buna görə də elektron mətbuatda yayılan informasiyalara uzun illər sonra da əlçatanlığı təmin etmək müzakirə edilir.

“İnformasiya resursları Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Uzun illər burada addım-addım xeyli informasiya ehtiyatı formalaşıb. Bu, Azərbaycanın inkişafı, maraqları, təhsil, elm, siyasi və bütün sahələr üçün faydalı ola biləcək informasiyaların toplanması deməkdir”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz məsələyə münasibət bildirərkən deyib. 

O deyib ki, bu informasiyalar həm daxili, həm də xarici fəaliyyət üçün faydalıdır: 

“Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində olan ölkələrdən biridir və bizə qarşı informasiya müharibəsi aparılır. Buna görə də  milli informasiya resursu yaradılması mümükndür. Yəni, elə resurslar ola bilər ki, onlara milli resurs statusu verilər və bu resursların gələcək taleyi müəyyən olunar. Təbii ki, bunun xərcləri də qarşılanmalıdır. İlk olaraq, bunun üçün aidiyyatı qurum müəyyən olunmalıdır. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ola bilər, onun Data Mərkəzi var və bu cür resurslar orada yerləşdirilə bilər”. 

O.Gündüz həmçinin qeyd edib ki, Azərbaycan üçün problemli cəhətlərdən biri də milli informasiya resurslarımızın əksəriyyətinin xaricdə olmasıdır: 

“Bizdəki data mərkəzlərdə saytların arxivlərinin yerləşməsi və aidiyyatı qurumun yaradılması ilkin addımdır. Bundan sonra isə artıq hansısa yolla girişi həmin qurum da təyin edə bilər”.   /Cebhe.info/

24 Baxılıb