Söz xəzinədarı Əlisa Nicat – 82

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti 

Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi yazarlar da  vardır ki, illər, qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur… Dahilər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz bir böyük insan, istedadlı bir şair, yazıçı  haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz ustadlarından biri də Əlisa Nicatdır.  Əlisa Nicat istedadlı yazıçı olmaqla yanaşı, həm də görkəmli şəxsiyyət, ziyalı qələm əhlidir. Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar  isə elin etibarını, ümidini doğrultmağı  müqəddəs borc sayırlar. Bizim isə ən şərəfli borclarımızdzn biri  də müasir ədbiyyatımızın incilərindən sayılan görkəmli yazıçı, filosof, publisist və tarixçi  Əlisa Nicatın 82 illik yubileyi münasibəti ilə ona səmimi təbriklərimizi bildirək.

    Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı tamamlayıb. 1955-ci ildə “Ədəbiyyat və incəsənət”, “Bircə söz” adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib.

Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa saysız tərcümələr, şeirlər, esselər, povestləri var. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib.1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.

Müasir Azərbaycan nəsrinin sevilən imzalarından biri-Əlisa Nicat haqqında danışmaq  bədii sözün sirlərinə bələdlik və zehni intelektuallıq tələb edir. Ədəbiyyatımıza bir sıra dəyərli romanlar və povestlər, çoxlu sayda hekayə, pritça və esselər bəxş etmiş yazıçının bədii dünyası zənginliyi və təkrarsızlığı ilə diqqəti çəkib. Onun əsərlərində hər şey canlı təsir bağışlayır, inandırıcı görünür,  insanı sehrinə salır, ovsunlayır. Sözün dəyərini və çəkisini bildiyi üçün o, gərəksiz yerə yazmır, yazdıqlarının arxasında bəlli bir məram və niyyət durur. Bütün zamanlarda, istisnasız olaraq, yazıçının bədii qüdrəti ilə yanaşı, onun şəxsiyyəti, kimliyi, mövqeyi maraq doğurub, mübahisə obyektinə çevrilib. İnanırıq ki, daima, qərinələr ötsə belə onun əsərləri geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək, dəyişən, yeniləşən zamanla birlikdə təzəliyini, təravətini qoruyub saxlayacaqdır…

Gec də olsa alışdım

Bu səhnənin sirrinə

 Milyon-milyon aktyor

Qarışıb bir-birinə…

Tamaşaçı tək mənəm

  Əlisa Nicat bizim XX əsr ədəbiyyatımızda bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu daha böyük müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan vətənçi, milli poeziya məktəbimizdir. Birinci Rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azadlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi.

 Əlisa Nicat elə sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və zəngin olur. Yazıçı, filosof publisist, tarixçi, şair, içtimai xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış, vətəndaşlıq mövqeyi və özünəməxsus poetik dünyası ilə seçilən ana vətəninin ürəyində doğulmuş, diləyində həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan  qüdrətli söz ustasıdır. O, yorulmaz mübarız, gələcəyə nəzər salan arzular yazarıdır.

O, Azərbaycan yaşadıqca heç bir zaman qüruba enməyəcək bir dahidir. O, gəncliyimizin sevimli tarixi romançısı, cavanlığımızın publisisti, şairi, müdriklik çağımızın isə filosofudur. Tarixin hər bir dönəmi üçün onun yaradıcılığı, düşüncələri aktualdır. O, Azərbaycan fəlsəfə tarixinin parlaq bir günəşidir. Ən əsası o, hər bir oxucuya xitab etməyi bacaran Əlisa Nicatdır.

Ə.Nicat mətbuata verdiyi müsahibələrinin birində qorxunc sovet dönəmində türkçülüklə bağlı araşdırmalar aparmasının səbəblərini belə izah edir: “Mən türkçü olmaqla türkdilli xalqların tarixinə edilən haqsızlıqlara etirazımı ifadə edirdim. Türkçülüyüm sosializmə, ideoloji köləliyə olan etiraz idi”. Əlisa Nicat Azərbaycan tarixində türk-şumer əlaqələrini üzə çıxaran, atalarımız iskitlərin, hunların yaşam tərzini bizə anladan, dünyanın şölələnən mərkəzi olan Midiyanın ənənəvi sovet tarixşünaslığından fərqli olaraq Azərbaycan-türk dövləti olduğunu sübut edən, Zərdüştün bu torpaqlarda yaşamasını isbatlayan ilk tədqiqatçılardan olub.

 Türk-şumer qohumluğuna dair ilk tədqiqatçılardan olan Ə.Nicatın bu sözü acı həqiqətdən xəbər verir: “Ax… Əgər bu saysız hesabsız Şumer dil kitabələrində bircə dənə slavyan sözü, sanskrit sözü, yunan sözü, heç olmasa hər hansı bir qondarma Hind-Avropa sözü tapılsaydı, heç olmasa onlara bənzəyən bir söz tapılsaydı. Ax, ax.. O zaman gör, dünyanın böyük-böyük şəhərlərində neçə-neçə şumerşünaslıq mükafatları təsis olunardı. Hər il şumerə aid dünya dillərində yüzlərlə kitab nəşr edilərdi”.

 Yazıçı haqlı idi, çünki şumer-türk əlaqələrinə dair yetərincə bilgilər olduğu halda türk tarixşünaslığında tədqiqatlar həddindən artıq azdır. Amma Ə.Nicat Sovet dönəmində tarix tabularını sındıraraq bu sahədə məqalələr hazırladı. Bu tədqiqatlara kifayət qədər yazılar daxildir. Sərkərdəsi krallar olan Atillanı, Romanın varlığına son qoyan hun Odoakrı onun sayəsində tanıdıq. Məhz onun tərcüməsində Atillanı öz gözləri ilə görmüş Bizans elçisi Paniyalı Priskin “Xatirələr”ini oxuduq. Və yenə də oxuyacağıq. Hazırda əsərlərinin toplandığı 26 cildlik külliyyatın 18-ci cildi məhz türkçülüklə bağlı yazıları əhatə edəcəkdir.

“Əlisa Nicatın ən dəyərli yönü də məhz budur. Onun roman və povestlərinin qəhrəmanları Şah İsmayıl, Mirzə Şəfi Vazeh, Zərdüşt, hekayələrinin qəhrəmanları Atilla, Tomris, Mete, Qam Ata, Astiaq idi. Son dönəmlər yazmış olduğu “Sasanilərin sonu”, “Ehramlar”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və İblislər”, “Rza xan”, “Artakserks və bitlisiləşmiş türklər” əsərləri onun şedevrləridir. Ən əsası Əlisa Nicat Azərbaycan ədəbiyyatında pritça janrının ustadıdır.

 Əlisa Nicat müdriklik məbədinin memarı sayılır. Yazıçının ayrı-ayrı kitablarında və dövri mətbuatdakı çıxışları fəlsəfi ədəbiyyatla kifayət qədər ciddi məşğul olduğu görünür. Bu haqda yazıçı belə demişdir: “Fəlsəfə bir elm kimi poeziya qədər qədimdir və bəlkə də, dünyanın ilk elmlərindən biridir. Bu sahədə bəşər mədəniyyəti üçün böyük irs toplanıb. Fəlsəfə mənim həyatın, varlığın, insanın mənası haqqında düşüncələrimə qida verdiyi üçün məni cəzb eləyir.

 Biz  Əlisa Nicatın orijinal şeirləri, gözəl, mənalı hekayələri maraqlı müasir və tarixi povest və romanları, misilsiz pritçaları (o, ədəbiyyatımızda bu janrın banisidir) və kəskin, zəngin publisistikasından ayrı-ayrılıqda bəhs etmir, onların bədii və fəlsəfi məzmunundan geniş danışmırıq. Çünki bu, mütəxəssislərin və gələcək doktorluq dissertasiyalarının işidir. Çünki  Əlisa Nicatın zəngin yaradıcılığı çoxdan onun Mirzə Fətəli Axundov, Mirzə Ələklbər Sabir və Mirzə Cəlil kimi çox vaxt tərbiyələndirməyə çalışdığı Azərbaycan xalqının sərvətidir.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir. Ə.Nicat təkcə fəlsəfə tarixini araşdıran bir alim deyil, fələfi düşüncələri ilə düşüncələrimizə yön verən bir dahidir. Onun yazmış olduğu min səhifədən çox olan və bəşəriyyətin 2500 illik fəlsəfi fikir tarixini ehtiva edən “Müdriklik məbədi” fəlsəfəsi əsəri ilə onu həmin məbədin memarı adlandırmaq olar.

 Əlisa Nicata görə millət bir orqanizmdir, onun hansı hissəsinə toxunsan dərhal bütün hissələrə informasiya çatır, hamı reaksiya verir və köməyə gəlir, onlar arasında gözəgörünməz tellər olur, haqsızlıq baş verdiyi təqdirdə laqeydlik və biganəlik göstərilmir. Yəni Əlisa Nicata görə millət bir tamdır, onun bütün üzvləri vəhdətdədir. İnsanın ilk qorxusu totalitar rejimlərlə, onların gizli, amansız repressiv aparatının yaranması ilə başladı. Dünyada insandan başqa həqiqəti danan bir məxluq yoxdur, əgər həmin məxluqlar hakimiyyəti təmsil edirlərsə, bu həyat üçün faciədir.

            Qocalığın sahilində

İllər boyu tənhalıqdan

Sakitlikdən ləzzət alıb

Zülm dolu, zalım dolu

Dövranları yola salıb,

Gəlib çatdıq qocalığın

Çiçəklənən sahilinə.

  82 yaşını haqlayan dəyərli ustad bu gün özünün yazdığı şeirdə qeyd etdiyi kimi qocalığın çiçəklənən sahilindədir. Müdriklər ən dəyərli əsərlərini məhz bu çağlarda yaradır. Gənclik dövründə yaşadığı dönəmin təlatümləri səbəbindən Ə.Nicatın yaradıcılığının ən parlaq dövrü son onilliklərə məxsusdur.

  Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyanı dolaşır. Daha sonralar  ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. Əlisa Nicat da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq…

Dərin və geniş idraka, yüksək bədii təfəkkürə və zövqə, incə estetik duyuma malik sənətkarın yaradıcılığına bu qayğı-millətimizin gələcəyinə qoyulan kapitaldır. Deməli millətimiz yaşayacaq və inkişaf edəcək. Digər müasirlərimiz kimi Ə.Nicatın  da əsərləri hörmətli oxucularımız üçün dəyərli töhfə olacağına əminik. Mənəvi sərvətimizin sanballı incilərindən olan böyük vətəndaş-şair-yazıçı, publisist, tərcüməçi, tədqiqatçı, filosof Ə.Nicata möhkəm can sağlığı və yeni-yeni uğurlar arzusu ilə:

 Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərlə, pıçıdayaraq qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda neçə-neçə türk dili mücahidlərini qorusun. 

            Söz xəzinəm tükənməyib,

 Hələ hünər qabaqdadır.

 Neçə povest, ya hekayə,

Neçə əsər qabaqdadır.

Yağsa da qar, yağış dolu,

                        Hələ ürək ümid dolu.

                        Keçməliyəm böyük yolu,

                        Sevinc, kədər qabaqdadır.