“Bizim sevdamız məzara qədərdir”, H.Kılıç

“Can Azərbaycan” kəlməsi dilimizdən yox, bağrımızdan çıxır”. Bu sözləri Türk Dünyası Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç deyir həmişə.

Azərbaycanda bir müddət Türkiyə səfiri olmuş Hulusi Kılıçın adı türk dünyasında hamıya tanışdır. O, 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri, 2012-2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Baş İdarəsinin müdiri, daha sonra Türkiyənin Moldovadakı səfiri olub. Ötən ilin mart ayından diplomat kimi təqaüdə çıxan diplomat hal-hazırda Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) Xarici Əlaqələr üzrə baş koordinatorudur.

  Bu gün belə Azərbaycanla əlaqəsini kəsməyən, tez-tez bu ölkəyə səfər edən, dostlarına dəyən, türk dünyası sevdalısı olan Hulusi Kılıçdan müsahibə aldıq. Söhbətə belə başladı.

– Bilirsiniz ki, Azərbaycan mənim ikinci vətənimdir və orada çox dostlarım var. Onları görməyə gedirəm, Bakını gəzirəm. İyul ayındakı hələlik son səfərimdə Türkiyənin Azərbaycandakı Şəfirliyinə də baş çəkdim. İndiki səfirimiz Erkan Özoralla 2008-2009-cu illərdə bir il yarım birlikdə çalışmışıq.  

 

Hər Bakıya səfərimdə ölkədə bir inkişaf görürəm. Turistlərin sayı çoxalıb, xüsusən ərəblər. “Ağ şəhər” də çox böyüyüb. Fürsət tapıb Atəşgah məbədinə də getdim. Tarixi abidəyə ziyarətçi sayı da artıb. Bakı bulvarında gəzmək və dənizi seyr etmək isə insana daha gözəl təsir bağışlayır.  

– Azərbaycanda səfir missiyasını yerinə yetirirdiyiniz dövrü necə xatırlayırsınız?

– Bir ölkədə səfir olmaqla qonaq getmək arasında, təbii ki, böyük fərq var. Hesab edirəm ki, Azərbaycanda səfir kimi çalışdığım dövrdə də bir tarix yazıdıq və bu tarix çox önəmlidir. 2008-2012 çətin illər idi. Bir sərhəd və bayraq böhranı yarandı, amma biz onu həll etdik. Bu, asan məsələ deyildi. Azərbaycanda da həmişə bunu deyirdim: “Biz bir ailəyik. Sınaqlar yaşaya bilərik. Amma biz sınaqlardan çıxacaq, daha da güclənəcəyik.” Belə də oldu. Bu imtahandan da keçdik, gücləndik. “Çəkişərək bərkişmək” deyə bir kəlam var. Biz çətinliklərin öhdəsindən gəlməyi bacardıq.

 

Beş ilə yaxın Azərbaycanda Türkiyənin səfiri missiyasını yerinə yetirdim. Ölkə prezidenti cənab İlham Əliyev mənə “Dostluq” ordeni verdi. Mən bu ordeni alan ilk və hələlik son Türkiyə diplomatıyam. Prezidentə: “Bu, mənim bir diplomumdur”, dedim.

  Maraqlıdır ki, mən Moldovada da səfir olanda özümü həm də Azərbaycanın səfiri kimi görürdüm. Biz iki səfir – Azərbaycan və Türkiyənin Moldovadakı səfirləri bərabər işləyirdik.

  Moldovanın paytaxtı Kişinyovda hər iki aydan bir “Vətəndaş və soydaş” adlı proqram təşkil edirdim. Bu il fevralın 25-də isə bu proqramı mənə həsr edərək vida mərasimi təşkil etdilər ki, burada isə səfir Qudsi Osmanov, Qaqauz İcmasının rəhbəri İrina Valahdan başlayaraq hər kəs iştirak edirdi.

  Mən tam olaraq türk millətimin aşiqiyəm. Bunu heç zaman da gizlətmirəm. Hətta Azərbaycana səfir vəzifəsinə öz istəyimlə getdim. Hər kəs bunu bilir, çünki açıq şəkildə deyirəm. Mən heç kimlə deyil, həyat boyu özümlə yarışdım. Kimin nə etdiyi mənim üçün maraqlı deyil. Mənim şüarım budur: “Türkiyə üçün çalışmaq Azərbaycan, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq deməkdir”.

  

Azərbaycanda mənimlə bərabər çalışan və hazırda Ankarada yaşayan insanlarla artıq neçə illərdir mütəmadi olaraq bir araya gəlir və Türkiyə və Azərbaycanın xüsusi günlərini qeyd edirik. Bunu ənənə şəklinə gətirmişik.

– İyunun 12-də Türkiyənin Əskişəhər rayonunda TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Siz də Azərbaycan prezidentinin dəvətlisi olaraq tədbirdə var idiniz. Layihənin əhəmiyyətini siz necə dəyərləndirirsiz?

– Azərbaycandan Türkiyəyə uzanan, 1850 kilometr uzunluğunda olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi iki qardaş ölkəni yenidən birləşdirdi və gücümüzə güc qatdı. Söhbət “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və buradan Avropaya daşıyacaq 3500 kilometrlik boru xəttindən gedir. Azərbaycanda səfir olduğum dövrdən başlayan layihənin hər mərhələsində iştirak etmişəm, bir növ bu tarixin şahidinə çevrilmişəm. İki dövlət arasında razılaşma 2012-ci ildə əldə edildi. Həmin vaxt Bakıda səfir idim. 2015-ci il martın 17-də layihənin Türkiyədə Qarsda təməlqoyma mərasimində iştirak etdim. Yaxınlarda isə TANAP-ın açılışında oldum. Bu cür nəhəng layihə bu qədər qısa müddət ərzində gerçəkləşdi. Buna “Enerjinin İpək yolu” deyirlər.

  TANAP-ın beynəlxalq əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycan bölgənin və Avropanın enerji təminatında mühüm rol oynayan ölkə olduğunu sübut etdi və önəmli enerji oyunçusuna çevrildi. Artıq hər kəs Azərbaycanı əhəmiyyətli ölkə hesab edir. 

TANAP-dan əldə olunan gəlirlə ölkənin iqtisadiyyatı daha da inkişaf edəcək, işsizlik məsələsinə böyük təsiri olacaq. Türkiyə ilə Azərbaycanın ortaq iradə, siyasət, güc birliyi beynəlxalq ictimaiyyət tərəfindən yenə aydın şəkildə göründü. Birlikdən güc doğur. Hamı gördü ki, bu sözlər həqiqətdir və əməldə təsdiqini tapır.

  TANAP-ın həyata keçirilməsi Azərbaycan-Türkiyə liderlərinin birgə güclü siyasi iradəsinin məntiqi nəticəsidir. Hər iki ölkə xalqı bir-birinə sevgi və hörmət yanaşır, TANAP da buna yeni bir şərait yaratdı.

  TANAP Avropanın yeni enerji dəhlizi, təbii qaz əldə edə bilməyən bəzi ölkələr üçün ümid mənbəyi oldu. Məsələn, Rumıniya, Moldova, Ukrayna kimi ölkələr təbii qazla bağlı sıxıntı çəkirdilər. Ukrayna və Serbiya prezidentlərinin də açılış mərasimində iştirakı Azərbaycanın Avropadakı önəmini daha qabarıq şəkildə önə çıxardı. Başda Azərbaycan və Türkiyə olmaqla bir çox ölkədə yeni iş imkanları yarandı, insanların gündəlik həyatına təsir etdi. Layihənin elan olunan vaxtdan daha tez başa çatması həqiqətən böyük uğurdur. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti və Bakı-Tiflis-Qars dəmir yolu xəttindən sonra TANAP layihəsinin reallaşması bizim qardaşlıq və işbirliyimizi aydın şəkildə nümayiş etdirdi.

 

Layihə Avropada sülh və əmin-amanlıq havası yaradıb. Zənnimcə, bundan sonra Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də Avropanın təsiri ola bilər. TANAP-ın reallaşması fonunda Avropanın Dağlıq Qarabağ probleminin çözümünə dəstək verəcəyini düşünürük. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Bəlkə bundan sonra Ermənistanı da bu layihələrə qoşmaq olar. Qafqaz coğrafiyasının əmin-amanlığı pozulub. İşğal altında olan Azərbaycan torpaqları qısa zamanda azad edilməli, bir milyon didərgin və məcburi köçkün öz doğma yurduna qayıtmalıdır.

– Diplomatik fəaliyyətiniz təqaüdə çıxmaqla şərəflə başa çatdı. Amma yenə ictimai fəaliyyətiniz davam edir.

– Bəli, mən bu gün Türk Dünyası Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə baş koordinatoruyam. Çox gözəl işlər görəcəyik. Fəaliyyətimdə yenə Azərbaycanın xüsusi yeri var. Bu dostluq dünyaya örnək olacaq qardaşlıq nümunəsidir. 

“Can Azərbaycan” kəlməsi dilimizdən yox, bağrımızdan çıxır. Digər türk dövlətləri ilə də Türkiyə qardaşdır, amma Azərbaycan bizim əkizimizdir.  

  Masamın üzərində Türkiyə və Azərbaycan bayraqlarının təsviri olan ürək rəsm əsəri var. Bu bayraqların ürək içində təsvir edilməsini özüm istədim. Müəllifi rəssam Vüqar Əyyubovdur. Bu rəsm əsəri mənim Azərbaycana qarşı heç vaxt azalmayacaq sevgimin isbatıdır. Çünki Azərbaycan mənim üçün doğma ölkədir.

  Bu gün Türk dünyası inkişaf edir. Özbəkistan da Türk Keneşinə (Şurası) qatıldı. Bütün bunlar türk dünyası üçün çox faydalı və önəmlidir. Millətimlə, Türkiyə və Azərbaycanla qürur duyuram. Mənim ailəm də Azərbaycan sevdalısıdır. 15 iyul demokratiya növbəsinə belə mən Türkiyə və Azərbaycan bayraqları ilə getdim. Bizim sevdamız bazara qədər yox, məzara qədərdir. Yaşasın Türkiyə və can Azərbaycan əkiz qardaşlığı!

/www.trt.net.tr/azerbaycan/