Planetimiz üçün təhlükəli 5 ay: Nələr vəd edir?

Avqust ayının 11-də Bakı vaxtilə saat 14:47-də ilin sonuncu astronomik hadisəsi – adi güntutulması olacaq.

Öncə bildirim ki, baş verəcək güntutulması daha çox planetimizin şimal hissəsini əhatə edəcək. Kanada, Qrenlandiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Koreya, İslandiya, Ukrayna, Böyükbritaniya, Norveç, İsveç, Finlandiya, Estoniya və Latviya sakinləri bu olayı adi gözlə izləyə biləcəklər (Azərbaycanda hiss olunmayacaq – S.R.). Adətən güntutulmasından 15 gün sonra prosesin “bağlanışı” kimi Ay tutulması baş verir. Lakin bu dəfə belə bir hala şahidlik etməyəcəyik. Çünki növbəti tutulmalar yalnız gələn ilin yanvarında olacaq. Bəzi astroloqlar, numeroloqlar, hətta elm adamları bu beşaylıq dövrü planetimiz üçün təhlükəli, hətta mistik ərəfə adlandırsa da, gözlənilənləri yaşamadan aydın edə bilmərik. 

Bəs ənənəvi astroloji yanaşma nə deyir, tutulma məqamında planetar quruluş və sağlıq durumu hansı müstəvidə qərar tutacaq? Suallara cavab tapmağa çalışaq.

Tutulma məqamında Ay Şir bürcündə olacaq. Belə olduqda insanlarda kefə, ləzzətə, məhəbbət macəralarına meyllilik artır. Bu dövr sağlam düşüncə, müstəqqilik və liderlik üçün münasib vaxtdır. İnsanlar həvəsə gəlir, tez-tez riskə gedirlər. Hüquqi və rəsmi işlərlə məşğul olmaq, hakimiyyətlə və nüfuzlu şəxslərlə əlaqəyə girmək, yeni işə başlamaq üçün uğurlu dövrdür. Ay Şir bürcündə olanda dostluq münasibətləri qurmaq, hədiyyə vermək, paltar və qiymətli əşyalar almaq məsləhətdir. Bununla yanaşı, tikintiyə başlamaq, qonaq qəbul eləmək və ya qonaq getmək, sərgiyə, teatra, muzeyə getmək üçün çox münasib məqamdır. Bu zaman kəsiyində maliyyə sazişləri, müqavilələri bağlamaq, təzə evə köçmək məsləhət deyil. Nikah bağlamaq, kollektiv surətdə işləmək, rəhbərliyi tənqid etmək heç bir səmərə verməyəcək.

Bu müddətdə belin (kürəyin) həssaslığı artır, ürək-damar sistemi daha zəif olur. Belə ki, ürək döyüntüləri sürətlənir və ürəyin işləməsində müxtəlif pozuntular baş qaldırır. Tez-tez yuxusuzluq, ürək və kürəkdə ağrılar əmələ gəlir. Belə vəziyyətdə müalicə edən həkimin məsləhəti ilə profilaktik ölçülər götürmək və ürəkdə gərginliyi minimuma endirmək vacibdir. Belə günlərdə təkcə ürəyin dəyişilməsi üçün planlı əməliyyata başlamaq yox, həm də ağır idman yarışlarını təxirə salmaq lazımdır. Əks halda bu vaxt qazanılmış rekordların qiyməti olduqca yüksək ola bilər – ən pis nəticə korlanmış sağlamlıq olmayacaq. İmkan daxilində Ay Şir bürcündən keçən zaman uzaq yola çıxmamaq yaxşıdır. Çünki istənilən səyahət üçün vacib olan ağır çemodan və bel çantalarını daşımaq, həmçinin orqanizmin adət etmədiyi digər başqa ağırlıqlar səyahətçinin səhhətinə neqativ təsiri göstərə bilər.

Avesta astrologiyasında isə (Günəş təqvimi) 11 avqust 24-cü Günəş gününə düşür.  Bu təqvim Günəş təqviminin ağır günlərindən biridir. Seçdiyiniz yolun doğru olub-olmadığını bir daha götür-qoy etməlisiniz. Ümid və inam yerinizin həqiqətən də möhkəm olduğunu təkrarən araşdırmalısınız. Söz və düşüncəmizdə həmişə özümüzü haqlı sanırıq. Lakin kiçik bir bədbəxtlik baş verəndə düşündüyümüz və dediklərimiz kimi hərəkət etmirik. Bununla da məyusluq və narahatlıq keçiririk.

“Avesta”ya görə, bu gün oruc tutmaq, yoxlama və sınaq günüdür, dua etmək məsləhətdir. Əşyaların sınması, itməsi, kiçik zədələr almağınız pis əlamətdir. Ətrafınızın çirkablı olması maneələrə rast gələcəyinizə işarədir. Odun, alovun sönməsi bədbəxtlik gətirə birə bilər. Üstündə əyləşdiyiniz oturacağın, çarpayının sınması dayağınızın, sütununuzun itməsi deməkdir. Sızanaqlar, qaşınmalar, həşəratların sancması ovqatınızı korlaya bilər. Üstünüzə suyun dağılması isə yaxşı əlamətdir. Yağışa düşüb ayağınızdakı palçığı təmizləmək də düşərlidir. Bu gün ev-eşiyi yığışdırmaq və ya mənzili təmir etdirmək məsləhətdir. Müalicəyə başlayıb dərman qəbul etmək də əlverişlidir. Yeni fəaliyyətə başlamaqsa olmaz. Hər bir iş planlı şəkildə görülməlidir, təxribatlara uymayın. Avestaya görə bu təqvimin himayədarı Daenadır (mənası: İnam).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:
– tutulmaya tamaşa etməyin;
– tutulma saatlarında qapalı şəraitdə olun;
– uzaq səfərə və ya səyahətə çıxmayın;
– tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;
– sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;
– maliyyə əməliyyatlarından qaçın;
– kütlə ilə hər hansı əlaqə yaratmayın;
– zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;
– pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.
Yolumuz nurlu olsun! Amin!  /cebhe.info/