Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs – Politoloq

Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib.

Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Sərkisyanın iki variantı var:

“O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq. Sərkisyan birinci varianta üstünlük verərsə, onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq. Ancaq bu variantla Qarabağdakı separatçıların hazırkı idarəçiləri razılaşmayacaq. Çünki Qarabağ separatçıları Sərkisyanı qorusa və İrəvana təhvil verməsə, Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də separatçılar üçün müsbət qərar o olar ki, Serj Sərkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.

Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyi və artıq 3 gündür Xankəndidə olduğu bildirilir.  /Axar.az/