Yəhudi nazirdən sensasiyalı açıqlama: “Hamısını öldürməliyik”

Miri Regev: “Sui-qəsd siyasətinə geri dönməliyik və onları hədəf almalıyıq”

İsrailin mədəniyyət və idman naziri Miri Regev jurnalistlərə qalmaqallı açıqlama verib. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkəsinin dinc əhalini bombalamasına səsini çıxarmayan yəhudi nazir HƏMAS liderlərinə qarşı sui-qəsdlər təşkil etməyə çağırış edib.

“Jerusalem Post” nəşrinin yaydığı məlumata görə, Regev HƏMAS liderlərinin öldürülməsini nəzərdə tutaraq bildirib: “Əgər uşaqlarımız qorxu içində yaşayırsa, onda HƏMAS liderləri də bu formada yaşamalıdır. Sui-qəsd siyasətinə geri dönməliyik və onları hədəf almalıyıq”.

Fələstinli uşaqların, qadınların illərdir qorxu və acının içində yaşamasını görməzdən gələn yəhudi nazir bildirib: “Mənə İsraildəki digər uşaqlar kimi düşərgəyə gedib, sosial tədbirlərə qatıla bilməyən uşaqların ağlasılmaz durumunu anlatdılar. Yay tətilləri belə olmamalıdır”.

Ötən gün İsrail Hərbi hava Qüvvələri Fələstin yaraqlılarının atdığı raketlərə cavab olaraq Qəzza sektorunda 140-dan çox strateji hərbi hədəfə aviazərbələr endirib. İsrail Hərbi Hava Qüvvələrinin üç hərbi uçuşu zamanı Qəzza zolağında HƏMAS hərəkatına məxsus qərargahlar, tunellər, təlim düşərgələri, silah istehsalı və anbarı məhv edilib. Fələstin rəsmilərinin məlumatına görə, aviazərbələr nəticəsində üç nəfər həlak olub.

Qeyd edək ki, ötən gün axşam saatlarında Qəzza zolağından İsrail istiqamətinə 150 raket atılıb. Bu raketlərdən 25-i “Dəmir Günbəz” raket kompleksi tərəfindən zərərsizləşdirilib.

İyulun 19-da isə İsrail parlamenti ölkənin “Yəhudi xarakteri haqqında” Konstitusiya qanunu qəbul edib. Qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.

Yeni qanun İsraili “Yəhudi xalqının milli evi”, yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə “xüsusi status” verilir.

“Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir” — deyə baş nazir Benyamin Netanyahu bildirib.

Qanun layihəsi İsrail Knessetində olan 120 deputatdan 62-nin dəstəyini alıb, 55 nəfər isə əleyhinə səs verib. İki deputat fikir bildirməkdən imtina edib. Səsvermə zamanı İsrail parlamentində qalmaqal da yaşanıb. Belə ki, hakim koalisiya səsvermə zamanı qanunu alqışlayıb, ərəb deputatlar isə demonstrativ qaydada sənədi cırıblar.

Qeyd edək ki, hazırda İsrail əhalisinin sayı 8 milyondur. Onun da 20%-ni ərəblər təşkil edir. Onlar da çoxluq təşkil edən yəhudilər kimi hüquqlara malikdirlər, lakin tez-tez faktiki diskriminasiyadan şikayətlənirlər.

“Biz ölkənin ərəb sakinləri Netanyahu və onun əlaltılarının qəbul etdikləri irqçi qanunlarla mübarizə aparırıq. Biz Netanyahunun burnunun dibində, onun qəzəbindən qorxmayaraq öz ölkəmizdə yaşayıb, inkişaf edəcəyik” — deyə Knessetin Birləşmiş Ərəb siyahısından olan deputatı Səid əl-Harumi bildirib.

Ərəblərlə yanaşı, qanun layihəsinin əleyhinə mərkəzçi və solçu sionist partiyalar da səs veriblər. Yeni qanun layihəsində İsrailin gerbi, himni, bayrağı və bayramları yer alıb.   /sputnik.az/