Kimlər təhsil haqqından azad edilir? – SİYAHI

Ali məktəbə qəbul olanların düşündüyü suallardan biri də kimlərin təhsil haqqından azad olması ilə bağlıdır.

Turkustan.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəməkdən azad olanların siyahısını təqdim edib:

“Dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqqından azad olanlar:

1.Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər (Ancaq dövlət təhsil müəssisələrində).

2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının

Qanununa əsasən
1. Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
2. Hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.    /Cebhe.info/