Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”

“Millətimizi parçalaya,  azanlarımızı susdura,  bayrağımızı endirə, dövlətimizi yıxa  bilməyəcəksiniz. Hədəflərimizə çatmağa mane ola bilməyəcəksiniz. Çünki biz Türkiyəyik, müsəlmanıq, türk millətiyik. Biz insanlığın ortaq səsi və vicdanıyıq”.

Turkustan.info  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib.  

O bildirib ki,  zahirdə özünü strateji müttəfiq kimi göstərib, lakin atdığı hər addımda Türkiyəni strateji hədəf halına gətirməyə çalışanlara təslim olmayacaqlar:

“Türkiyənin inkişafını istəməyənlər ölkədə çevrilişə cəhd ediblər. Biz qurulan oyunlara boyun əymirik,  oyun quran xarici siyasət yaratmışıq.

Türkiyənin sərhəd təhlükəsizliyi üçün başlatdığımız  əməliyyatları  davam etdirəcəyik”.

R.T.Ərdoğan  həmçinin qeyd edib ki, Türkiyə bu gün  140 ölkəyə film ixrac etməklə dünyada ABŞ-dan sonra ikinci yeri tutub: “Oktyabrın 29-da İstanbulda dünyanın ən böyük hava limanını açacağıq. Bu hava limanının sərnişin dövriyyəsi ilk olaraq 90 milyon, 2023-cü ildə isə 150 milyon nəfər olacaq”.    /Modern.az/