Qurbanlıq bazarı: Bir kiloqramı 6 manata… – FOTOLAR

Bakı şəhəri və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb. Bayram günlərində 35 min qurbanlıq heyvanın satışa çıxarılacağı gözlənilir. Qiymətlərin əvvəlki illərlə müqayisədə sakinlərin büdcəsinə uyğun olacağı deyilir.
Turkustan.info-nun AzVision.az-a istinadən əməkdaşları qurbanlıq heyvanların satış məntəqələrinə baş çəkərək qiymətlərlə və mövcud şəraitlə maraqlanıblar. 

Təbriz və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən satış məntəqəsi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Müxtəlif rayonlardan gəlmiş təsərrüfat sahibləri 1500-2000-ə yaxın xırda buynuzlu heyvanı satışa çıxarıb.

“Qoç ət” fermer təsərrüfatının şöbə müdiri İntiqam Təhməzov onlar üçün yaradılan şəraitdən razılığını ifadə edib. O, bildirib ki, bayram günü bazara 500-ə yaxın heyvan çıxaracaqlar.

“Təşkilatçılıq çox yüksək səviyyədədir. Yaradılmış vəziyyətdən razıyıq. Bura 400 -500 baş heyvanı satışa gətirmişik. Hamısını bir-bir həkim nəzarətindən keçirmişik. Sağlamlıq problemləri olmayan heyvanlardır. AğcabədiBeyləqanBərdə rayonlarında öz kəndli fermer təsərrüfatımız var. Hamısı oradan gətirilib”. 

Şöbə müdiri qurbanlıq heyvanların qiymətini açıqlayb: “Diri heyvanın bir kiloqramını 6 manata satırıq. Kəsilmiş və doğranmış halda isə kiloqramı 11 manatdır. Hamısı altı aylıq və bir yaş arasında olan heyvanlardır. Məntəqədə nə satıcı, nə də alıcı problem yaşayır. Əsas satış sabahdan başlayacaq. Amma bu gün də satış var”. 

Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq şöbəsinin həkimi Ramiz Əsgərov bildirib ki, Bakışəhərində 34 satış məntəqəsi fəaliyyət göstərir. 

“Məsləhət görərdim ki, sakinlər icra hakimiyyətinin təyin etmədiyi yerlərdən alış etməsinlər. Çünki həmin ərazilərdə heyvanların sağlamlığından xəbərimiz olmur. İndi mərkəzləşmiş formada satışa üstünlük verilir. Burada hər bir şərait var. Həm kəsim gedir, həm də diri heyvanlar satılır. Kanalizasiya sisitemi normaldır. Su axır, təsərrüfat işçiləri anındaca tökülən qanı təmizləyirlər. Təmizlikdən çox razıyam. Antisanitariya əlaməti yoxdur”.

Məntəqələrə müxtəlif rayonlardan heyvanların gətirildiyini deyən agentlik rəsmisi xəstə heyvanların kəsiminə icazə verilmədiyini söyləyib: “Bizə heyvanların sağlamlığı barədə arayış gətirənlər də olur, gətirməyənlər də. Ancaq biz yenə də heyvanlara baxırıq. Əgər heyvanda şübhə varsa, kəsimdən uzaqlaşdırırıq . Həmçinin kəsilən heyvanlara da baxırıq. Qəssablara demişik ki, şübhəli ət olarsa, bizə dərhal xəbər etsinlər”.

R.Əsgərovun sözlərinə görə, sağlam heyvanı xəstə heyvandan ayırmaq olur: “Bizim Bakışəhərində fəaliyyət götsərən 9 laboratoriya maşınımız var, onlara analizləri təhvil veririk. Satışa gətirilən heyvanlarda limfa vəzilərinin böyüməsi və ya daxili qanaxma kimi hallar ola bilər. Qarayara xəstəliyi zamanı daxili qanaxma olur. Ona görə də heyvanlara mütləq diqqət edilməlidir ki, insanlar bu xəstəliklərə yoluxmasınlar”.