Bu da Rusiya – Ermənistanda hərbi-sənaye müəssisələri yaradacaq!!!

Rusiyada keçirilən “ARMI -2018” beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.

Sazişə əsasən, Rusiyanın “Kalaşnikov” avtomatlarının ən yeni növləri – “AK-12” və “AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələri yaradılacaq. 

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb. O bildirib ki, bu müqavilə Ermənistan Silahlı Qüvvələrinin effektiv silahlanmasına, həmçinin ölkədə yeni iş yerlərinin açılmasına imkan verəcək. 

Qeyd edək ki, müqavilənin dəyəri və lisenziya üzrə istehsal olunacaq “Kalaşnikov” silahlarının həcmi barədə məlumat verilmir. 



/AzVision.az/