Fenomenal ədib – Qəzənfər Paşayev

(27 avqust  Qəzənfər Paşayevin doğum günüdür)

Aynurə Əliyeva

Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti 

     Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb solan payızlıarı, əsrarəngiz qışları var. İnsan dünyasını dəyişdikdən sonra ömrünü həyatda qalanların xatirəsində davam etdirir. Bunun üçün ölməzdən əvvəl insana ölməzlik gətirən işlər, əməllər, ad-san qazanmalısan. Ən azı səni sevənlərin xatirəsinə layiq olmalısan. Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Xatirəni şəxsiyyətlər yaradır və yaşadır. Dəqiq desək xatirəni yaratmaq və yaşatmaq üçün Şəxsiyyət olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev ədəbi-içtimai mühitdə sayılb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir. O, elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan alimidir. Qəzənfər Paşayev dilçilər mühitində dilşünas, ədəbiyyatşünaslar arasında ədəbiyyatçı, xarici dil və ədəbi əlaqələr mütəxəssisləri arasında rus, ingilis və ərəb dillərinin mötəbər bilicisi, tərcüməçi kimi nüfuz sahibidir. Yaşı səksəni adladığına baxmayaraq, Qəzənfər müəllim yorulmaq nə olduğunu bilmədən aktual mövzularda səmərəli araşdırılmalar aparan, əldə etdiyi maraqlı nəticələri ilə fərqlənən bir tədqiqatçı, öhdəsinə götürdüyü işə həmişə böyük məsuliyyət duyğusu ilə yanaşan, fəal vətəndaşlıq mövqeyində ardıcıl olan Azərbaycan ziyalısıdır. Q. Paşayev təkcə özü üçün yox, başqaları üçün də yaşamağı bacaran açıq ürəkli, səmimi və səxavətli bir şəxsiyyətdir.  Qəzənfər Paşayev həm sağlında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran xeyirxah Tanrı bəndəsidir. Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə xas bir dünya tamahsızlığı var. Adı keçən bu insan övladlara, nəsillərə, tükənməz örnəkdir. İllər keçəcək, Qəzənfər Paşayevin kitabları öz qəhrəmanları ilə birlikdə yeni nəsillər üçün mənalı bir dərsliyə, şəxsiyyətlər haqqında ensiklopediyaya çevriləcək, üzərindəki imzanı nəsillərin yaddaşına həkk edəcək.

  Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düzqırıxlı kəndində doğulub.1962-ci ildə Bakıda Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər dastanı” (1972), “İraq kərkük atalar sözləri” (1978), “İraq kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987), “Nəsiminin İraq divanı” (1987), “İraq Türkmən folkloru” (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevin “Altı il Dəclə və Fərat sahillərində” kitabı da oxucular arasında ona böyük uğur qazandırdı. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu. İraqda tərcüməçi işləmiş Qəzənfər Paşayev (1962-1966;1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005), eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçisi işləmişdir.  Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların-İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, professor M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi-nəzəri məcmuə” sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub. Pedaqoji və elmi kadrların hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Uzun müddət Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.

     Q.Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir. 2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.

       Türkiyə xaricindəki türk xalqlarına mənsub elm və fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının həcmi və səviyyəsi danılmazdır.  Hətta bəzi sahələrdə aparılan tədqi-qatların dərinliyinə nəzər salındıqda, onların Türkiyənin özündə belə bənzəri çətin tapılar. Ancaq 1990-cı ilə qədər siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında qalmışlar. Çünki burada Türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu. Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə də, ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində altı il İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi vaxt, gecəsini gündüzünə qataraq İraq türkləri barədə folklor materialları toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz etmiş, çox zəngin bir kolleksiya ilə məmləkəti Azərbaycana dönmüşdü. Həmin tarixdən sonra bir ipliyə inci dənələri düzən kimi, qiymətli kitablarını sıralamağa başlamışdır. Qəzənfər Paşayevin yüzlərlə məqaləsi, səksəndən çox kitabı, kərpic-kərpic yeddicildliyə sığmayan yeddi cilddən ibarət “Seçilmiş əsərləri” mövcuddur. Onun qələmə aldığı bütün əsərlər həmişə ədəbi, elmi sferanın diqqətini cəlb etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir… Çünki Qəzənfər müəllimin müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət daşına çevrilmiş əsəridir… Tayı-bərabəri olmayan bu əsəri milyonlar oxudu. Bu əsər Q.Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Bülbülün “Sənsiz” i, Səməd Vurğunun “Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev” portreti, Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”, Məmməd Arazın “Dünya sənin, dünya mənim” i, Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri kimi.”

 “Altı il Dəclə-Fərat sahillərində” kitabı filologiya elmləri namizədi Q.Paşayevin altı illik müşahidə və tədqiqatının nəticəsi olan bu kitab qədim mədəniyyətin beşiyi İraq və iraqlıların dünəni, bu günü, adət-ənənəsi, içtimai həyatı, inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə oxuduğu

                             Evlərinin önü yonca,  

                             Yonca qalxıb dam boyunca…

misralı məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək bizi silkələdi. Ötən əsrin 80-ci illərində Q.Paşayevin ən böyük tirajla (130 min) çap olunmuş “Altı il Dəclə-Fərat sahillərində” adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət salnaməsi olan   kitabı əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı. Qapalı bir mühitdə-sovet quruluşunun ağır diktələri və rejimi altında yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz idik. Məhz Q.Paşayevin bu kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər də iraq olmayan ölkədə, İraqda dilimizdə danışan İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz professor Q.Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq. Bizi təccübləndirən təkcə bu xəbər deyildi, bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Q.Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq yanğısı, milli təəssübkeşliyi və cəsarəti idi. O zaman Q.Paşayev bizim üçün bir əfsanəvi insana çevrilmişdi. Q.Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi işi təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində” 1996-cı ildə Bağdadda ərəbcə nəşr olunmuş və bu ölkədə böyük ədəbi hadisəyə çevrilmişdi.

Müəllifin “İraq-türkmən folklorunun janrları” kitabı da həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. “İraq-Türkmən ləhcəsi” araşdırmasıda böyük rəğbətlə qarşılanıb. Kərkükdə yaşayıb-yaradan söz adamları haqqında professor Q.Paşayevin müxtəlif yazılarını oxumuşuq. Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s. kitabları ədəbiyyatımızın zənginləşməsinin bu yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin belə adlandırmışdır: “İraq bizə iraq deyil”. Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların yaxın olmasını, o cümlədən İraqın bizə iraq yox, daha da yaxın olmasını arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına qüvvəsi çatdığı qədər kömək göstərməlidir. “Altı il Dəclə-Fərat sahillərində” əsəri də məhz belə nəcib bir niyyətlə oxuculara təqdim olunur.

   Professor Q. Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı ömrünü xalq, millət, elm, mədəniyyət və dövlət yolunda fədakarlıqla həsr edib, bu dünyadan ləyaqətlə köçənlərə həsr olunub.  Bu dəyərli kitabın bir məziyyəti də ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında yazmağa mənəvi haqqı olan insandır.

Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.

                          Sağlığnda qiymət verin insanlara,

                          Sağlığnda yaxşılara yaxşı deyin.

                          Sağlığnda yaman deyin yamanlara.

Qəzənfər Paşayev hər bir insanın həm sağlığında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran biridir.

İstedadlı şəxsiyyət Q.Paşayevin “Ədəbi məktublar”  kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir.

       Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). Məncə Q.Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün bir müdriklik zirvəsi də keçildi, 81 yaş arxada qaldı. Qarşıda isə yeni zirvələr, yeni yaradıcılıq üfüqləri… Bu zirvələr də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm adamı Qəzənfər Paşayevi 81-illik yubileyi münasıbəti ilə təbrik edək, ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək. Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!