Ustad və cəsarətli sənətkar- Seyfəddin Dağlı

(27 avqust S.Dağlının doğum günüdür)

Aynurə Əliyeva

Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

     Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi  ilə döyünsün. Yaşadıqlarını,  gördüklərini, səmimi duyğularının dili ilə kağıza köçürsün. Sevilib, seçilsə də, sənətdə yüksəklərə ucalsa da, yenə qəlbinə, ruhuna xəyanət etməsin. Seyfəddin Dağlıda bu müsbət xüsusiyyətlərin hər biri var.

     Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci ilin avqustun 27-də Xızıda dünyaya göz açmışdır. O, 13-günlük olanda anası Qəmər vəfat edib. Kənddə hansı qadının balaca uşağı varmışsa, körpəni aparırmışlar onun yanına ki, süd versin. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata-babası Bəhlul kişinin ümidinə qalıb. Bir müddət sonra Seyfəddinin atası ailə qurub. Balaca Seyfəddini yenə əvvəlki kimi babası saxlayıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə bu şəhərdə oxuyub. Seyfəddin gözünü açıb babasını görmüşdü. Ona həddindən artıq bağlanmışdı. Ancaq taleyi babasını da ona çox gördü. Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişdi. O, atasıgillə yaşamağa başladı. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəlmişdi: iki oğlan, üç qız. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma hər halda, heç kim doğma ananın yerini verə bilmir. İlk əmək fəaliyyətinə hələ tələbə ikən “Kommunist” və “Ordu” qəzetlərində müxtəlif vəzifələrdə işləyərək başlayıb. Dövlət Radio Komitəsində baş redaktor (1956-1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktor işləyib. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı”adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları ilə  geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri   Akademik Dram Teatrı, Gənc tamaşaçılar teatrında dəfələrlə tamaşaya qoyulub. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

   Müasir Azərbaycan nəsrinin sevilən imzalarından biri-Seyfəddin Dağlı haqqında danışmaq  bədii sözün sirlərinə bələdlik və zehni intelektuallıq tələb edir. Ədəbiyyatımıza bir sıra dəyərli dram əsərləri, romanlar, povestlər, çoxlu sayda hekayə, yumoristik  novellalar və tərcümələr bəxş etmiş yazıçının bədii dünyası zənginliyi və təkrarsızlığı ilə diqqəti çəkib. Onun əsərlərində hər şey canlı təsir bağışlayır, inandırıcı görünür,  insanı sehrinə salır, ovsunlayır, gülüş doğurur. Sözün dəyərini və çəkisini bildiyi üçün o, gərəksiz yerə yazmır, yazdıqlarının arxasında bəlli bir məram və niyyət durur. Bütün zamanlarda, istisnasız olaraq, yazıçının bədii qüdrəti ilə yanaşı, onun şəxsiyyəti, kimliyi, mövqeyi maraq doğurub, mübahisə obyektinə çevrilib. İnanırıq ki, daima, qərinələr ötsə belə onun əsərləri geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək, dəyişən, yeniləşən zamanla birlikdə təzəliyini, təravətini qoruyub saxlayacaqdır…

    Tanınmış yazıçı  Seyfəddin Dağlı ( Abbasov) ədəbi fəaliyyətə hələ tələbə ikən otuzuncu illərin sonlarında oçerk və felyetonlarla başlamışdır. Böyük vətən müharibəsi illərində orduya çağrılmış, həm də hitlerçilər əleyhinə felyetonlar və satirik hekayələrlə çıxış etmişdir. Sovet Ordusu sıralarında İranda olarkən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayələrini sonralar Bakıda “Məşəl” kitabında (1950-ci il) nəşr etdirmişdir. Daha sonra yazdığı satirik əsərlər “Hekayələr” (1956), “Sabiqlər” (1960), “Göyçək oğlan” (1965) kitablarında toplanmışdır. Oxuculara   təqdim olunan kitaba daxil edilmiş “Vergülağa Nöqtələrov”, 1956-cı ildə “Azərbaycan” jurnalında, “Absətələni avsayt öldürdü” povesti isə 1965-ci ildə “Bakı” axşam qəzetində dərc olunmuşdur. Bu əsərlərdən birincisi “Karyera Noqtalorova” adı ilə Moskvada “Sovetsi pisatel” nəşriyyatında rus dilində nəşr edilmişdir. Həmin ildə “Pravda” nəşriyyatında “Biblioteka Krokodila” seriyasından yazıçının hekayə və felyetonları da kütləvi tirajla rus dilində ayrıca kitabça şəklində buraxılmışdır. S.Dağlı qeyri-satirik əsərlər də yazır ki, bunlardan böyük azəri dramaturqu Cəfər Cabbarlıya həsr olunmuş “Bahar oğlu” və Cənubi Azərbaycan qadınlarının ağır həyatından bəhs edən “Gəcil qapısı” romanlarıdır. Dramaturgiya sahəsində də qələmini sınayan S.Dağlının “Aydınlığa doğru” dramı və “Adı sənin, dadı mənim” satirik komediyası tamaşaya qoyulmuşdur. “İpək və gül” (1971) kitabı hekayələr toplusudur. Kitab satirik, eyni zamanda tərbiyəvi xarakter daşıyır. S.Dağlının digər kitabında “Yaylaq qayğıları” (1974) roman-felyetonu ilə bərabər yazıçının son illərdə yazdığı yeni hekayələri də toplanmışdır. Əsərlərin bir qismində müasirliyimizin yüksək əxlaqi keyfiyyətləri, yaxşı adamların yaxşı əməlləri qələmə alınmış, digər qismində-xüsusən satirik hekayələrdə isə cəmiyyətimizə yad ünsürlərin eybəcər sifətləri tənqid və gülüş hədəfinə çevrilmişdir. 1971-ci ildə nəşr edilmiş “Aldada bilməzsən” kitabından sonra 1988-ci ildə “Şirin duz” kitabı işıq üzü görmüşdür. Kitabda eyni adlı roman geniş oxucu kütləsinin məhəbbətini qazanmış mərhum yazıçımız Seyfəddin Dağlının son əsəridir. Müəllif əsəri ölümündən bir qədər əvvəl başa çatdırmışdır. Roman Böyük Vətən Müharibəsindən sonra zəhmət meydanında gedən gərgin mübarizə, Muğan düzünün şoran torpaqlarının yararlı hala salınması, insanların həyat tərzində, daxili aləmində baş verən dəyişikliklərə, yeni həyat uğrunda mübarizəyə həsr olunmuşdur. S.Dağlınınn 1981-ci ildə nəşr olunmuş “Mənziliniz mübarək” kitabı povestlər, pyes və hekayələr toplusudur. Yazıçı-dramaturq Seyfəddin Dağlı satirik, yumorlu, duzlu hekayətləri, eləcə də teatrlarımızda tamaşaya qoyulan komediyaları ilə oxucu və tamaşaçılara yaxşı tanışdır. Onun bu kitabında müasir həyatımızı əks etdirən pyesləri, şahlıq rejimi dövründə İran xalqının məşəqqətli həyatının və son illərdə coşan milli-azadlıq hərəkatının təsvirini verən nəsr əsərləri toplanmışdır. Əsərləri sevilə-sevilə oxunan görkəmli yazıçı-dramaturq S.Dağlının “Məşəl yanır” kitabında Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatını, mübarizə yolunu əks etdirən hekayələri,“Türkiyə novellaları”, “Absətəli avsaytdadır” yumoristik povesti və “Gəcil qapısı” romanı daxildir. Seyfəddin Dağlının özünəməxsus yaradıcılıq üslubu, yadda qalan canlı obrazları, dadlı-duzlu yumoru, dilinin saflığı və səlisliyi onun əsərlərini fərqləndirən əsas keyfiyətlərdir. Görkəmli yazıçı Seyfəddin Dağlının 1991-ci ildə nəşr edilmiş “Seçilmiş əsərləri” oxucular tərəfindən rəğbətlə qarşılanmış kitablarındandır.Kitabda onun satirik və yumoristik əsərlərindən nümunələr böyük sənətkarımız Cəfər Cabbarlının ömür yolunu əks etdirən “Bahar oğlu” romanı daxil edilmişdir.

Seyfəddin Dağlı bizim XX əsr ədəbiyyatımızda bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu daha böyük müqəddəs məktəbi var.  Seyfəddin Dağlı elə sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və zəngin olur.  Yaradıcılığa əslində şeirlə başlayan  Seyfəddin Dağlı məşhur şair olmasa da, duzlu-məzəli misralar yazmışdır. Hətta ustad bəstəkarımız  Cahangir Cahangirov onun neçə-neçə şeirinə musiqi bəstələmişdir. Amma  S. Dağlı ədəbi aləmdə satirik   hekayələr ustadı, gözəl felyetonçu və publisist kimi qəbul olunurdu.

   Dramaturgiya sahəsində də qələmini sınayan müəllifin bir neçə pyesi teatrlarda tamaşaya qoyulmuşdu. Uzun müddət repertuardan düşməmiş, televiziya kanallarında maraqla izlənmişdi. 1956-1959-cu illərdə Dövlət radio komitəsində baş redaktor, sonra “Bakı” telestudiyasının direktoru və sədr müavini işləmişdir. Seyfəddin Dağlı  uzun müddət “Kirpi” siyasi-satira jurnalının baş redaktoru olmuşdur.1980-cı ilin mayından ömrünün sonunadək “Yazıçı” nəşriyyatında redaktor işləmişdir. Seyfəddin Dağlı 1983-cü ildə dünyasını dəyişmişdir.  Olduqca həssas, dərin yazıçı müşahidəsinə malik olan Seyfəddin Dağlı öz satirik hekayələrində kimlərə gülürdü? İlk növbədə fırıldaqçılara, hiyləgərlərə, rüşvətxorlara. Onun tənqid hədəfləri öz müasirləri idi. Bir müəllif kimi satirik hekayələrində çox aydın, sadə bir dillə və məharətlə mənfi tipləri gülüş hədəfinə çevirərək onları bu yolla islah etməyə calışırdı. Seyfəddin Dağlı “Rüşvətdar” adlı hekayəsində sadəcə gülməli vəziyyətdə təqdim etmir, həm də onun vəziyyətinə bir növ ağlayır. Əli rüşvət verməyə alışmış bu tipin ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır.

    Seyfəddin Dağlı  dramaturq kimi də yazıb-yaratmışdır. Müəllifin “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, və başqa dramları respublikamızın başqa teatrlarında tamaşaya qoyulmuşdu. 1979-cu ildə onun ssenarisi əsasında  “Bahar kimi solmaz” filmi də çəkilmişdi. Çoxcəhətli yaradıcılığı ilə seçilən Seyfəddin Dağlı müntəzəm surətdə xarici ölkə ədəbiyyatının nümunələrini dilimizə çevirirdi. Digər bir tərəfdə isə onun öz əsərləri müxtəlif dillərə tərcümə edilirdi. Onu keçmiş sovetlər ittifaqının bütün müttəfik respublikalarında yaxşı tanıyırdılar və əsərlərini sevə-sevə oxuyurdular.

  1. Dağlı sağ olsaydı, bu gün onun qələmə aldığı mövzular daha rəngarəng, daha maraqlı səslənərdi. Sovet hökumətinin ağır təzyiqlərinin və məhdudiyyətlərinin hökm sürdüyü bu dövrdə quruluşun diktəsindən doğan nöqsanlara gülmək, qüsurları dilə gətirmək, ziddiyyətli həyat tərzini təsvir etmək yazıçıdan böyük cəsarət, qətiyyət tələb edirdi. Seyfəddin Dağlı sözün həqiqi mənasında ustad və hünərli sənətkar idi. O, sözünü elə məqamda, elə tərzdə məharətlə  deməyi bacarırdı  ki, hətta ondan narazı qalan da ciddi şəkildə öz etirazını bildirməyə cəkinərdi.  

     Yazıçı bu fəaliyyətini “Kirpi” jurnalında da çox məharətlə davam etdirmişdir. Onun redaktorluğu ilə nəşr olunan bu satirik jurnalın səhifələrində elə qəm dolu gülüş, qəhqəhəli faciə notları tapmaq olur ki, bir daha bu böyük sənətkarın yazıçılıq, jurnalistik qüdrətinə məftun kəsilirsən. Seyfəddin Dağlı novella ustası, böyük türk satiriki Əziz Nesinlə uzun müddət dostluq etmişdir. Dəfələrlə hər iki ölkədə görüşdən sonra onların dostluğu daha da möhkəmlənmişdi. Bütün söhbətlərində Əziz Nesin bildirirdi ki, məni Azərbaycana çəkən, ona vurğun edən Seyfəddin bəy olub… Əziz  Nesin türk ədəbiyyatı üçün hansı xidmətlərin sahibidirsə, Seyfəddin Dağlı da Azərbaycan ədəbiyyatında həmin statusa malik görkəmli yazıçıdır.

  1. Dağlı ömrü boyu sadə, təvazökar olub. İşi, peşəsi isə ancaq yazmaq, yaratmaq olub. O, nə hansısa təltifi gözləyib, nə də mükafat barədə düşünüb. Yazıçının ən böyük mükafatı xalqı tərəfindən sevilməyidir. Məzmunlu və dəyərli əsərləri ilə Azərbaycan ədəbiyyatında əbədi yer tutmuş Seyfəddin müəllim gözəl yaşadı, heç kimə əziyyət vermədən gözünü yumdu, xəyal oldu, həqiqət adlı bir nağıla çevrildi. Seyfəddin Dağlını tanıyanların xatirələrində onun işıqlı obrazı belə boylanır. “Qələm tutan barmaqları düyün-düyün idi. İllər boyu bu düyünlü barmaqları müşahidə etmişdim və onlara həsəd aparmışdım. Bu düyünlər üç günün, beş günün deyildi. Əlinə qələm aldığı vaxtdan qabarlanıb düyünə dönmüşdü o barmaqlar… Vərəqlər onun tarlası,  qələm xışı, kotanı idi” (Ağasəfa). Buna görə də səpdiyi toxumlar göyərirdi…

Ötən əsrin ortalarında yazıçının qələminin odu elə sönməz oldu ki, onun hər parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Bir vaxt bu dünyada var olmuş Seyfəddin Dağlını unudulmağa qoymadı. Əslində, bu işıq payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara əbədi ərməğanı oldu. 

    S.Dağlı çox az yaşadı, ömrünü başa vurduqdan sonra  xəyal oldu, həqiqət adlı bir nağıla çevrildi. Lakin bu gündən onun ikinci ömrü başladı. Daha uzun ömrü… Sənətkar ömrü, bizim ürəyimizi köz-köz yandıran xatirə ömrü, dost ömrü, həqiqi insanlıq ömrü…