Şou-biznesin yeni “razborşik”i Manaf Ağayev – Diz çökdürür…

Bir neçə həftədir ki, Azərbaycan şou gündəmini Manaf Ağayevin açıqlamaları zəbt edib. Turkustan.info xəbər verir ki, ifaçının Mətanət Əsədovanın içkili videosunu yayanları taparaq diz çökdürməsi, Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Şəhriyar Məmmədyarova sponsor olmaq istəyi, onu tənqid edəni görüşə çağırıb, daha sonra üzr videosunu paylaşması sosial şəbəkələrdə də rezonans doğurub. 

Əvvəlcə, müğənni Mətanət Əsədovanın qonaq olduğu proqrama telefonla bağlanaraq “Həmin adamları tapıb, gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər” deməsi etirazla qarşılandı. İddia olundu ki, Ağayev şəhid anasını xanım ifaçının qarşısında diz çökdürüb. 

Daha sonra Manaf video paylaşaraq dediklərini təkzib edib və bildirib ki, “dizçökdürmə” hadisəsi baş verməyib. 

Müğənni ilə bağlı sosial şəbəkələrdə məsxərəyə qoyulan ikinci hadisə isə qrossmeyster Şəhriyar Məmmədyarovun “mənə sponsor tapılmır” açıqlamasından sonra baş verib. Manaf isə Şəhriyar Məmmədyarova maddi dəstəyə hazır olduğunu deyib.

Son olaraq Ağayev onu tənqid edən, jurnalist olduğu deyilən Mirismayıl Xələfovla görüş videosunu yayıb. 
Həmin görüntülərdə M. Xələfov ifaçıdan üzr istəyib.    

Manaf Ağayevin sözügedən davranışları sosial şəbəkələrdə dəfələrlə sərt tənqid olunub. Şou-biznesin bütün “razborka”larına “ağsaqqal”lıq edən Ağayev problemləri polislə deyil, elə öz üsuluyla həll etməyi üstün tutur.  /Qafqazinfo/